Qubad İbadoğlu: “Dollar bahalaşdıqca kreditlərin qaytarılması çətinləşəcək”

 
 
 “2015-ci ilin dekabrında idarə olunan üzən məzənnə rejiminə keçidi elan edən Mərkəzi Bank ötən dövrdə məzənnənin hədəflənməsi rejimi ilə valyuta məzənnəsini əvvəlcədən elan edilən həddə saxlamaqla xeyli vaxt itkisinə yol verib. Hazırda həyata keçirilən idarə olunan üzən məzənnə rejimini daha düzgün tənzimlənmə metodu sayıla bilər”. Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
İqtisadçının sözlərinə görə, bu rejimdə valyutaya olan tələbatda müşahidə olunacaq artım manatın ucuzlaşmasını şərtləndirir: “Amma Mərkəzi Bankın başqa alternativi qalmayıb. Xatırladım ki, Mərkəzi Bank valyuta təklifinin aşağı olduğu dövrlərdə manatın məzənnəsinin sabitləşdirilməsinə 1992-1995-ci illərdə üzən məzənnə rejiminin, 1996-2008-ci illərdə sürüşkən bağlılıq məzənnə rejiminin tətbiqi vasitəsilə nail olub. Nəzəri olaraq üzən məzənnə rejimində nominal effektiv məzənnənin ucuzlaşması idxal qiymətlərini bahalaşdırmaqla bir tərəfdən ixracatın stimullaşdırır, digər tərəfdən isə pula tələbi artırmaqla inflyasiya tempini də yüksəldir. Bu vəziyətdə valyuta ilə kreditlərə görə məzənnə fərqinin böyüməsindən artan xərclər onun vaxtında və tam şəkildə qaytarılmasını daha da çətinləşdirir. Beləliklə də hazırda yüksələn inflyasiya iqtisadiyyatın və artan problemli kreditlər isə maliyyə-bank sektorunun əsas çətinliklərinə çevrilib. Odur ki, inflyasiyanın həfədlənməsi ilə yanaşı, onun yaratdığı xərclərin kompensasiya olunması üçün məvaciblərin, müavinətlərin indeksləşdirilməsinə, pensiyaların baza hissəsinin artırılmasına, eləcə də valyuta ilə olan kreditlərə güzəştlərin tətbiqinə 2017-ci ilin dövlət büdcəsindən əlavə vəsaitlər ayrılmalıdır. Hesab edirəm ki, bu məsələlələr parlamentdə gözlənilən növbəti ilin büdcə layihəsinin müzakirəsində diqqət mərkəzində olmalıdır”