​Qızı zorlayan şəxs onunla evləndikdə həbs edilməyə bilər? - RƏYLƏR

 
"Cinsəl istismar edən qurbanla evlənmək istəsə, həbs edilməyəcək".
Bu təklif Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılıb. Lakin bu qısa zamanda böyük etirazlara səbəb oldu. Etiraz edənlər bunu yeniliyin insan hüquqlarını pozduğunu bildirir. Bu təklifi irəli sürənlər bu əlavənin yalnız nikah yaşı çatmamış şəxslərlə ailə quran şəxslərə aid edildiyini iddia edir. Onların fikrincə, təklif həmin münasibətdən doğulan uşaqların və bu münasibətdəki qadınların qurban olmaması üçün irəli sürülüb.
Ölkəmizdə oxşar halların müşahidə edildiyini nəzərə alaraq bu təklifin bizim üçün real olub-olmadığını araşdırdıq.
 
 
Türkiyədəki bu təkliflə yaxından maraqlanan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Publika.az-a zorakılıqdan sonra hər hansı bir ailənin qurulmasının mümkün olmadığını düşünür: “Türkiyədəki kimi, bizdə də bu cür təkliflə çıxış edəcək şəxslərin olacağını istisna etmirəm. Çünki müxtəlif vaxtlarda zorakılığın qarşısını almaq üçün ölkəmizdə bu kimi qəribə təkliflər səsləndirilib. Hesab edirəm ki, bəzi valideynlər də belə bir təklifin qəbul edilməsini istəyə bilər. Çünki onlar belə hesab edir ki, zorakılıq qızın gələcəyini sual altında qoyur və buna görə zorlayan kişi onunla evlənməlidir. Onları narahat edən həmin qadının zorlama prosesindəki hissləri yox,”sənin qızın evdə qalıb” sözlərini eşitməməkdir.Yəni, əsas prioritet qızın evdə qalmasıdır, nəinki onun hissləri. Bu baxımdan yanaşıb, məsələni gündəmə çıxartmaq istəyənlər olacaq”.
M.Zeynalova deyir ki, bu məsələ ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasına ziddir: “Bu cür qanunların qəbulu qadın hüquqlarının zorlanmasından başqa bir şey deyil. Azərbaycan qanunvericiliyində erkən və məcburi nikah, 18 yaşdan tez ailə qurmaq cinayət məsuliyyətidir. Həmin qanunlardan sonra bu cür qanunun təklif edilməsi növbədə ziddiyyətdir. Bu, ilk növbədə konstitusiyaya qarşı gəlməkdir. Çox qəribədir ki, bu cür təkliflər yalnız qadınlarla bağlı qəbul edilir”.
 
 
Millət vəkili Musa Quliyev hesab edir ki, bu məsələ həm hüquqa, həm də mənəviyyata zidd məsələdir: “İnsan əvvəl kiməsə qarşı zorakılıq edib, məcbur ailə quran şəxsin onunla nikah bağlamasını və bağışlanmasını gözləmək zorakılığı təbliğ etməkdir. Bu layihənin qəbul edilməsi problemin həllinə yox, zorakı cinayətkarların artmasına səbəb ola bilər. Hesab edirəm ki, bu nə hüquq cəhətdən mümkün deyil. Qadınlara və bu münasibətdən doğulan uşaqlara qarşı təhqiramiz yanaşmadır. Bizdə belə məsələnin müzakirəyə çıxarılması mümkün deyil”.