​Qumarda 270 min uduzan eks-deputatın şok biznes imperiyası - ÖZƏL

 
Sabiq deputat və "kredit oliqarxı” Fərhad Qəribovun kazinoda çəkilmiş videosundan sonra biznes imperiyası gündəmə gəlib
 
Politika.Az qumarda 270 min dollar uduzan keçmiş millət vəkilinin biznes obyektlərinin siyahısını əldə edib.
 
Fərhad Qəribov Milli Məclisin biznesmen deputatlar sırasında yer alır. Debutbank müflis olsa da deputatın hələ də Bakıda ("Çıraq Plaza”, "Şəki” restoranı və s.) və Kürdəmirdə, eləcə də ərəblərlə ortaq biznes obyektləri haqqında məlumatlar var.
 
Fərhad Qəribovun adı ilk dəfə Kürdəmirdəki Şirə zavodu – "Qelios” Məhdud Məsuliyyətli Cəmiyyəti ətrafındakı qalmaqalda hallanmışdı. Həmin qalmaqallı günlərdə deputat Qəribov mətbuata açıqlamasında bu zavodun onun qohumlarına məxsus olduğunu söyləsə də, konkret ad hallandırmamışdı.
 
Ancaq rəsmi məlumatlarda Nizamnamə kapitalı 11 655 010 AZN olan "Qelios”un direktorunun depuatın ortancıl oğlu Zöhrab Qəribov olduğu göstərilir. Bu şirkət ətrafında qalmaqalın böyüməsinə səbəb isə deputatın oğlundan sonra ikinci maddi məsul şəxs hesab olunan baş mühasib Nadir Kərimovun müəmmalı ölümü olmuşdu.
 
Politika.Az xəbər verir ki, deputatın oğluna məxsus olduğu bildirilən «İrşad Electronics»in mövqeyi əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Belə ki, şirkətin satış göstəricilərinin və idxal qabiliyyətinin aşağı düşdüyü bildirilir. Bu səbəbdən şirkət bir neçə işçisi ilə yollarını ayırıb.
Yada salaq ki, deputat Fərhad Qəribovun bankı vasitəsilə dövlətin 2,96 milyon manatı mənimsənilib.
 
Bunu Baş Prokurorluq yayıb. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, "Debüt” Kommersiya Bankı ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
Araşdırma zamanı fonddan daxil olmuş materialda qeyd edilən xüsusatlar təsdiq olunmaqla büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi "Debut” Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.