“Qızıl Məryəm”in qətlini sifariş verən qızının ilginc məhkəmə ifadəsi - CİNAYƏT İŞİ

 
Anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, İttihama görə, bu il yanvarın 5-də saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.
 
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.
 
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham ediliblər.
 
Qətlə yetirilən qadın “Qızıl Məryəm” ləqəbli iş adamı kimi tanınıb. Onun “Moskva” univermağında, eləcə də paytaxtın ayrı-ayrı ünvanlarında  məşhur qızıl mağazaları olub.
 
Teleqraf.com qapalı keçirilən bu cinayət işinin istintaq materialını əldə edib. Həmin istintaq sənədlərində yer alan təqsirləndirilən şəxslərin ifadələrini oxucularımıza təqdim edirik.
 
 
“Bildirdi ki, həm borc silinsin, həm də səninlə rahat yaşayım”
 
 
Cinayət işi üzrə ifadə verən Günel Hüseynova bildirib ki, 2015-ci ilin noyabr-dekabr aylarında sevgilisi Asiman Məmmədov onun anası Məryəmə müraciət edib:
 
“Asim dostu Fəridin toyu olduğundan ona satmaq üçün, həmçinin banka olan borcunu bağlamaq üçün 30 min manat dəyərində qızıl götürüb. O, bir-iki ay ərzində qızılın pulunu ödəyəcəyinə söz verib. Asim qızılları götürərək anama ilkin olaraq 6 min manat pul verib. Asimandan eşitdim ki, anamdan götürdüyü qızılları satdıqdan sonra “Yapı Kredi”, “Unibank” və 5 nömrəli xəstəxananın yanında yerləşən kredit təşkilatı olamayan adını bilmədiyim banklara, Nəsimi rayonunda 17 saylı evin yaxılınğında olan lombarda və “Sindibad travel”ə olan borclarını ödəyib”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2015-ci ilin dekabr ayının əvvəllərində Asim onun yaşadığı evə gəlib: “Asim dedi ki, anam ondan aldığı qızlları geri tələb edir. Asim qızılları sataraq şəxsi ehtiyaclarına xərclədiyi üçün pulu qaytara bilməyib. Buna görə də anamla arasında mübahisə yaranıb. Anam Asimdən pulunu və yaxud da qızıl əşyalarını tələb edib, əks halda atasına şikayət edəcəyini bildirib. Asim də atasından qorxduğundan, mübahisəni davam etdirməmək üçün qızılların dəyərini ödəmək üçün vaxt istədi. Bundan sonra Asim qonaq otağına keçdi və orada bildirdi ki, bunu öldürmək lazımdır, həm borc silinsin, həm də səninlə rahat yaşayım. O, anamı öldürmək üçün adam axtaracağını, məndən də belə bir şəxsin tapılması üçün köməklik göstərməyimi istədi”.
 
Günel Hüseynovanın sözlərinə görə, bu mübahisələr 2015-ci ilin dekabr ayının sonlarına qədər davam edib, dekabr ayının son 10 günü ərzində Asim onların evlərinə gəlməyib və anası ilə görüşməkdən yayınıb: “31 dekabr 2015-ci ildə anamla Asim telefonda danışdı. O, anama yaxın günlərdə borclarını qaytaracağına söz verdi”.
 
“Mənzilimizə taksi ilə gəlməsi üçün 10 manat verdim”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ilin yanvar ayının ilk günlərində Asim ona anasına borclarını qaytara bilmədiyini, anasını qətlə yetirmək üçün adamın tapılmasını sürətləndirilməsini xahiş edib: “Asim ətrafında qətl hadisəsini törədə biləcək adam olmadığını dedi, qətlin icraçısını tapmağı mənə həvalə etdi. Narazlığımı bildirmədən Asimin təklifi ilə razılaşdım. Yanvarın 4-də Asimlə görüşdük. Ona Nicatın Ceyhun pula meyilli tanışının olduğunu və onunla bu qətl hadisəsini danışmağın mümkünlüyünü dedim. Asim xahiş etdi ki, Ceyhunun telefon nömrəsini əldə edim. Həmin gün Nicata zəng edərək Ceyhunun nömrəsini istədim. Həmin gün Nicatdan Ceyhunla görüşməsini istədim. Nicat bu görüşün səbəbini soruşdu. Ona Ceyhunla işim olduğunu bildirdim. Həmin gün Nicatla birlikdə evdən çıxdıq, yolda Nicat Ceyhuna zəng vurdu və “İncəsənət Gimnaziyası”nın yanında görüş təyin etdi. Orada Ceyhunla görüşdük. Ceyhun nə məsələ olduğunu soruşdu. Nicatın məsələdən xəbər tutmaması üçün ondan maşından düşməsini tələb etdim. Nicat avtomobildən düşəndən sonra Ceyhuna dedim ki, Asim adlı istədiyim oğlan anamdan böyük məbləğdə qızıl əşyalarını borc  götürüb və pulu qaytara bilməyib. Buna görə də Asim anamı öldürmək üçün məndən adam axtarmağı xahiş edib. Qətli yerinə yetirən adama Asim ilkin olaraq 5 min dollar, bir müddət sonra əlavə pul ödəyəcək. Ceyhun təklifimlə razılaşdı və anamı öldürməsi üçün mənzilimizə taksi ilə gəlməsi üçün 10 manat verdim. Ceyhun bundan kimlərin xəbərdar olmasını soruşdu. Ona bu işdə Asimlə məndən başqa heç kəsin xəbəri olmadığını bildirdim”.
 
