Qərb təhsilli minlərlə gənc işsizdir: “Cənab prezident, biz yekəqarın məmurlar üçün oxumadıq ki?!...” - ÖZƏL

 
 “Cənab prezident, biz yekəqarın məmurlar üçün oxumadıq ki?!...” "Xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunlarının 20 faizindən çoxu işsizdir
 
Politika.Az-ın verdiyi xəbərə görə, yüzlərlə gənc isə bu proqramı başa vursa da vətənə qayıtmayıb və işsiz-gücsüzdür.
 
Dövlət Neft Fondunun (ARDNF) son hesabatına görə, 2008-2015-ci illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 156,8 milyon manat, bu ilin ilk 9 ayında 20,8 milyon manat, bütövlükdə isə 177,6 milyon manat məbləğində vəsait ayrılıb.
 
Hazırda 1335 təqaüdçü xaricdə təhsillərini başa vuraraq məzun olub, onlardan əlavə məzun olanların Azərbaycana qayıtmaması ilə bağlı məlumat açıqlanmasa da belələrinin sayı yüzlərlədir. Azərbaycana qayıdan təqaüdçülərin 20 faizindən çoxu işsizdir. İşləyənlərin 60 faizi özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır.
 
Politika.Az-a bir qrup tələbə adından məktub daxil olub. Tələbələr prezidentə üz tutaraq yardım istəyirlər.
 
Onların sözlərinə görə, Türkiyə, Şərqi və Qərbi Avropa ölkələrində təhsil alsalar da, vətəndə onlara iş yoxdur: “Biz illərlə gözümüzü kor etmişik, ailələrimiz pul xərcləyib, dərsdən kənar işləmişik ki, xaricdən vətənə ixtisaslı kadrlar kimi qayıdaq.
 
Fikirləşmişik ki, dövətin gənc və Qərb təhsilli kadrlara ehtiyacı var. Ölkənin gələvəyini qurmaq və öz karyeramızın əsasını qoymaq üçün ölkəyə dönmüşük. Ancaq burada bizə nicat yoxdur. Dövlət idarələrində oturmuş yekəqarın məmurların vecinə də deyilik.
 
Onlara maraqlı deyil ki, biz xaricdə təhsil alıb perspektivli kadrlarıq. Onlara heç nəyi bilməyən, bisavad və rüşvət almağı bacaran adamlar lazımdır.
 
Özəl sektorda da eyni vəziyyətdir. Elə biz də o məmurlar üçün oxumamışıq ki, istədiklərini edək. Biz xarici dil bilən, təhsilli, Avropa görmüş adamlarıq. Təəssüf ki, bizə iş verilmir”.
 
Qeyd edək ki, təhsil naziri bu proqramın icra vəziyyəti və onun nəticələri barədə heç bir məlumat səsləndirməyib. Nədən bu proqramın yekunları, nəticələri və təsirləri barədə hesabat verilmir? Nədən onun davam etdirilməsi ilə bağlı təşəbbüslər yoxdur?
 
Nazirliyin mövqeyini dərc etməyə hazırıq...