Qubad İbadoğlu: Hökumətin istefası zərurətə çevriləcək

 

 
 
ADR Hərəkatının sədri hazırki hökumətin islahatlar aparacağına inanmır
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində qiymət artımının sosial nəticələrindən danışır.
 
Amerikanın Səsi: Sizin hərəkat hökuməti Tarif Şurasının qiymətlərin artırılması ilə bağlı qərarını ləğv etməyə çağırır. Bu çağırış hansı zərurətdən irəli gəlib?
 
Qubad İbadoğlu: Əvvəla, hesab edirəm ki, Tarif Şurasının qərarı, onun öz əsasnaməsinə zidd şəkildə qəbul olunub. Tarif Şurasının əsasnaməsində qeyd olunur ki, Tarif Şurası bu qərarları həyata keçirərkən məsləhətləşmələr aparmalı və eyni zamanda burada müstəqil ekspertlərin iştirakını təmin etməlidir. Bütün bunlarla yanaşı, Tarif Şurası bazarın tələblərini, əhalinin alıcılıq qabiliyyətini və eyni zamanda qiymətlərin optimallıq səviyyəsini dəyərləndirməlidir. Qəbul etdiyi qərarlar da o əsasdan müəyyənləşdirilməlidir. Çox təəssüflər olsun ki, burada ən vacib məqamlardan biri əhalinin alıcılıq qabiliyyətidir. Əhalinin alıcılıq qabiliyyətinin indiki səviyyəsində Tarif Şurasının verdiyi qərar bütövlükdə ölkədəki həm iqtisadi, həm də sahibkarlıq və istehlakçıların durumuna ciddi şəkildə mənfi təsir göstərəcək. Bu baxımdan hesab edirik ki, Tarif Şurasının qərarı əsassız olduğuna, əsasnaməyə zidd olduğuna görə, Tarif Şurasının qərarı eyni zamanda qeyd etdiyim kimi mövcud sosial, iqtisadi şəraiti nəzərə almadan verildiyinə görə ləğv edilməlidir.
 
Amerikanın Səsi: Həmçinin hökuməti köklü islahatlara çağırırsınız? Fikrinizcə, hazırki hökumət köklü islahatlar həyata keçirməyə hazırdır?
 
Qubad İbadoğlu: Biz hesab edirik ki, Azərbaycanın yeganə alternativi islahatlardır və mövcud vəziyyətdən başqa çıxış yolu görmürük. Ölkədə bu günkü durumun pisləşməsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, islahatlar ləngiyir. İslahat adı ilə imitasiya həyata keçirilir. Çox sistemsiz, bir-birinə zidd olan qeyri-ardıcıl müəyyən fərmanlar, sərəncamlar və qərarlar qəbul edilir. Onların bəziləri inzibati idarəetmə sistemini dəstəkləyir, o birisi isə iqtisadiyyatın liberallaşdırılmasına xidmət edir. Yəni ideoloji bir konseptial yanaşma yoxdur. Ona görə, hesab edirik ki, hökumət bir daha başa düşməlidir ki, Azərbaycanın nicatı yalnız islahatlardan keçir. Bu gün nə qədər gec deyil, Azərbaycan bu imkanları, şansları dəyərləndirib köklü islahatlara başlamalıdır. Hökumət bunu etmək üçün müəyyən resurslara malik olmasa da bütövlükdə bir niyyəti olsa, hakimiyyət siyasi iradəsini ortaya qoysa, hesab edirəm ki, həm aşağılardan, həm yuxarılardan bu islahatlar üçün müəyyən dəstəklər əldə edər, islahata mane olan, islahata baryer olan müxtəlif qüvvələri də prosesdən kənarlaşdırmaq olar.
 
Mən biliriəm ki, indiki şərtlər çərçivəsində köklü islahatlar aparmaq hökumət üçün, hakimiyyət üçün də asan deyil. Bu baxımdan da hesab edirəm ki, hakimiyyət bu mövqedə xalqın da dəstəyindən, eyni zamanda vətəndaş cəmiyyətinin də, medianın da bütün imkanlarsdan istifadə etməlidir ki, islahat tərəfdarlarını bir yerə toplayıb, onun aparılmasına nail olsun.
 