“Asimə dedim ki, sənə sürprizim var”
 
Günel Hüseynova Nicata Ceyhunla olan söhbətini belə izah edib: “Nicata Ceyhunla görüşməyimin səbəbini Asimin mənə xəyanət etməsilə bağlı olduğunu dedim. Guya, Ceyhun Asimi güdməldir. Ceyhuna da Nicata bu cür danışdı. Söhbnətimizi bitirdikdən sonra Nicatı maşına dəvət etdim, üçümüz bir yerdə “Koala park”ın yanına gəldik. Orada asim mənə zəng verdi və harada olduğumu soruşdu. Asimə Nicatla birlikdə işim olduğunu söylədim. Asim mənə inanmadığını bildirdi. Buna görə də telefonu Nicata verdim. Nicat Asimə  “kompüter düzəltdirmək üçün gəlmişik” deyə bildirdi. Daha sonra avtomobildən düşdüm və bu zaman telefonda Asimə dedim ki, sənə sürprizim var, axtardığın adamı tapmışam, gəl evə, danışaq. Bundan sonra Ceyhun sağollaşaraq getdi. Daha sonra Nicat məni evə apardı. Asim evə məni gözləyirdi. Ona Ceyhun barədə danışdım. Ceyhuna razılaşdığımız kimi 5 min dolları verəcəyimizi dedim. Asim isə yanvarın 5-də, saat 6 radələrində “Moskva” univermağında qızıl alveri ilə məşğul olan Hətəm adlı şəxsə pul verməli olduğunu, ona görə də qətli təcili icra etmək lazım olduğunu bildirdi. Asim bir-iki saat bizdə olduqdan sonra getdi”.
 
 
“Asim dedi ki, aləm qarışacaq, mən gedirəm, bir azdan gələcəm”
 
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, yanvarın 5-də, saat 07.07 radələrində Ceyhun ona zəng edib və binanın qarşısında olduğunu, giriş qapısının kodunu bilmədiyi üçün binaya daxil ola bilmədiyini söyləyib: “1-ci mərtəbəyə düşdüm və qapını açaraq Ceyhunu içəri buraxdım. Bundan sonra mənzilə qayıtdım. Evdən Ceyhuna zəng vurdum və anamın yataq otağının yerini söylədim, sonra qızım Zəhranı götürərək evdən çıxdım. Qapını isə açarla bağlamadım. Zəhranı məktəbə qoyandan sonra mağazadan meyvə şirəsi aldım və evə qayıtdım. Orada ceyhunla rastlaşdım. Ceyhun həyəcanlı bildirdi ki, cinayəti başa çatdıra bilməyib. Ceyhunun ayağından yaralanmışdı. Anamın isə otaqda xırıltılı səsini, “ay ana, Allah kömək edin” deyə qışqırığını eşirdim. Ceyhuna qətli başa çatdırmadığı üçün pul verməyəcəyimi dedim. Ceyhun isə mənzildən tələsik getdi. Həmin vaxt Asimə zəng etdim. Asim binanın həyətində olduğunu söylədi. O, işin başa çatdığını soruşanda, təcili yuxarı qalxmasını bildirdim. Ceyhun gedəndən 5 dəqiqə sonra Asim mənzilə gəldi. Ona anamın yaralı olduğunu söylədim. Asim də evdən çıxmağımı, pilləkəndə gözləməyimi, işi özü tamamlayacağını bildirdi. Mən də pilləkəndə gözlədim. Təxminən 5-6 dəqiqədən sonra Asim mənzilin giriş qapısını açaraq məni səslədi. Dəhlizdə Asimin üst-başının qanlı olduğunu gördüm. Sonra mənzilin qapısını örtdüm və anamın yataq otağına yaxınlaşdım. Yataq otağının qapısının yarı açıq, anam isə döşəmədə uzanmış vəziyyətdə idi. Sonra mətbəxə qaçaraq anamın gecədən şkafdakı stəkana qoyduğu qızılları götürdüm. Sonra bloka çıxaraq qışqırmağa başladım. Səsimə qonşular gəldi. Həmin vaxt Asim mobil telefonuma zəng etsə də, qonşular yanımda olduğu üçün zənginə cavab vermədim. Daha sonra huşumu itirdim. Hadisə yerinə gələn həkimlər mənə yardım etdilər”.
 
