"Qısa müddət ərzində konkret tədbirlər görülməsə..."

Geniş ərazidə torpaqların təkrar şoranlaşması baş verə bilər
 
 
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsası 1923-cü ildə qoyulsa da, müstəqil institut kimi 1945-ci ildə təşkil olunub. İnstitut Azərbaycanda torpaqşünaslıq-aqrokimya elm sahələri üzrə nəzəri və təcrübi problemlərin həlli mərkəzidir. Hazırda burada 250-dən çox əməkdaş fəaliyyət göstərir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev  torpaqşünaslıq, ekologiya, aqrokimya  və meliorasiyanın bir sıra problemləri üzrə  aparılan elmi tədqiqat işləri ilə bağlı Moderator.az-a müsahibə verib.
 
- Əlövsət müəllim, əvvəlcə apardığınız tədqiqat işləri barədə oxuculara məlumat verərdiniz.
 
- Əvvəla qeyd edim ki, apardığımız tədqiqatların uğurlu olması dövlətin elmin inkişafına göstərdiyi diqqət və qayğının, AMEA-nın rəhbərliyinin, xüsusən akademiyanın prezidenti Akif Əlizadənin biz elm adamlarına verdiyi dəstəyin nəticəsidir. Son dövrlər institut əməkdaşları tərəfindən pambıqçılığın daha da inkişaf etdirilməsi və yüksək məhsulun əldə edilməsi üçün elmi tövsiyələr hazırlanıb, respublikanın suvarılan torpaqlarından səmərəli istifadə edilməsi yolları araşdırılıb. Bundan başqa, institutda əkin strukturunun təkmilləşdirilməsi, torpaqların ekoloji qiymətləndirilməsi, meliorativ vəziyyətinin araşdırılması və münbitliyinin bərpası, suvarma sistemlərinin müasir fəaliyyətinin qiymətləndirilməsi, torpaqların aqrokimyəvi vəziyyətinin öyrənilməsi, suvarma, drenaj və kollektor sularının kimyəvi analizlərinin aparılması istiqamətində də elmi-tədqiqat işləri aparılır.
  Müxtəlif miqyaslı və təyinatlı torpaq xəritələrinin və torpaqların qida elementləri ilə təmin olunma kartoqramlarının hazırlanması, torpaqların təbii və antropogen təsirlərdən (neft, nitratlar, ağır metallar və başqa maddələrlə) çirklənməsinin tədqiqi və rekultivasiya üsullarının işlənib hazırlanması, torpaqların təbii münbitliyi nəzərə alınmaqla bitkinin mineral, üzvi qida elementlərinə olan ehtiyacını təmin edən səmərəli gübrələmə sistemlərinin işlənməsi də bizim əsas vəzifələrimizdəndir.
 
- Suvarma sularının minerallaşma dərəcəsinin müəyyən edilməsi istiqamətində hansı tədqiqat işləri aparılıb?
 
- Muğan-Salyan düzünün suvarma sularının minerallaşma dərəcəsi və lilliyinin mövsümlərdən asılı olaraq dəyişməsi müəyyən edilib, “Kür-Araz ovalığı torpaqlarının deqradasiyası” xəritəsi hazırlanıb. Xəritədə hazırlanmış metodika əsasında deqradasiyanın inkişaf dərəcəsi, tipi və növünü nəzərə almaqla konturlar ayrılıb, deqradasiya(eroziyaya uğrama) dərəcələri müəyyən edilib.
Quru subtropik zonanın suvarılan torpaqlarında yem bitkilərinin aralıq əkinlərində dənli və paxlalı bitkilərin optimal sxemi təklif olunub, yaşıl yem və üzvü qalıqların kütləsinin 2-3 dəfə artması müəyyən edilib. Respublikanın rütubətli və quru subtropik çay subasarlarında GPS tətbiqi əsasında aparılmış çöl-torpaq və kameral-laboratoriya tədqiqatları nəticəsində allüvial-hidromorf torpaqların morfogenetik diaqnostikasına, xüsusən qleyləşmə və şoranlaşma proseslərinin xarekterinə, qrunt sularının səviyyəsinə  mikrorelyefin təsiri müəyyənləşdirilib.
Respublikanın quru subtropik zonasında düzən-meşə torpaqlarının və müxtəlif parametrlərin morfogenetik göstəricilərinin təbii-antropogen təsirdən dəyişməsi  aşkar edilib. Abşeronda torpaqların fiziki-kimyəvi xassələrinə və torpaq örtüyü strukturasının formalaşmasına palçıq vulkanlarının təsiri tədqiq edilərək ərazinin torpaq xəritəsi hazırlanıb.
 
- Mətbuata verdiyiniz açıqlamalardan bilirik ki, institutun laboratoriyalarında xam neftlə çirklənən ərazilərdə hansı ağacların əkilməsinin torpaqların münbitliyinin artırılmasına fayda verəcəyi istiqamətində də tədqiqatlar aparılır. Bu sahədə vəziyyət necədir?
 
