QMİ-də və Şeyxin ətrafında nə baş verir?

 
    
 
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və bu qurumun başçısı Hacı Allahşükür Paşazadə ətrafında maraqlı proseslər gedir. Şeyxin Çexiyada biznesinin olmasına dair iddiaların mətbuata çıxarılması gizli mətləblərdən xəbər verir. Əslində bu özü də gizli məqsədlərdən xəbər verirdi. İndiyə kimi bilinmirdi ki, Şeyxin harda biznesi var? Təbii ki, bunu çoxları bilirdi. Hətta şəriklərinin kim olduğuna qədər bilinirdi. Amma Hacı Qalibin açıqlaması ilə yeni gündəm yarandı. Şeyxin biznesi və çexiyalı şəriki “gün işığı”na çıxdı.
 
Şeyxin qudası, sabiq deputat Hacı Qalib mətbuata açıqlamasında şeyxin öz oğlunu yerinə varis kimi hazırladığını iddia etməsi gündəmi həm silkələdi, həm də yuxarıda dediyimiz “biznes” söhbətinin üstünü açdı. Daha sonra isə Hacı Qalib Şeyxin oğlunun ölkəni tərk etdiyini dedi. Hadisələr məcradan çıxanda QMİ-dən açıqlama gəldi ki, Hacı Qalib danışmaq hüququnda deyil. Hacı Qalibin oğlu hakimiyyət nümayəndəsinə fiziki güc tətbiq etməkdə ittiham edilərək, həbs olundu və Hacı Qalib nəinki oğlunun belə bir əməl törətmədiyini iddia etdi, əksinə, məlum həbsə görə ölkənin baş prokurorunu ittiham etdi. Beləliklə də, vəziyyət daha da qəlizləşdi. Yenə də Hacı Qalib sakit dayanmadı. Mətbuata növbəti açıqlamasında şeyxin oğlunun bu posta layiq olmadığını dedi və bunu onun düzgün namaz qıla bilməməsi ilə əlaqələndirdi. İddianın geniş müzakirə olunduğu bu günlərdə QMİ ilə bağlı daha bir məlumat yayıldı. Bildirildi ki, bu qurumun rəsmi saytına giriş artıq məhdudlaşdırılıb.
 
Doğrudan da, maraqlıdır ki, Hacı Qalibi durduğu yerdə “cin” danışdırırdı? İnanmaq olmur. Hacı Qalib özündən yox, qudasından danışıdı. Deməli, burada cin söhbəti ehtimal mövzusu deyil. Gizlinlər var. O gizlinləri isə bilməyənlər çoxdur, bilənlər də açıqlamır. Çünki Hacı Qalibin açıqlamaları nəinki bir-birinə ziddir, həm də dolayısı ilə əvvəl Şeyxi hədəfə gətirdi, ardınca isə oğlunun düz-əməlli 2 rükət namaz qıla bilməməsi ittiahmı ilə üz-üzə qoydu.
 
İndi adama sual verərlər, sən necə Şeyxülislamsan ki, oğlun 2 rükət namaz qıla bilmir? Əslində bu açıqlama ilə Hacı Qalib özünü Şeyxin ailəsinə yaxın bir adam kimi göstərmək arzusundaykən, onun nüfuzuna xələl gətirdi. Allahşükür Paşazadə faktiki olaraq, dini rəhbər sayılır.
 
Ömürlük seçilən şeyxi yerindən kim tərpətmək istəyir?
 
Amma həqiqətlər başqa nəsnədədir. Hacı Qalib sadəcə danışığını bilməyən, “qaş düzəltmək istəyəndə göz çıxaran”lardandır.
 