Amerikanın Səsi: ADR Hərəkatı islahat aparmayan hökuməti istefaya çağırır. Hökumətin ietefaya gedəcəyinə inanırsınız?
 
Qubad İbadoğlu: Bilirsiniz, hökumətin özünün istefaya gedəcəyinə inanmıram. Elə bir vəziyyət yarana bilər ki, Azərbaycanda hökumət istefaya göndərilə də bilər. Əgər bu gün parlamentdə hökumət əleyhinə belə çılğın çıxışlar səsləndirilirsə və bu prosesin, hazırki vəziyyətin əsas səbəbkarı, baiskarı kimi hökumət göstərilirsə, sabah istefa şüarlarını parlamentdən də eşidə bilərik. Amma mən hesab edirəm ki, biz bunu vaxtında parlamentin büdcə müzakirəsi dövründə etsək daha düzgün olardı. ADR Hərəkatı bugünkü hökumətin islahatlara aparmaq gücünü görmür. Çünki hökumətdə həm mövcud nomenklatura, həm də qərar qəbul edənlərin özünün bu məsələyə münasibəti, mövqeyi bizə belə əsaslar yaradır ki, bu hökumət dəyişməlidir, bu hökumət yenilənməlidir. Yalnız yeni hökumət islahatları aparmaq imkanına malik ola bilər. Çünki, hazırki hökumətlə bu işi görmək mümkün deyil. Odur ki, istənilən halda hökumətin istefası zərurətə çevriləcək. İnanıram ki, müəyyən dövrdən sonra artıq belə şüarlar, belə çağırışıalrı yəqin ki, digər qüvvələrdən, eyni zamanda daha yuxarı səviyyələrdən eşidəcəyik.
 
Amerikanın Səsi:Hazırki böhran və qiymət artımı sosial gərginliklərə yol aça bilərmi? Hökumət gərginliklərin qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər həyata keçirməlidir?
 
Qubad İbadoğlu: Resurslar məhduddur. Büdcə son on ilin ən kiçik büdcəsidir və sosial müdafiəni təşkil etmək üçün hökumətin kifayət qədər maliyyə imkanları yoxdur. İndiki halda yaranmış xərcləri əvəz edəcək hansısa bir sosial-müdafiə tədbirlər sisteminin geniş şəkildə reallaşacağına inanmıram. Ona görə də düşünürəm ki, hökumət inidiki halda əhalini məcbur etmək niyyətində olacaq ki, onlar bu iqtisadi gerçəkliyi qəbul etsin. Həyatlarını bu iqtisadi gerçəkliyə uyğunlaşdırsınlar. Amma ola bilər ki, bu onsuz da dolanışığı pis olan, güzaranı kifayət qədər çətin olan insanlar üçün hansısa bir dəyişikliyə gətirib çıxaramayacaq. Amma yaranmış vəziyyət yalnız onların deyil, həm də özünü orta təbəqə sayan kifayət qədər böyük bir təbəqənin də həyat səviyyəsini pisləşdirəcək. Bu baxımdan hesab edirəm ki, hökumət mövcud vəziyyətdə insan azadlıqlarını, media azadlıqlarını, fikirlərin ifadə olunması və eyni zamanda məlumatların yayılması ilə bağlı kanalların məhdudlaşdırılmasına çalışacaq ki, bu istiqamətdə narazılığı ifadə edən fikirlər və mövqelər geniş ictimailəşməsin. İnanmıram ki, hökumət hazırki vəziyyətdə mövcud resurslarla əhalinin artan xərclərinə müvafiq şəkildə sosial müdafiə sistemini qursun və ünvanlı şəkildə insanların qiymət bahalaşmasından, xərclərin artımından yaranan problemləri həll etmək iqtidarında olsun.

Загрузка...
Загрузка...