​Qoşunlar çıxarılır: Rusiyanı təslim olmağa məcbur edən SƏBƏBLƏR

 
Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə Minsk razılaşmalarının qismən icrasına gedə bilər.
Publika.az xəbər verir ki, bu haqda Ukraynanın “Obozrevatel” nəşrinə “Center for Eastern European perspectives in Washington D.C” təşkilatının direktoru Nikolay Vorobyov deyib.
“Mümkündür ki, Rusiya qoşunların Donbasdan çıxarılması ilə razılaşacaq və bunu Minsk razılaşmalarının öz üzərinə düşən hissəsinin icrası kimi təqdim edəcək. Bundan sonra Ukraynaya Donbasa xüsusi statusun verilməsi təklif ediləcək. Belə variant bundan iki il əvvəl müzakirə edilirdi”, - Vorobyov qeyd edib.
Onun sözlərinə görə, ehtimal ki, Putin məhz indi Minsk razılaşmalarının icrasında ilk addımı atmağa və Rusiya qoşunlarını Donbasdan qismən çıxarmağa qərar verib.
“Birincisi, bu, sanksiyalarla bağlıdır. Onlar Rusiyaya çox ağır zərbə vurub və vurmağa davam edir. İkincisi, bu, qoşunların Donbasda saxlanılmasına çəkilən xərclərlə bağlıdır. Üçüncüsü, dağıdılmış infrastrukturun olduğu ərazilər Ukraynaya ötürülür. Burada bizim bilmədiyimiz başqa səbəblər də ola bilər”, - Vorobyov yekunlaşdırıb.
Xatırladaq ki, dünən ABŞ-ın Ukrayna üzrə rəsmi nümayəndəsi Kurt Volkerlə Rusiya prezidentinin köməkçisi, Rusiyanın Donbas üzrə “kuratoru” adlandırılan Vladislav Surkov arasında Minskdə görüş keçirilib. Surkov görüşü faydalı və konstruktiv adlandırıb.
“Biz razılaşdıq ki, Ukraynanın cənub-şərqində cari vəziyyət nə münaqişə tərəfləri, nə də xarici gücləri qane edir”, - Surkov bildirib.
O həmçinin qeyd edib ki, müzakirələr qarşılıqlı hörmət və maraq tonunda keçirilib.
“Minsk razılaşmaları heç bir şübhə altına qoyulmadı. Hər iki tərəf onların reallaşdırılması üçün yeni ideyalar və novator yanaşmaları təklif etdi”, - Surkov əlavə edib.
Görüşü şərh edən Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin və daxili köçürülmüş şəxslərin məsələləri üzrə nazir müavini Yuri Qrımçak bildirb ki, Donbasda münaqişənin taleyi artıq həll edilib. Onun sözlərinə görə, hazırda Rusiyanın hansı şərtlərlə Ukraynanın şərqindən gedəcəyi müzakirə edilir.
Ömər Dağlı

Загрузка...
Загрузка...