QMİ ətrafında cərəyan edən hadisələr göstərir ki, sözügedən qurumun ətrafında və xüsusən də Şeyxülslamın özü ilə bağlı hansısa məqamlar var. Bu məqamlar nədir, hansısa hücumdurmu, testdirmi? Bunlar bilinmədikcə daha ilginc ehtimallar müzakirə mövzusuna çevrilir. Ehtimallardan biri odur ki, savaş Hacı Allahşükür Paşazadənin postu uğrundadır. Lakin bu ehtimal özünü doğrultmaya bilər. Çünki Paşazadə bu posta Azərbaycan və Şimali Qafqazdakı dini qurumların, nüfuzlu din adamlarının iştirakı ilə keçirilən qurultayda ömürlük seçilib. Şeyxin özündən də getmək barədə heç bir açıqlama verilməyib. Bu halda gəlişmələrin daha fərqli istiqamətdə getdiyi də gözdən qaçmır.
 
QMİ-ni bitirmək cəhdləri
 
Məlumdur ki, Allahşükür Paşazadə həm Azərbaycan cəmiyyətində və hakimiyyət daxilində, həmçinin ayrı-ayrı məzhəb və təriqət nümayəndələri arasında nüfuzu olan şəxsdir. Ölkə kənarında da nüfuzu kifayət qədər yüksəkdir. Dünyanın ayrı-ayrı dövlətlərinin dini liderləri ilə mütəmadi olaraq keçirdiyi görüşlər də bundan xəbər verir. Ən əsası budur ki, Allahşükür Paşazadə bu posta seçilərkən və namizəd olaraq göstərilərkən bir sıra kriteriyalar nəzərə alınmışdı. Paşazadə bütün parametrlər üzrə həm Azərbaycan hakimiyyətinin, həm də Şimali Qafqazdakı dini qurumların və nüfuzlu din adamlarının maraqlarına cavab verir. Bu baxımdan QMİ ətrafında gedən proseslərin Şeyxülislam postu uğrunda savaş olduğu ehtimalı özünü doğrultmaya bilər. Amma şeyxə qarşı müəyyən bir miqyasda basqıların olduğu isə görünən reallıqdır. Ehtimallar arasında QMİ-nin birdəfəlik ləğv etmək istəyi də var. İddia olunur ki, QMİ-ni şeyxin nüfuzunu aşağı salmaqla bitirmək istəyirlər.
 
“Şeyxi sıxışdırırlar”
 
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında QMİ və Allahşükür Paşazadə ətrafında baş verənlərin təsadüfi olmadığını bildirib. Ekspert bunların şeyxə qarşı müəyyən qruplaşmaların təzyiqləri olduğunu istisna etmir: “QMİ-nin məhərrəm ayının gəlməsi ilə bağlı keçirdiyi toplantıda Şeyxülislam ilk dəfə olaraq, dövlətin məscidlərə müdaxiləsinə açıq şəkildə münasibət bildirdi və dövlətin məscidlərin işinə qarışmasını qınadı. Qeyd etdi ki, dindarların necə ibadət etməsi onların öz işidir. Yəni cinayət, terror olmadığı halda dövlətin müdaxiləsi olmamalıdır. Bundan sonra onunla bağlı müəyyən məlumatlar yayılmağa başladı. Ümumiyyətlə, təxminən son üç ildə şeyxə qarşı müəyyən bir təzyiqlər var.
 
Bundan əvvəl QMİ-nin bir sıra səlahiyyətləri əlindən alındı, çünki Azərbaycan dünyəvi dövlətdir və hiss olunur ki, dövlət dini maarifçiliyi artıq QMİ-nin xətti ilə yox, özü birbaşa həyata keçirmək istəyir. Bu da şeyxin sahəsinə müdaxilə idi. Üstəgəl, yeni məscid açıldı və QMİ-nin idarəsinə verilmədi, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə tabe edildi. Ehsan qadağası qoyuldu və şeyxin qardaşı buna etiraz etdi”. Kənan Rövşənoğlunun sözlərinə görə, Allahşükür Paşazadə hakimiyyət yanında, ölkədə və ölkədən kənarda nüfuzu olan adamdır: “İnandırıcı deyil ki, ona qarşı yüksək pillələrdə gözdənsalma kampaniyası aparılır. Amma ehtimal var ki, hakimiyyət daxilindəki hansısa qruplar onu sıxışdırmağa çalışırlar”.
 
Mənsur
 
Cebhe.info

Загрузка...
Загрузка...