Qohumlarla niyə evlənməyək? - SƏBƏBLƏR VƏ MƏSLƏHƏTLƏR

Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib.
 Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa qəbul edilən düzəlişə əsasən 1-ci dərəcəli qohum evlilikləri bundan sonra qadağan edilir. Bununla yanaşı, nikaha girməzdən öncə gənclər pulsuz tibbi müayinədən keçəcəklər. VVAQ orqanları isə tibbi arayış olmadan nikah mərasimini təşkil edə bilməyəcəklər.
Bundan başqa, xaricdən vətənə qayıdan tacik miqrantlar mütləq qaydada tibbi müayinədən keçəcəklər.
Qeyd edək ki, Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nusratullo Salimzoda yaxın qohumlar arasında nikahdan çoxlu sayda əlil uşaqların dünyaya gəldiyini bildirib.
 Qohum evliliyi fəsadlar yaradırmı?
 Həkim Afət Qurbanova deyir ki, qohum evliliyi zamanı nikahdan dünyaya gələn uşaqlarda daha çox əqli, xromosom çatışmazlığı, əzələ boşluğu və bir sıra belə xəstəliklər əmələ gəlir: “Bəzən olur ki, ana bətnində heç bir problem yaşamayan uşaqda dünyaya gələndən sonra problemlər yaranır. Bunun üçün sağlamlıq arayışının olması müsbətdir. Çünki arayış aldıqları zaman gənclərın xəstəlikləri məlum olur. Təbii ki, bundan sonra evlənib- evlənməmək onların qərarıdır”.
Afət Qurbanova deyir ki, nəsildə hər hansı bir irsi xəstəlik varsa, qohum evliliyi düzgün deyil: “Gənclər kənar şəxslə evlənsələr yaxşıdır. Əgər nəsildə irsi xəstəlik yoxdursa, qohum evliliyi heç bir problem yaratmır. Ailə qurmağa hazırlaşan gənclər evlənmədən əvvəl yoluxucu xəstəliklərin yoxlanılması ilə yanaşı, genetik məsləhət almalıdırlar. Məsələn, kişi rezus müsbət və qadın rezus mənfidirsə bunlar ailə quran zaman uşaq müsbət rezusla olarsa, bu, uşağın ana bətnində tələf olmasına səbəb ola bilər”.
Mütəxəssislər bildirir ki, qan qrupu əsasında evlənmək daha yaxşıdır. Əgər qadının qanı birinci qrupa aiddirsə, onun elə birinci qrup qanı olan kişi ilə evlənməsi məsləhətdir. Qadının qanı 2-ci qrupdursa, 2-ci qrup qanı olan kişi ilə, 3-cü qrupdursa, 3-cü və 1-ci qrup qanı olan kişi ilə, 4-cü qrupdursa, 4-cü və 1-ci qrup qanı olan kişi ilə ailə qura bilər. Əgər kişinin qan qrupu birdirsə, problem olmur, əgər 2-ci qrupdursa, yaxşı olar ki, 1-ci və 2-ci qrup qadınlarla ailə qursun, 3-cü qrupdursa, 1-ci və 3-cü qrup qanı olan qadınla ailə qura bilər, 4-cü qrupdursa, hansı qrupla evlənsə problem olmaz.
 35 faiz qohum nikahı....
 Aparılan araşdırmalara görə, qohum evliliyi Hindistanda çox geniş yayılıb. Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. Xalqın təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması, bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir. Türkiyədə qurulan evliliklərin 35 faizə yaxını qohum evliliyidir.
 “Qanun öz müdaxiləsini edə bilər”
Sosioloq Cavid İmamoğlu deyir ki, qohum evliliklərinin Azərbaycanda geniş yayılması təbiidir, çünki bizim cəmiyyət ənənəvidir və çoxluq tərəfindən bu cür evliliklər normal qarşılanır: “Qohum evliliyinə etiraz edənlər əsasən tibb işçiləridir ki, onların da etirazı təbiidir. Çünki bizdə evliliklər tibbi yoxlamadan keçmədən baş verdiyi üçün əksər vaxt bundan doğulan uşaqlar əziyyət çəkir. Sırf sosial aspektdən biz qohum evliliklərinə o zaman müsbət yanaşırıq ki, orada evlilik evlənəcək şəxslər tərəfindən razılaşdırılır və planlaşdırılır. Sevgi və sayğı əsasında qurulan evliliklər heç bir zaman pis ola bilməz. Əgər bu nikahlar ailə basqısı üzərində qurulursa və ya bu evliliklər zamanı tibbi yoxlanışdan keçilmirsə, o zaman qarşıda yarana biləcək fəsadlar qaçılmazdır”.
