Qurban Qurbanov: ''Qriqorçuka dəyər vermək lazımdır''

“Matçdan əvvəl yaxşı oyun sərgiləməyi düşünmüşdük. Maraqlı oyun alındı. Meydanda iki yaxşı komanda var idi. Futbolçularımda arxayınlıq hiss etmirəm. Qarşıda oyunlarımız var. Ritmi qoruyub saxlamağa çalışmalıyıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 34-cü turunda "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirdiyi mətbuat konfransında deyib.
-Riçard Almeydanı əvəzləməyiniz nə ilə bağlı idi?
-Onun ayağında xroniki zədə var. Almeyda özü əvəzlənmək istədi. Düşünürəm ki, durumu ciddi deyil.
-Əsas heyət oyunçularının zədə almasından ehtiyat etmirsiniz?
-Ehtiyatlanıram. Düşünürəm ki, bundan əvvəlki matçlarda bəzi oyunçulara istirahət vermişdim. Bu işi planlaşdırılmış şəkildə davam etdiririk. Oyundan sonra statistikalara baxırıq və buna uyğun hərəkət edirik.
-Armenteros yayda komandadan göndərilə bilərmi?
-Armenterosdan daha öncə  çox istifadə edirdik. Onun müqaviləsi yayda başa çatır. Hələ ki, Armenterosu göndərmək barədə düşünmürük. İndi bizi qarşıdakı oyunlar düşünüdürür. Armenterosla bağlı hər hansı fikir bildirə bilmərəm. Çalışırıq ki, bütün oyunçularımızdan istifadə edək.
-Roman Qriqorçuk “Qəbələ” azarkeşlərini satqın adlandırdı. Siz də istefaya səsləsələr, belə hərəkət edərsiniz?
-Roman Qriqorçukun işinə hörmətlə yanaşmaq lazımdır. Çox yaxşı mütəxəssisdir. Məncə onun “Qəbələ”dəki işlərini unutmaq lazım deyil. Bu gün əsas oyunçularının xidmətindən istifadə edə bilmirdi. Onun kimi məşqçiyə dəyər vermək lazımdır. Mən komandamı “Qəbələ” ilə oyunlara daha yaxşı kökləyirəm. Belə bir məşqçidən daim sürpriz gözləmək olar. Azarkeşlər klubun bir hissəsidir. Narazılıqları öz aralarında həll etməlidirlər. Dünyanın hər yerində azarkeşin istefa şüarı var. Dediyim kimi, məşqçiyə hörmətlə yanaşmaq lazımdır. Mən də istəmərəm ki, hər hansı məşqçi haqqında belə bir fikir səsləndirsin. Düşünürəm ki, qarşıdakı oyunlarda bir olacaqlar. Qriqorçuka hörmət edirəm və ona uğurlar arzu edirəm. Səbrli olub qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıdırlar.
-Əl Hərbini “qara siyahı”ya salmamısınız?
-Bizimlə müqaviləsi var. Hələ də heç kimin gələcəyi haqqında qərar verməmişəm. Dediyim kimi, əlimdə futbolçu çoxluğu olması mənim üçün əlavə üstünlükdür.