​Qubadlıda qalan "tank"ımı Bakıda tapmışdım...

 
Uşaqlığımın erkən bitdiyi, məhrumiyyətlərin başladığı, 7 yaşadək Həkəri-Bərgüşad çaylarının qırağında böyüyüb, sonra gəlib Bakıda vedrəylə su daşımağı öyrəndiyim, "ala bu qaçqındır" tənələrinin başlandığı... gündən 23 il ötür. Acılı, epizodik də olsa, hətta şirin xatirələrim də var.
 
Milyonçu deyildik, həyətimizdə iki cüt, bir tək keçimiz, ondan bir az artıq toyuq-cücəmiz vardı, bir də əksər Qubadlı əhli kimi biz də tütünçülüklə məşğul idik. Məhsul bol yox, elə ortabab olanda bir il dolanmağa imkan verirdi.
 
Bahalı maşınımız da yox idi, atam RTS adlanan idarənin "QAZ 69" markalı maşınının sürücüsü idi...Amma gözümüzdə dünyanın ən bahalı maşınıydı.
 
Oyuncaqlarım da çox deyildi, heç deyəsən, yox idi. Evimizin arxasından tapdığım daş ütüdən (keçmişdə o ütünün içinə köz doldurub paltar ütüləyirmişlər) özümə "tank" düzəltmişdim. Bir də işlənmiş güllələrdən kolleksiyam var idi. O işlənmiş güllələri də kəndimizdəki uşaqlara bağ-bağatda olanlardan yığıb apardığımız döyüşçülər vermişdilər.
Kəndimizin stadionu vardı, əvvəllər cavanlar yığışıb voleybol, futbol oynayardılar. Sonra o stadionda tanklar BTR-lər gəlib dayanır, necə deyərlər, döyüşçülərimiz nəfəslərini dərirdilər. Biz də həyətimizdə, bağımızda bitəndən yığıb onlara aparırdıq. Dostlaşmışdıq. Bir neçə gün gəlməyəndə darıxırdıq. Hə, bir də o yadımdadır ki, əksəriyyətinin uzun və səliqəsiz saqqalı var idi, geyimləri başqaydı. Birinin şalvarı ayrı, o birinin çəkməsi.
 
İndi başa düşürəm ki, bizim üçün əsl kumirlər, ideallar, örnəklər də məhz onlar idi. Çünki mən ütüdən tankı elə məhz onlara bənzəmək üçün düzəltmişdim. Balaca təpəciklər düzəldib, "tankımla" o təpəciklərin üstündən elə adlayırdım ki. Tankın mühərriki mənim boğazımda yerləşirdi, vıvıldamaqdan bəzən boğazım gəlirdi. Amma elə ciyildəyə-ciyildəyə də olsa, "döyüşlərə" davam edirdim.
 
Qubadlıdakı son günlər də yadımdadır. Əvvəlcə bir dəfə camaatın diliylə desək, qaçhaqaç düşdü, arvad-uşağı və yaşlı adamları Bakıya göndərdilər, cavanlar özləri qaldı. Bir neçə gündən sonra xəbər gəldi ki. salamatçılıqdı, yenidən qayıtdıq. Qayıdanda həyətimizi ot-alaq basmışdı, kəndin bütün kişiləri sanki illərin yorğunu idilər. Çoxu da saqqallı, baxımsız.
 
Avqustun 30-31-i idi. Ortalıq bir andaca qarışdı, hamı bir-birinə dəyindi, panika, səs-küy. Gəyən (əkin sahəsi) dediyimiz yerə qədər gəlib çıxmışdılar. Tək çarə canını götürüb qaçmaq idi. İndi bəzilərinin dediyi kimi "torpaqları qoyub qaçdız" söhbəti deyildi. Əliyalın insanların tanklı, toplu orduyla üz-üzə gəlməsi lazım idi. Zatən cavanlar da gücləri çatandan döyüşürdülər, şəhidlərimiz vardı.
2000-ci ildə Bakıdakı 5-6 ballıq zəlzələdə özlərini 8-ci mərtəbədən yerə atmaq istəyən adamların "torpağı qoyub qaçdız" tənəsi inanın səmimiyyətimə ki, torpaq itkisi qədər ağır və ağrıdıcıdır.
 
Yusufbəylidən (kəndimiz) yük maşınının kuzovunda Beyləqana gəlmək... Özü də avqust ayında. Beyləqana çatanda hamı bir-birini səsindən tanıyırdı, çünki sifətlər tanınmaz haldaydı toz-torpaqdan. Yaxınlıqdakı üzüm kələsərləri olmasaydı, indi bəlkə hamımız ölmüşdük. Axı acqarına nə qədər üzüm yemək olar?
 
Bakıda təxminən 7-8-ci sinifdə oxuyurdum. Dərsdən evə qayıdanda qarşıma bilirsiniz nə çıxdı? Daş ütü. Eynən mənim "tankım" kimisi. Götürüb evə gətirmişdim. Bir neçə il də saxladım. Amma "tankıma" oxşasa da, öz "tankım" deyildi. Bu bilirsiniz nəyə bənzəyir? Uşaq evindən başqasının övladını götürüb saxlayırsan, əzizləyirsən, qəfil xatirələr işə düşür, onun dünyaya gəlməmişdən öncə yaşantılarını yada salmaq istəyirsən, alınmır. Məsələn, qadınsansa, düşünmək istəyirsən ki, ona hamilə olanda hansı hissləri keçirirdim, kişisənsə fikrinə gətirmək istəyirsən ki, ilk dəfə həyat yoldaşının hamilə olmağı xəbərini eşidəndə hansı hisslər keçirmişdin...və bütün bunları xatırlamağa heç nəyin olmur. Bax, tapdığım o daş ütü də mənə "tankımı" əvəz edə bilməmişdi. Hərçənd ki, eynisiydi... Bakı da eynisidir, vətəndir, daha böyükdür, paytaxtdır, hər tərəf işıqlıdır, amma Qubadlı deyil. Əvəz edə bilmir...