Qənimət Zahidlə Qubad İbadoğlu arasında qalmaqal

 
Feysbuk sosial şəbəkəsində Azərbaycanda Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid arasında qarşıdurma yaşanıb.
 
Teleqraf.com xəbər verir ki, qarşıdurmaya səbəb Qubad İbadoğlunun fikirlərinin Qənimət Zahid tərəfindən konteksdən çıxarılaraq fərqli formada  tirajlanması, hətta lağ obyektinə çevrilməsi olub.
 
Qeyd edək ki, Q. İbadoğlu Astanada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə beynəlxalq rəhbər komitənin 35-ci iclasından qayıdıb. Həmin iclasda müzakirə olunan əsas məsələ Azərbaycanın bu qurumda fəaliyyətinin dayandırılması olub. Gərgin müzakirələrdən sonra bu qərar qəbul olunmayıb.
Q.İbadoğlu deyib ki, onlar oktyabrın 11-də Koalisiya adından Azərbaycan prezidentinə məktub ünvanlayaraq narahatçılıqlarını bölüşüblər. “Əgər ölkə başçısı prosesə müdaxilə etməsəydi, bəlkə də Azərbaycanın fəaliyyətini dayandıracaqdılar”.
 
Qənimət Zahidə isə Q.İbadoğlunun bu fikirləri xoş gəlməyib. O, status yazaraq ADR Hərəkatının sədrini lağa qoyub.
 
Q.İbadoğlu isə buna sərt reaksiya verib: “Hörmətli Qənimət Zahidov, əvvəla sizə mənim kontekstdən çıxarılmış fikirlərimi təhrif olunmuş formada təqdim etməyi yaraşdırmıram, ən azı ona görə ki, siz də və mən də gözəl bilirik ki, bu yalnız xüsusi maraqlar çərçivəsində edilir. Sizin marağınız da çoxlarına aydındır. Arif Məmmədov çox aydın izah verib, heç olmazsa, sözü söyüşdən ibarət olmayan, məntiqə əsaslanan fikirlərinə diqqət yetirin. Heç kim şübhə edə bilməz ki, prezidentin MSŞT Koalisiyasının praktiki problemlərinin həlli ilə bağlı müdaxiləsi olmasaydı, Azərbaycan MSŞT-də fəaliyyətini davam etdirə bilməyəcəydi. Ola bilər ki, bu kimlərəsə lazım idi, şəxsən mən Ermənistanın bu təşkilatın qapısını döydüyü halda Azərbaycanın belə mötəbər qurumdan kənarda qalmasını arzulamırdım. İkincisi, mənim üçün böyük dəyişliklərə gedən yol xırda irəliləyişlərdən keçir. Əgər bu təşəbbüsə görə bu günlərdə illərlə, on dəfələrlə müraciət edib, Ədliyyə Nazitliyində imtina cavabı alan, xüsusilə də müstəqil fikirli şəxslərin QHT-ləri dövlət qeydiyyatından keçirilirsə, onların qrantları qeydiyyata alınırsa, üzərindən cinayət işi qaldrılırsa, bnun nəyi pisdir? Bunu demək nəyə görə sizdə və bəzi dostlarınızda belə narahatlıq yaradır?”
 
Qənimət Zahid isə bəyan edib ki, Q. İbadoğlunun müsahibəsini oxuyub: “Mən sizin müsahibənizi oxudum və münasibət bildirdim. Sizin və bəzi dostlarınızın təəssüratı yanlışdır. Çünki sizin müsahibənizi heç kimlə müzakirə etməmişəm. Mənim maraqlarım çoxlarına aydındır, ona görə ki, mən bu maraqları ən azı həftədə iki dəfə elan edirəm və elan etdiyim maraqlardan başqa maraqlarım yoxdur. Bu zamana qədər heç kimi söyməmişəm və hesab edirəm ki, sözü söyüşdən ibarət olmayanları mənə örnək göstərməyiniz yersizdir. Mən MSŞT adlı qurumun əhəmiyyətini bilirəm, amma bu o demək deyil ki, MSŞT ictimai nəzarətdən və tənqiddən kənarda qalmalıdır. O cümlədən də siz. Mən sizi, eləcə də bütünlükdə MSŞT-ni hələ tənqid etməmişəm”.
 
Qubad İbadoğlu isə Qənimət Zahidova xatırladıb ki, şəxsən özü və MSŞT-ni tənqid etməyi ona  heç kim qadağan etmir: “Sizin bu statusunuzun qeyri-obyektiv yanaşmanın və xüsusi marağın məhsulu olduğunu deməklə diqqətinizə çatdırdım ki, mən bunu sizə yaraşdırmıram. Vəssalam, başqa sözüm yoxdur. Ugur olsun”.