Günel Hüseynovanın sözlərinə görə, özünə gələndə Asimin yanında görüb: “Asim qulağıma “hər şey yaxşı olacaq, hər şey bitdi, sakit dur, ağzını bütöv saxla” deyə bildirdi. Anamın meyiti morqa aparıldıqdan sonra günorta saatlarında Fəhriyyəgilə getdim. Təxminən 5 dəqiqə sonra Asim də ora gəldi. Həmin vaxt anamın rəfiqəsi Təranə Qasımova mənə yaxınlaşdı və getmək istədiyini bildirdi. Təranə ona hadisə zamanı saxlamaq üçün verdiyim içərisisində 1800 manat və bank kartları olduğu pul kisəsini qaytardı. Həmin pul kisəsini saxlamaq üçün Asimə verdim. Asim pul kisəsi cibinə yerləşmədiyi üçün mənə qaytardı. Pul kisəsinin içərisində olan 1800 manatı saxlamaq üçün  Asimə verdim. Bundan sonra mətbəxə keçdim. Ora Asimi də çağırdım. Evdən götürdüyüm qızlları da Asimə verdim. Sonradan qızılları harada olduğunu soruşdum. Asim qızılları dostu Fəridə verdiyini, 1800 manatın isə özündə olduğunu bildirdi”.
 
“Dedi ki, səni və səninlə ailə quracaq qızı öldürəcəm”
 
Cinayət işi üzrə şahid qismində ifadə verən Asim Məmmədov bildirib ki, Günel Hüseynova ilə 2011-ci ilin iyun ayında “Facebook”da tanış olub: “2011-ci ilin iyul ayında Günellə “Sizin klub” çay evində görüşdük və orada onunla cinsi əlaqədə olduq. Bundan sonra onunla mütəmadi olaraq əlaqə saxlamışıq. 2013-cü ilin yanvarında Günelin mənə qarşı olan münasibətləri soyuqladı və mənimlə əlaqə saxlamadı. Günel Murad adlı Türkiyə vətəndaşı ilə evlənəcəyini desə də, 2015-ci ilin mart ayında mənimlə münasibətlərini bərpa etdi. Güneldən eşitdiyimə görə, Murad başqa bir qadınla ailə qurub. Bundan sonra bir neçə dəfə Günelin başqa kişilərlə münasibətdə olduğunu hiss edərək onunla əlaqələrimi kəsməyə çalışdım. Bu səbəbdən Günlə ailə quracağımı dedim. Günel mənə “əgər məni atıb getsən başqası ilə evlənsən, səni və səninlə ailə quracaq qızı öldürəcəm”, -deyə bildirdi. Bundan qorxuya düşərək onunla əlaqələrimi kəsmədim”.
 
Asim Məmmədov daha sonra əlavə edib ki, 2014-cü ilin dekabr və ya 2015-ci ilin yanvar ayında Günel xalası Fəhriyyə Eyvazovanın ruhi əsəb dispanserinə yerləşdirildiyini deyib: “Məndən anası Məryəmi dispanserə aparıb-gəritməyimi xahiş etdi. Bununla da Məryəmlə münasibətlərim yaranmağa başladı”.
 
“Cinsi əlaqədə olmaqdan ötrü “sürprizim var” deyə bildirib”
 
Asim Məmmədov daha sonra ifadəsində bildirib ki, Məryəmdən qızıl əşyaları götürüb və həmin qızılları Günel Hüseynovaya verib. Asim Məmmədov ifadəsində Məryəmin qətli planından, sonra da qətlə yetirilməsindən xəbərsiz olduğunu söyləyib: “2016-cı ilin yanvarın 4-də Güneldən Məryəmin öldürülməsi üçün adam tapıb-tapmadığını soruşmamışam. Həmin vaxt Günel mənə “hə balam, səbə sürprizim var, tez bizə gəl” deyə bildirib. Həmin gün Günelin yaşadığı mənzildə görüşdüm. Həmin vaxt Günel mənə anası Məryəmin qətlə yetirilməsi üçün icraçı tapması, həmin adamın Nicatın dostu Ceyhun olması, həmin gün axşam Məryəm işdən evə gələndə Ceyhun sifarişi icra edəcəyi barədə bir söz deməyib. Günel ilə heç vaxt Məryəmin öldürülməsini planlaşdırmamışam, bu barədə Günellə və başqa şəxslə razılığım olmayıb. Günel anasını öldürmək üçün qatil tapdığını deməyib. Günelin həmin gün mənə “sürprizim var” dedikdə nəyi nəzərdə tutduğunu dəqiq xatırlamıram. Günel xəstə olduğu, üçün onunla cinsi əlaqədə olmurduq, güman edirəm ki, yanvarın 4-də Günelin xəstəliyi sağladığı üçün mənimlə cinsi əlaqədə olmaqdan ötrü “sürprizim var” deyə bildirib”.
 
