Qızmar günəşdə referendum gəlişməsinin müdhiş sirri - ÖZƏL

Azərbaycan qızmar günəş altında qaynar siyasi proseslərin tən ortasındadır. Hadisələrin gedişatı, işıq sürəti, olayların bir-birini qabaqlaması soyuq başla analiz etməyə imkan vermir...
 
Bütün təhlillər yalnız olayların qismən səngiməsindən sonra daha obyektiv ola bilər. İndiki halda müəyyən ehtimallar irəli sürmək olar ki, bu da subyektiv rəy kimi dəyərləndirilməlidir.
 
Söhbət Türkiyə qiyamı, ANS-in bağlanması, referenduma hazırlıq, Qafqaz uniersitetinin bağlanması və ardınca gələ biləcək hadisələrdən gedir.
 
Politika.Az-ın məlumatına görə, bütün baş verənlərin fövqündə birinci dərəcəli hadisə Referendum Aktı layihəsidir. Ölkənin siyasi institunu və kursunu kökündən dəyişəcək bu layihənin irəli sürülməsinin səbəbləri yox deyil.
 
Ən ümdə məqam isə Türkiyə faktorudur. Araşdırmalar, bu layihəyə verilən reaksiyalar və gedən müzakirələrdən görünür ki, hakimiyyət vaxtında addım atıb. Məsələ təkcə mövcud iqtidarın öz ambisiyalarına fayda verəcək dəyişiklikləri reallaşdırmaq deyil.
 
Hətta 100 il sonra ölkəni idarə edəcək hökumət də bu yeni idarəçilik institundan istifadə edə bilər. Bu sistem nədən ibarətdir?
 
Politika.Az-ın təhlilinə görə, referendum Aktı layihəsi prezident səlahiyyətlərini gücləndirməyə hesablanıb. Azərbaycanda prezident üsu-idarəçiliyinin olduğu nəzərə alınsa, bu səlahiyyətlərin artırılmasına zərurət yarandığı müşahidə olunur.
 
Ölkədə parlament idarəçiliyi olsaydı, bu layihə hardasa uğursuz görünə bilərdi. Azərbaycan isə Türkiyədən fərqli olaraq prezident respublikasıdır. Bu mənada Milli Məclisin səlahiyyətlərinin daha az olduğu məlumdur.
 
Gedən müzakirələr və siyasi icmalçıların da verdiyi rəylərdən görünür ki, Türkiyədəki hərbi qiyam Azərbaycanda prezident səlahiyyətlərinin artırılmasına ehtiyac doğurub. 15 iyul çevrilişi göstərdi ki, Ərdoğanın nəzarətində yalnız polis var. Digər silahlı qüvvələr isə prezidentə tabe deyil. Təbii ki, Azərbaycanda hər hansı bir iğtişaş və ya xunta çevrilişi üçün zəmin görsənmir.
 
Lakin ölkəmizin yerləşdiyi siyasi coğrafya ordunun prezident tabeçiliyinə verməsini diktə edir. İran, Rusiya və Ermənistanla qonşuluqda yaşayan Azərbaycanın bu məsələdə yeni sistemə keçidi heç də daxili siyasətlə əlaqələndirilə bilməz.
 
Əvvəla, birinci vitse-prezident və vitse-prezidentlik institutunun təsis edilməsi dövlət idarəetməsini daha da aktivləşdirəcək, mükəmməlləşdirəcək. Bu, dünyanın bir çox ölkələrində özünü təsdiq etmiş mexanizmdir.
 
Habelə, əgər 18 yaşlı bir insanın seçmək hüququ varsa, onun seçilmək hüququ da olmalıdır. 18 yaşında gəncə deputatlıq üçün öz namizədliyini irəli sürmək şansı verilir. Seçim vətəndaşların öhdəsinə düşəcək, insanlar seçmək lazımdırsa, səs verəcək.
 
Əslində bu təklif çox mütərəqqidir. İnsanın hüquqlarının daha da genişləndirilməsi deməkdir. Əgər yetkinlik yaşına çatan insanın seçmək hüququ varsa, deməli seçilmək hüququ da var.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb.
 
Dəyişikliklərə əsasən dövlət başçısı Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq, baş nazir postu ləğv ediləcək, əvəzinə birinci vitse-prezident və vitse-prezidentlər təyin olunacaq.