Qərbin üzləşdiyi BUMERANQ: separatizm və dəyərlərin ölümü

Vaxtilə Çörçil və Ruzvelt Avropa İttifaqını yaradanda, II Dünya Müharibəsindən sonra bugünkü Suriya xarabalıqlarını xatırladan “Köhnə Qitə”ni canlandırmaq və gücləndirmək istəyirdi. Və Çörçilin bu istəyinin hədəfində bir neçə siyasi sistemin mərkəzə bağlı olduğu dünya hökumətinin qurulması da var idi. İttifaq bunun ilkin mərhələsi hesab oluna bilərdi.
 
Lakin Çörçilin xələflərinin həyata keçirdiyi “Brexit”lə yaralanan Avropa daxili separatizmlə hissələrə bölünmək təhlükəsinin astanasındadır.
 
Oktyabrın 1-də İspaniyanın Kataloniya vilayəti müstəqillik referendumu keçirdi. Mərkəzi hökumət buna qarşı çıxsa da katalonlar sona qədər getdilər və bu gün onları heç kim tanımasa belə müstəqil ola biləcəklərini nümayiş etdirdilər. Nəticə nə olursa olsun, bu, indiyə qədər Şərqi dağıtmaq üçün ən qəddar vasitələrə qədər əl atan, öz maraqlarını kiçik hesab etdiyi ölkələrin müstəqillik və bütövlük arzularından önə keçirən Qərb üçün dəhşətli başlanğıcdır. Və bu başlanğıcda “Qoca Avropa” iki bumeranqla üz-üzə qaldı.
 
BUMERANQ 1: SSRİ-ni dağıtmaq planları uzun illərdən sonra - 1980-ci illərin sonlarında həyata vəsiqə aldı. Qırmızıların imperiyasının dayaqları laxlayanda bir tərəfdən xalqlar dəmir barmaqlıqdan xilas olaraq, milli dövlətlərini yaratmaq üçün ayağa qalxdı, digər tərəfdən separatizm meylləri baş qaldırdı. Post-sovet məkanında ilk və ən böyük separatizmlə Azərbaycan qarşılaşdı. Ermənistan Azərbaycan torpaqlarını işğal edərək, qondarma “DQR” rejimi qurdu. Bu, beynəlxalq hüquq normalarına, Helsinki Yekun Aktının üç prinsipindən ən əsası olan “ərazi bütövlüyünün toxunmulmazlığı”na zidd addım idi. BMT Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı 4 qətnamə qəbul etdi. Lakin indiyə qədər nə bu qətnamələr yerinə yetirilir, nə də işğalçı ölkəyə qarşı hər-hansı hüquqi addım atılır. Əksinə, Qərb dairələri işğalçı rejimə açıq və gizli şəkildə dəstək verir, erməni lobbisinin təsirində olan ABŞ Konqresi isə hər il qondarma “DQR” rejiminə maliyyə yardımı ayırır. Azərbaycan da daxil olmaqla bu gün bir sıra ölkələr separatizm meyllərindən əziyyət çəkir və qəribəsi odur ki, Qərb bu separatçılara göz yumur.
 
 
 
Kataloniya siyasi və qrup maraqlarını üstün tutaraq, separatizmə dəstək verən Qərb üçün bumeranq effektidir. Belə demək mümkünsə, Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz fəsadlarını verir.
 
Avropa Parlamentinin hazırkı sədri Antonio Tayani Kataloniyada müstəqilliklə bağlı referendumu qanunsuz adlandırsa da, yaranmış böhranın Kataloniyanın separatçı hakimiyyəti və İspaniyanın mərkəzi hakimiyyəti arasında həll edilməli olduğunu deyir. Avropa Parlamentinin sədr müavini, Avstriya “Yaşıllar “Partiyasının sədri Ulrike Lunaçek isə Kataloniyanın müstəqilik təşəbbüslərini dəstək ifadə edən bəyanatla çıxış edir. Görünür, Qərbin bəzi dairələri Kataloniyada baş verənlərdən də nəticə çıxarmır, separatizmin Avropada daha geniş vüsət almasında və Avropa İttifaqında dezinteqrasiya meyllərinin güclənməsində, qurumun dağılmasında maraqlıdır.
 