Asim Məmmədovun sözlərinəm görə, yanvarın 5-də səhər saatlarında Günelə zəng edib və onun əhval-ruhiyyəsini soruşub: “Günel ağlaya-ağlaya “anamı öldürüblər” deyə telefonu söndürdü. Narahat olaraq bir neçə dəfə Günelə zəng etdim. Lakin Günel telefona cavab vermədi. Sonuncu zəngimə Fəhriyyə telefonu açdı, mənə Məryəmin öldürüldüyü dedi, məni yaşadıqları evə çağırdı. Mən də ora getdim. Orada Məryəmin iş yoldaşları, polis və prokurorluq işçilərini gördüm”.
 
Şahid qeyd edib ki, Günel onun vasitəsi ilə Fərid Bayramlını tanıyıb: “Günelin bu vasitə ilə Fəridin harada işləməsi barədə məlumatı olub. Fəridin işlədiyi “Azərsğorta” şirkətinə getmişəm. Fərid mənim xahişim əsasında Günelin avtomobilini sığortalayıb. Yanvarın 6-da hal-əhval tutmaq üçün Günelə zəng etdim. Günel polis idarəsində olduğunu, oradan çıxanda zəng edəcəyini bildirdi. Lakin həmin gün Günel mənə zəng etdi. Yanvarın 7-də, səhər saat 10.00-da Məryəmin rəfiqəsi Samirə mənə zəng etdi və bildirdi ki, xəbərin var, Məryəmi qızı Günel öldürdüb, Günel xalası oğlu Nicatın vasitəçiliyi ilə dostu Ceyhuna qətli sifariş verib, buna görə də Ceyhuna 5 min dollar verib”.
 
Asim Məmmədov bildirib ki, Məryəmlə aralarında heç vaxt narazılıq olmayıb: “Əksinə Günellə Məryəmin arasında mübahisə olub”.  Şahid Fərid Bayramlı  bildirib ki, Asim Məmmədovun vasitəsi ilə nə Güneldən, nə də Məryəmdən qızıl almayıb: “Asim Məryəmin qətlə yetirilməsindən sonra və ya əvvəl mənə  qızıl verməyib”.
 
Təqsirləndirilən Nicat Eyvazov ifadəsində bildirib ki, Günel Hüseynova anası Məryəmin 20 min manatlıq qızılını sataraq xərclədiyini, anasının bundan xəbər tutduğu üçün aralarında münaqişə yarandığını bilib: “Günel anasını öldürmək qərarına gəldiyini bildirdi. Mən də ona cinayətin icrasını dostum Ceyhuna sifariş vermək barədə razılığa gəldim”.
 
Nicat Eyvazov ifadəsində Ceyhun Əsgərovu qətli törətmək barədə danışıqlar aparmasını etiraf edib: “Günel sifarişi icra etdikdən sonra Ceyhuna 5 min dollar verəcəyini, bu hadisədən sonra Ceyhunla birlikdə əyləncəli günlər keçirmək üçün istirahət yerinə göndərəcəyini vəd etdi”.
 
Nicat Eyvazov ifadəsində daha sonra Ceyhunun Məryəmin yaşadığı mənizilə gəlməsindən, qətl hadisəsini törədilməsindən danışıb.
 
Ceyhun Əsgərov da ifadəsində Nicat Eyvazovun vasitəsi ilə Günellə görüşdüyünü, qətlin törədilməsi barədə razılığa gəlməsindən danışıb. O, qeyd edib ki, yanvarın 4-də Nicat Eyvazov 20 min manatlıq xeyr olacağı barədə ona SMS göndərib. Bundan sonra təyin edilmiş yerdə Nicat və Günellə görüşüb. Onun ifadəsinə görə, qətlin törədilməsi barədə razılığa gəliblər. O, qeyd edib ki, yanvarın 5-də, səhər saat 07 radələrində Günel qızı ilə birlikdə evdən çıxandan sonra Məryəmin olduğu evə daxil olub. Onun ifadəsinə görə, yataqda olan Məryəmə 35 bıçaq zərbəsi vurub.
 
Ceyhun Əsgərovun ifadəsinə görə, vurduğu bıçaq zərbələri nəticəsində qadın dünyasını dəyişib. O,  hadisəni tamah məqsədilə törətdiyini deyib.
 
QEYD: Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı prosesdə keçirilib. Məhkəmənin hökmü ilə Günel Hüseynov 18, Ceyhun Əsgərov 19, Nicat Eyvazov isə 10 il azadlıqdan məhrum edilib.