Qorxunc “Alfa” komandiri 20 Yanvardan nələr danışdı

 
Biz neçə illərdir ki, Dövlət Dumasında Qorbaçov və Yeltsinin Sovet İttifaqının dağılmasına məsuliyyət daşıması ilə bağlı qərarın qəbul edilməsini tələb edirik.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada sovet qoşunlarının Vilnüsdə törətdiyi qırğınlara həsr olunan “Kim kimi satdı” adlı kitabın təqdimat mərasimində deyib.
 
Onun sözlərinə görə, QKÇP hadisələri ilə Baltikyanı respublikalardakı hadisələri birbaşa bağlı olub:
 
“QKÇP hadisələrində ən böyük günahı olan şəxslər marşal Yazov və KQB-nin sədri general Kryuçkov olub. Yazov qorxusundan ordunu Moskvadan çıxarmışdı. Onların ikisi də qorxaq idilər. Qorbaçov isə ABŞ tərəfindən ələ alınmışdı. Onların hamısı bilib-bilmədən Qərbə işləyirdilər, Sovet İttifaqının içəridən dağılmasına xidmət edirdilər”.
 
Jirinovski həmin hadisələrdən 25 il keçməsinə baxmayaraq, həqiqəti Rusiyada deyə bilmədiklərini söyləyib:
 
“Biz neçə illərdir ki, Dövlət Dumasında Qorbaçov və Yeltsinin Sovet İttifaqının dağılmasına məsuliyyət daşıması ilə bağlı qərarın qəbul edilməsini tələb edirik. Lakin nədənsə Vahid Rusiya Partiyası bu qərarın qəbul olunmasına qarşı çıxır. Onlara görə, Qorbaçov və Yeltsin haqqında mənfi fikir söyləmək olmaz”.
 
Tanınmış siyasətçi Bakıda törədilən 1990-cı ilin Yanvar hadisələrinə və Dağlıq Qarabağda münaqişənin yaranmasına görə Mixail Qorbaçovu günahlandırıb. O, Qorbaçovun bu günə kimi cinayət məsuliyyətinə cəlb olunmamasına da aydınlıq gətirib:
 
“O zaman Qorbaçovu müdafiə edənlər, hazırda Çubaysı müdafiə edənlərdir. O zaman da Qorbaçovun arxasında ABŞ dayanırdı, bu gün də...”
 
APA-nın məlumatına görə, KQB-nin “Alfa” qrupunun sabiq komandiri Mixail Qolovatov da Bakıda baş verən qırğınlarla bağlı vacib məqama toxunub. O bildirib ki, 90-cı il yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun əmri ilə Bakıya daxil olan sovet qoşunlarının tərkibində ehtiyatda olan hərbçilər olub:
 
“Həmin hərbçilər əvvəlcədən hazırlıqlı olublar. Qorbaçov tərəfindən Bakıya göndərilən ordu bilərəkdən ehtiyyatda olanlardan seçilmişdi. Onlar Bakıya daxil olan kimi atəş açmağa başlayıblar. Ona görə də Bakıda 138 nəfər dinc sakin həlak olmuşdu. Deyirlər ki, guya orduya dinc sakinlər tərəfindən ilk olaraq atəş açılıb, onlar da əks-cavab vermək məcburiyyətində qalıblar. Xeyr. Əslində bu, belə olmayıb. Ehtiyyatda olanlardan ibarət sovet ordusu Bakıya daxil olan kimi dinc əhalini və yaşayış evlərini atəşə tutmağa başlamışdı”.