Qənirə Paşayeva MM-də bir sıra təkliflərlə çıxış edib

Bu gün MM-də Hesablama palatasının 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bir neçə təkliflərlə çıxış edib. O bildirib ki, Hesablama palatası tərəfindən aparılmış audit tədbirləri nəticəsində səhiyyə müəssisələrində çoxlu sayda vakant ştatların olduğu müəyyən edilib: "Cənab Prezident bütün çıxışlarında vurğulayır ki, yeni iş yerlərinin yaradılması, insanlarımızın işlə təmin edilməsi ən vacib prioritetlərdəndir. Hesab edirəm ki, səhiyyə müəssisələrində, səhiyyə sahəsində iş gözləyən insanlar bu vakant iş yerlərinə cəlb edilməlidir. Ona görə də müvafiq dövlət qurumlarını Hesablama palatasının qaldırdığı və bizim tərəfindən dəstəklənən bu məsələyə ciddi diqqət yetirməyə çağırırıq və ümid edirik ki, hesabatda bu istiqamətdə qaldırılan təkliflər qısa zamanda həyata keçəcək.
Millət vəkili Qənirə Paşayeva Hesablama palatasının 2015-ci il hesabatının müzakirəsi zaman hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə ixtisas müəssisələrində təhsil alan tələbələrlə bağlı ortaya çıxmış bəzi problemlərin həllinin tapmasının vacibliyini vurğulayıb. Millət vəkili bildirib ki, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət hesabına ödənilir, amma qanunvericiliyin müəyyən maddəsinə əsasən onlar 23 yaşınadək bundan yararlana bilirlər. Nəzərə alsaq ki, bütün uşaqlar ali məktəbə orta məktəbi bitirdikdən dərhal sonra deyil, 2-3 il gec də daxil ola bilir, belə halda 23 yaşı tamam olduqdan sonra təhsil aldığı ali məktəblə bu kateqoriyadan olan gənclər arasında ödənişlə bağlı müəyyən problemlər yaranır. Ali təhsil müəssisələrində ödənişli əsaslarla qiyabi təhsil alan və ödənişli əsaslarla əyani təhsil alan yaşı 23-dən artıq olan tələbələr də təhsil haqqından azad edilmələri ilə əlaqədar təhsil müəssisələri qarşısında məsələ qaldırmaqla yanaşı millət vəkilləri olaraq bizə də müraciət edərək qanunlarda eyni mövqeyə fərqli yanaşmanın onlarla təhsil müəssisələri arasında müəyyən problemlər yaratdığını , bununla bağlı normativ hüquqi sənədlər arasında müvafiq fərqlərin aradan qaldırılması məsələsinə baxılmasını xahiş edirlər.  Onların bu xahişini və Hesablama palatasının bu istiqamətdə təklifini də nəzərə alaraq qısa zamanda məsələnin həll olunmasına çağıran millət vəkili Qənirə Paşayeva deyib ki, hər iki valideynini itirmiş və ya hər iki valideynin himayəsindən məhrum olmuş gənclərimizin ödənişli əsaslarla dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsil müəssisələrində təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaitinin hesabına ödənilməsi dövlətimizin çox müsbət bir addımıdır və biz bu cür kateqoriyadan olan insanların bu haqdan 23 yaşdan sonra da istifadə etməsinə imkan yaratmalıyıq. Millət vəkili qaldırdığı məsələnin hesablama palatasının hesabatında da təklif şəklində öz əksini tapmasını xüsusi vurğulayaraq yaxın zamanlarda öz həllini tapacağına inandığını deyib.