Qubad İbadoğlundan Arif Hacılıya sərt sözlər... - AÇIQLAMA

Müsavat Partiyasının başqanı Arif Hacılı ilə "Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında qalmaqal baş verib.
Müsavat Partiyasının başqanı Arif Hacılı "strateq.az" və "xural.com" saytlarına müsahibəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu hakimiyyətə təslim olmaqda ittiham edib. Buna cavab olaraq isə "Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qələmə aldığı yazıda Arif Hacılıya sərt cavab verib. Bundan sonra isə "Yeni Musavat" qəzetinin əməkdaşları Elşad Paşasoy, Etibar Seyidağa və baş direktor Ələsgər Süleymanov Müsavat Partiyasından istefa verib.

Turaninfo.az bildirir ki, Müsavat Partiyasının apardığı siyasətlə bağlı Müsavat Partiyası başqanlığına keçmiş namizəd, ADR hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu Ölkə.Az-a danışıb: "Müsavat partiyasının dağılması təhlükəsini biz çoxdan görürdük. Bizim qurultay qabağı və qurultaydan sonra apardığımız mübarizənin əsas məqsədi ondan ibarət idi ki, partiyada təkbaşına hakimiyyətçilik olmasın, partiya demokratik və partiyanın nizamnaməsi ilə idarə olunsun. Biz bu mübarizəni aparan zaman bizə dəstəklər olmadı. Təbii ki, bunu başa düşürəm, hamı partiyanın bütövlüyü üçün çalışırdı. Biz özümüz də partiyanın bütövlüyü üçün çalışmışıq. Müsavat Partiyasından qeyri-qanuni məni çıxartmasaydılar yəqin ki, indiyə qədər Müsavat Partiyasında qalıb fəaliyyət göstərərdim.

Bütün bu pozuntular ona görə baş verdi ki, Müsavat Partiyası bir qrupun, bir ailənin nəzarətində olsun. Müsavat Partiyası qocaman bir partiyadır və partiyanın çox şərəfli tarixi var, ancaq təəssüflər olsun ki, partiyanı idarə edənlər məsuliyyəti dərk etmədən, partiyanın xəttində, partiyanın siyasi kursunda öz maraqları çərçivəsində etdikləri dəyişiklik partiyanın zəifləməsinə, partiyanın boşalmasına, nüfuzunun itirilməsinə gətirib çıxardı. İndiki şərtlərlə partiyanı bərpa etmək, yenidən canlandırmaq çətindir. Bunun üçün çox böyük resurslar tələb olunur. Müsavat Partiyasından istefa verənlərin çoxusu tanıdığınız adamlardır. Kifayət qədər siravi üzvlər var ki, onlar partiyadan istefa verib gediblər və bunu ictimailəşdirməyiblər.
Bütövlükdə Müsavat Partiyasında bir qrup adam qalıb. Onlar da Müsavat Partiyasının başqanını tərifləməklə məşğuldurlar. İndiki halda partiyanın əvvəlki nüfuzunu, reytinqini bərpa etmək olmaz. Təəssüf edirəm ki, səhv siyasət nəticəsində Müsavat Partiyasını bu vəziyyətə gətirib çıxardılar".

ADR hərəkatının sədri Rauf Arifoğlu və Arif Hacılı qalmaqalı haqqında onu bildirdi ki, Arif Hacılı çox ədalətsiz açıqlamalar verir.

Qubad İbadoğlu: "Müsavat Partiyasının qurulmasında və inkişafında xidməti olan adamlardan biri də Rauf Arifoğludur. Özünün mətbu orqanı, siyasi fəaliyyəti ilə Rauf Arifoğlu Müsavat Partiyasına kifayət qədər nümunələr verib. Arif Hacılı deyir ki, Müsavat Partiyası cəmiyyətə nümunələr verib. O nümunələri Müsavat Partiyasında cəmiyyətə Hikmət Hacızadə, Vurğun Əyyub, Nəsib Nəsibzadə, Rauf Arifoğlu, Qubad İbadoğlu verib. Arif Hacılı nə Müsavat Partiyası daxilində, nə partiyadan kənarda cəmiyyətə heç bir nümunə verməyib. Arif Hacılının bacardığı yeganə fəaliyyət intriqalar olub. Bu da partiyanın parçalanmasına, partiyanIn indiki vəziyyətə düşməsinə gətirib çıxardı".

Qeyd edək ki, 27 sentyabr 2014-cü ildə Müsavat Partiyasının Qurultayı keçirildi. Həmin Qurultayda Arif Hacılı Müsavat Partiyasının başqanı seçildi. Bundan sonra partiyada istefalar baş verdi. Namizədlərdən biri Qubad İbadoğlu ADR Hərəkatını, digər namizəd Tural Abbaslı isə AĞ Partiyanı yaratdı.