​Qızla öpüşən şəxsi bıçaqlayan gənci həbsə aparan yol- İtaliyaya magistraturaya gedəcəkdi…

 
Bakıda Ramazan səhəri baş verən qanlı olay iki gəncin həyatın necə dəyişdi?- biri öldü; “onu bıçaqla vurdum; neçə dəfə vurduğumu bilmirəm”...
Hadisə baş verərkən Kamran Həsənzadənin 24 yaşı var idi. Ali məktəbi bitirən Kamran bir neçə gün sonra magistraturada oxumaq üçün İtaliyaya gedəcəkmiş. Ancaq öz məhəlləsində tanımadığı şəxslə etdiyi mübahisənin ağır sonluğu onu dəmir barmaqlıqlar arxasına göndərib.
 
Musavat.com-un məlumatına görə, mübahisə etdiyi şəxsə bir neçə bıçaq zərbəsi endirən Kamran daha sonra onu xəstəxanaya aparsa da yaralının həyatını xilas etmək mümkün olmayıb.
 
Qanlı olay ötən ilin iyun ayının 29-da Bakının Nərimanov rayonunda baş verib.  Kamran Həsənzadə yaşadıqları binaya gələrək qız yola salan 1990-cı il təvəllüdlü Nazim Ələkbərovla əvvəlcə sözlü mübahisə edib. Tərəflər arasındakı bu mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Onlardan biri əlini bitaya (taxta dəyənək), digəri isə bıçağa atıb.
 
Qətli törətməkdə təqsirləndirilən Kamran Həsənzadə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılarkən hadisənin təfərrüatlarını danışıb. Qətli bilərəkdən törətmədiyini və özünü müdafiə məqsədli ilə belə bir hərəkət etdiyini deyən Kamran əməlindən peşman olduğunu bildirib.
 
Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edib.
 
Təqsirləndirilən Kamran Həsənzadə müdafiə tərəfinin və öz vəkilinin suallarını cavablandırıb, hadisədən əvvəl və sonra yaşananları geniş şəkildə danışıb.
 
Mübahisənin başlama səbəbi…
 
Qətlin törədildiyi ilk gündən etibarən hadisəyə əsas səbəb qız üstündə başlayan mübahisə göstərilirdi. Belə ki, qətlə yetirilən N.Ələkbərov K.Həsənzadənin yaşadığı binaya orada yaşayan bir qızı yola salmağa gəlib. Deyilənə görə bu zaman N.Ələkbərov qızı öpüb. Buna narazılığını bildirən Kamranla Nazim arasındakı mübahisə də buradan başlayıb.
Məhkəmədə ifadə verən Kamran Həsənzadə qanlı olayın baş vermə səbəbinin bu olduğunu bir daha dilə gətirərək yaşananları danışıb:
 
“Biz məhəllədə uşaqlarla dayanmışdıq. Həmin qızın bizim binada yaşadığını bilirdim. Yeni köçmüşdülər. Qızı yola salıb blokdan çıxanda ona yaxınlaşdım. Mədəni və normal şəkildə özümü təqdim edib, bu binada yaşadığımı dedim. Ona bu hərəkəti ilə bağlı iradımı bildirdim. Bu cür hərəkətlər etməməsini, ayıb olduğunu dedim. Camaatın olan vaxtı bir daha belə hərəkətə yol verməməsini məsləhət gördüm. Onunla dava etmək niyyətim yox idi. Əvvəlcə mənim dediklərimə əhəmiyyət vermədən, saymazyana çıxıb getmək istədi. Bu hərəkətinə görə mübahisəmiz düşdü”- deyə K.Həsənzadə vəkillərin suallarını cavablandırarkən deyib.
 
“Maşından makarı götürüb gəlirəm”...
 
Kamranın bu iradlarından sonra mübahisə qızışıb. Sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Dava edən gənclərə məhəllədə olan Kamranın iki və Nazimlə birlikdə gələn Yapon adlı dostlar qarışıb.
 
K.Həsənzadə ifadəsində deyib: “Bizi aralaşdırandan sonra dedi ki, “maşından makarı götürüb gəlirəm”. Mən də özümü itirdim. Qayıdanda əlində bita var idi. Mənə çatanda bita ilə vurmağa başladı. Zərbələr belimə, başıma, qoluma dəydi. Ağzım və burnum qan idi. Mən də özümü itirmişdim. Maşından silah götürməyə getdiyini deyəndə mən də maşının arxasında olan bıçağı götürüb belimə qoydum. Silah gətirsə idi özümü qorumaq istəyirdim”.
Tərəflərin növbəti əlbəyaxası Nazimin bıçaqlanması ilə nəticələnib. Bita zərbələrindən sonra Kamran Nazimə bir neçə bıçaq zərbəsi endirib.
 
“Neçə dəfə vurduğumu bilmirəm”
 
“Onu vurmaq fikrim yox idi. Uşaqlar da bizi sakitləşdirməyə çalışırdı. Mən zərbə aldıqdan sonra özümü itirdim. Onu bıçaqla vurdum. Neçə dəfə vurduğumu bilmirəm. Uşaqlar bizi aralaşdıranda bıçaq əlimdən düşdü. Mən artıq özümdə deyildim”, - deyə Kamran baş verənləri danışarkən deyib.
 