C.İmamoğlunun sözlərinə görə, qanun ilə qan qohumlarının evliliyi o zaman məhdudlaşdırıla bilər ki, evliliyə girəcək şəxslərin tibbi yoxlanışında gələcəkdə dünyaya gələcək uşağın həyatına təhlükə barədə açıq aşkar sübut olsun: “Yalnız bu halda, qanun öz müdaxiləsini edə və belə şəxslərin evliliyinə məhdudiyyət qoya bilər. Lakin bu da məntiqi çərçivədən mümkün deyil, çünki mental dəyərlər və din baxımından qadağan olmayan münasibətlərin qanun tərəfindən qadağası əks effekt verəcək və qeyri-qanuni nikahlar, yəni nikahdan kənar evliliklərin sayı artacaq”.
 “ABŞ-nın 24 ştatında qohumların evliliyi qadağan edilib”
 C.İmamoğlu əlavə edib ki, ABŞ-ın 24 ştatında ən yaxın qohumların evliliyi rəsmi şəkildə qadağan edilib: “Bütün bunlar onu göstərir ki, bu problem aktualdır və müzakirə olunur. Azərbaycan reallığı da dünyada gedən tendensiyadan kənar deyil. Müasirlik və ənənəviçilik arasında gedən mübarizə bu məsələdə fərqli baxışları ortalığa qoyur. Ona görə də, nikaha daxil olmadan öncə tibbi müayinələr məsələsi gündəmə gəlir ki, bu həm qohum evliliyi, həm də qeyri-evlilikdə sağlam övladın dünyaya gəlməsini təmin etmək məqsədi daşıyır. Amma hər bir halda sevgi və ənənələrin gücünün qarşısında müqavimət göstərmək çox çətindir. Bu gün dünyada qurulan evliliklərin 20 faizi məhz yaxın qohumların evliliyidir”.
 Qohum evliliyi, yoxsa, yeni qohumluqlar qazanmaq?
 İlahiyyatçı Elşad Miri deyir ki, bu gün bəzi məsələləri gündəmə gətirib bu evliliyi qadağan edirlər: “Azərbaycanda qanuna görə, evlilikdən əvvəl sağlamlıqla bağlı arayış təqdim olunur ki, gələcək nəsillərin yetişməsində problemlərin qarşısını almaq olacaq. Amma dində qohumların evlənməsi ilə bağlı hər hansı bir qadağa yoxdur. Elə peyğəmbərimiz öz əmisinin oğlu Əliyə qızını verib. Qohum evliliyindən o mənada qaçmaq daha yaxşı olar ki, yeni qohumluqlar qazanmaq müsbət haldır”.
“Əgər  uşaq dünyaya gətirmək planları yoxdursa...”
“Təmiz Dünya” İctimai birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, məsələ ondadır ki, qohum evliliyi bəzi irsi xəstəliklərin kəsişməsi ilə müşahidə olunur: “Uşaq dünyaya gələn zaman fəsadlar özünü büruzə verir.  O baxımdan gələcək nəsillər üçün ciddi problemdir. Əgər  uşaq dünyaya gətirmək planları yoxdursa,  o halda elə bir təhlükə yoxdur. İkinci tərəfdən qohum evliliyində kifayət qədər yaxın olduqları üçün münasibətlərdə nəzarət mexanizmi güclü olur. Bu həm dəstək, həm də neqativ müdaxilə baxımından münaqişələrə rəvac verə bilər. Bu zaman qohumluq münasibətlərini düşmənçiliyə keçməsi qohumluq əlaqəsini pozur”.