 
 
Belə qətiyyətsiz, çox zaman separatçılara haqq qazandıran münasibətin nəticəsi olaraq, Şotlandiyanın Böyük Britaniyadan ayrılması, Belçikanın linqvistik prinsiplə Valloniya və Flarandiyaya bölünməsini bəzi ekpertlər artıq zaman məsələsi hesab edirlər.
 
İspaniyanın Valensiya, Qalisiya və Bask vilayətlərində, Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində də separatizm meylləri kifayət qədər yüksəkdir. İş o yerə çatıb ki, Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominat etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində də separatizm meylləri müşahidə olunur. Yalnız Avropada deyil, ABŞ-ın ispandilli və qaradərili əhalinin çoxluq təşkil etdiyi ştatlarında, eləcə də tarixən Konfederasiyaya daxil olmuş cənub ştatlarında separatizmin qarşısını hələ ki yalnız güclü ordu və xüsusi xidmətə malik federal hakimiyyət ala bilir.
 
Bu, Qərbin ikilistandart yanaşmasının bumeranqıdır və separatçılara dəstək siyasəti Qərb dünyası içəridən dağıdır.
 
Burada yeganə çıxış yolu dünyanın separatizmə qarşı bir olması və ərazi bütövlüyü prinsipini dəstəkləməsidir. Dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoymalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır. Dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü qeyd-şərtsiz dəstəklənməlidir.
 
BUMERANQ 2: Kataloniyada yaşananlar həm də Qərb dəyərlərinin məhvinin sübutu oldu. Halbuki, Qərb dairələri indiyə qədər Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin milli hökumətlərinə qarşı məhz “liberal, demokratik, bir sözlə Avropa dəyərləri”ndən təzyiq kimi istifadə edir.
 
Katalonların müstəqillik istəyi bütün haqlara, demokratiyaya, eləcə də Helsinki Yekun Aktının “öz müqəddəratını” təyin etmə prinsipinə rəğmən, separatizmdən başqa bir şey deyil. İspaniya mərkəzi hökumətinin buna qarşı çıxması da yenə Helsinki Aktında “ərazi bütövlüyünün toxunulmazlığı” və beynəlxalq hüquq prizmasından haqlı idi. Amma müdaxilə sözün həqiqi mənasında dəhşətli və bir o qədər də “Qərb dəyərləri” fonunda acınacaqlı idi.
 
Qərb demokratik dəyərlərdən danışır; “Bu ölkədə demokratik dəyərlər pozulur” deyə barmaq silkələyir; yaxud “Azərbaycanda filan-filan şeylərə əməl edilmir” deyə hər addımbaşı, daha doğrusu, siyasi maraqların həyata keçirilməsi zamanı ittihamlar havada uçuşur; milli hökumətlərin üzərinə “Avropa standartları”, “liberalizm”, “humanizm” və s. və s. mesajları göndərir.
 
Hərçənd, öz içində bu dəyərləri çoxdan rəfə qaldırıb.
 
Kataloniyada yerli sakinlərə polis müdaxiləsi 850 nəfərin yaralanması ilə nəticələndi. İspan polisinin seçkiyə gedən katalonların başına rezin güllələr yağdırması, su şırnaqları və dəyənəklərlə hücumu küçə döyüşlərini xatırladır. Katalonların etdiyi separatizmdirsə, ispan polisinin hücumu heç də demokratik dəyərlərdən qaynaqlanmır.
 
Qərb özü-özünü təkzib edir: 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən birinin döyülərək öldürələndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da polis kütləyə hücum edəndə bu, haqlı və ədalətli idimi, yaxud Azərbaycanı ittiham etmələri fonunda bütün bunlar baş verəndə hansı demokratiyadan danışmaq mümkündür?!
 
 
Bu gün Avropa və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır. Bu haqda kifayət qədər faktlar, foto və videogörüntülər var. Lakin söhbət digər ölkələrdən gedəndə “Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların əslində təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir. Avropada əməl edilməyən “dəyərlər”lər Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur.Bütün bunlara görə bəzi Qərb dairələrin Azərbaycana və digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil.
 
Asif

Загрузка...
Загрузка...