Kamran hadisənin şokunda olduğunu, lakin dostlarının və bıçaqlanan Nazimin yanında olan Yaponun cəhdləri ilə yaralını xəstəxanaya aparıblar. İki maşınla yola çıxıblar.
 
“Atama dedim ki, dava eləmişəm”
 
Kamranın dedikləri: “Mənim maşınımı dostum Sultan sürürdü. Yaralı isə qabaqda gedən maşında idi. Əvvəlcə yaxınlıqdakı özəl klinikaya apardıq. Orada qəbul etmədilər. Ardınca təcili yardıma getdik. Orada da qəbul etməyəndən sonra 5 nömrəli xəstəxanaya getdik. Xəstəxanaya yerləşdirəndən sonra mən evə qayıdıb paltarımı dəyişmək istədim. Oradan ayrılanda Yapondan telefon nömrəsini aldım ki, zəng edib məlumat öyrənərəm. Evə gələndə atam və anam evdə idi. Atama dedim ki, dava eləmişəm. Əynimi dəyişib çölə çıxdım. Yaponla da bir neçə dəfə telefonla əlaqə saxlayırdım”.
 
K.Həsənzadə bildirib ki, xəstəxanaya ikinci dəfə gələrkən bıçaqlanan Nazim Ələkbərovun atası Nurəddin Ələkbərovu görüb. Xəstəxanada olanlar onun Nazimin atası olduğunu deyiblər. Lakin bu zaman Nurəddin Ələkbərov hadisəni törədinin Kamran olduğunu bilməyib.
 
İmsak vaxtı tökülən qan…
 
Hadisə gecə saat 4 radələrində baş verib. Kamran vəkillərin suallarına cavab olaraq həmin saatda məhəllədə nə etdiklərini açıqlayıb.
 
O, deyib: “Ramazan ayı idi. İmsak vaxtını gözləyirdik. Sonra namaza gedəcəkdik. Ramazan ayında binanın yaxınlığındakı restoran işləyirdi. Namaz qılanlar, oruc tutanlar səhər yeməyinə ora gəlirdi. Namaz qıldıqdan sonra hamı evinə gedirdi. Biz də yemək yedikdən sonra məhəllənin qarşısına gəldik. Sonra bu hadisə oldu”.
 
K.Həsənzadə onu da əlavə edib ki, ali təhsilini başa vuraraq İtaliyaya getməyi planlaşdırırmış: “Bir həftə sonra İtaliyaya gedəcəkdim. Ali məktəbi bitirmişdim. Heç bir yerdə işləmirdim. Təhsilimi davam etdirmək fikrim var idi. Magistraturaya qəbul olmuşdum. Avqustun 5-də İtalyaya gedəcəkdim. Təəssüf ki, belə bir hadisə baş verdi”.
 
Hadisəni törətməsindən çəkdiyi peşmançılığı dəfələrlə təkrar edən Kamran məqsədinin yalnız özünü qorumaq olduğunu deyib. Və o, əlavə edib ki, hadisənin bu vəziyyətə gəlib çıxmasında qarşı tərəfin də günahı çoxdur. Kamran ifadəsində bildirib ki, Nazim hadisə vaxtı içkili olub: “Onun içkili olduğunu hərəkətlərindən, danışığından hiss etdim. Mən deyənlərə çox aqressiv cavab verdi. Dedi ki, “sən kimsən mənə ağıl verirsən?”. Maşından silah gətirəcəyini deyəndə mən də bıçağı götürdüm. Onu qorxutmaq, özümü də müdafiə etmək istəyirdim”.
 
Məhkəmədə çıxışı zamanı psixoloji problemlərinin də olduğunu deyən Kamran bildirib ki, hərbi xidmətdə olduğu zaman yanında mina partlayıb. Bu hadisədən sonra da başına ağrılar yaranıb, psixoloji problemləri əmələ gəlib.
 
Qətlə yetirilən Nazim neft sahəsi üzrə mütəxəssis imiş
 
Qətlə yetirilən Kamran Ələkbərovun hüquqi varisi kimi onun atası Nurəddin Ələkbərov tanınıb.
 
N.Ələkbərov məhkəmədə çıxış edib. O, oğlunun hadisə baş verən gün dostları ilə görüşməyə getdiyini söyləyib və qeyd edib ki, 2 gün sonra oğlu Dubaya yola düşəcəkmiş: “Oğlum ali təhsilli mütəxəssisi idi. Bir müddət SOCAR-da çalışmışdı. Daha sonra ərəblərin şirkətindən iş təklifi adı. 28 gün Dubayda olur, 28 gün Azərbaycana qayıdırdı. İşini bilən, savadlı mütəxəssis olduğundan o, bir neçə şirkətdən iş təklifi almışdı. Bakıdan gedəndə də dostları ilə görüşürdü. Həmin gün də evdən buna görə çıxmışdı. Artıq uçuş bileti də alınmışdı”,- deyə N.Ələkbərov çıxışında qeyd edib.
 
Məhkəmə prosesi sentaybrın 16-da davam etdiriləcək.
 
Qeyd edək ki, K.Həsənzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.