- Çox maraqlı bir məsələyə toxundunuz. Bizim bu istiqamətdə də fundamental tədqiqatlarımız vardır.
Bildiyiniz kimi, son zamanlar  sənaye  və  kənd təsərrüfatının sürətlə inkişafı ölkəmizdə də münbit torpaq qatının pozularaq və çirklənərək yararsız hala düşməsinə gətirib çıxarır. Bu da öz növbəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalmasına səbəb olur. Eləcə də antropogen təsir nəticəsində respublikamızın torpaq ekoloji göstəricilərində də dəyişikliklər baş verir.                                                                                                               
Odur ki, Abşeron və Böyük Qafqazın cənub yamanclarında müxtəlif dərəcədə çirklənmiş torpaqların istilik-fiziki, su-fiziki, elektrik və optik xassələri temperaturdan, rütubətdən, üzvi və mineral tərkibindən və digər təsiredicilərdən asılılığı müəyyənləşdirilib. Bibi-heybət ərazisində müxtəlif dərəcədə xam neftlə çirkləndirilmiş  boz qonur torpaqlarda əkilmiş ağac və kol bitkiləri ilə torpaqların rekultivasiya üsulları tətbiq edilməkdədir. Abşeronun ağır-gilli şorlaşmış torpaqlarının münbitliyinin bərpasında yerli üzvi tullantılardan hazırlanmış “Qala” kompostunun duzadavamlı bitkilər altında tətbiqinin səmərəliliyi öyrənilib.
Abşeron şəraitində badam bitkisi altında mis və sink mikrogübrələrinin tətbiqi  bitkinin məhsuldarlığını artırıb, hektara 2 kq mis və 2,5 kq sink gübrəsi verildiyi variantlarda daha effektli gübrə norması kimi müəyyənləşdirilib. 
 
 Zeytun bitkisi üzərində də təcrübələr aparılıb və  bitkinin  neftlə çirklənmiş sahələrdə böyüməsi müəyyən edilib. Cır nar bitkisi üzərində aparılmış tədqiqatların nəticəsi göstərib ki, xam neftlə çirklənmənin dərəcəsi artdıqca bitkinin inkişafı zəifləyir. Belə ki, basdırılan nar tingləri 2-4%-ə qədər neftlə çirklənmiş torpaqlarda artıq 3 aydan sonra yarpaqları saralıb və tədricən quruyaraq məhv olub. Bu isə həmin bitkinin neftlə çirklənmiş sahələr üçün xarakterik olmadığını göstərir.
 
- Şoranlaşmış torpaqların müəyyənləşdirilməsi sahəsində apardığınız tədqiqatların nəticələri barədə də məlumat verərdiniz.
 
- Kür-Araz ovalığı torpaqlarının şorlaşma dərəcələri üzrə Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində işlər görülür və Avropa İttifaqı standartlarına uyğunluğunun müqayisəli təhlili aparılır. Burada torpaqların şoranlaşma vəziyyətinin ilkin elmi təhlil olunması və tədqiqat obyekti üzrə torpaqların şoranlaşma vəziyyətinə dair mövcud informasiyaların sistemləşdirilməsi, son nəticədə torpaqların rəqəmsal şoranlaşma xəritəsinin tərtibi imkanlarının tədqiqi həyata keçirilib. Ovalıqda kompleks meliorativ tədqiqatlar aparılaraq torpaqların su-duz rejiminin tənzimlənməsi və bitkilərin məhsuldarlığına təsiri öyrənilməkdədir. Nəticədə Muğan düzündə pambıq və taxil bitkisi altında torpaqlarda duzların miqdarının profil boyu 10-15% artması nəticəsində onların miqdarından asılı olaraq, məhsuldarlığın azalması müşahidə edilib.
 Respublikada suvarılan əkin sahəsi  1,45 milyon hektar təşkil edir ki, onun da müəyyən hissəsi müxtəlif dərəcədə şorlaşmaya məruz qalıb. Ölkəmiz suvarılan əkin sahələrinin ərazisini 1,7 milyon hektara çatdıra bilsə və onun 60%-i (1,0 milyon hektar) taxıl altında istifadə olunsa, bu ərazidən azı 3 milyon ton taxıl toplamaq olar. Qalan 40% ərazinin 20%-i (340 min hektar) pambıq, 15%-i (255 min hektar) yonca, 5%-i  (85000 hektar) digər bitkilər altında istifadə edilsə, toxuçuluq sənayemizi, heyvandarlığı və kənd təsərrüfatının digər sahələrini də lazımi səviyyədə inkişaf etdirə bilərik.
 Son illərdə Kür-Araz ovalığının Şirvan, Salyan, Mil düzlərində apardığımız torpaq tədqiqatları zamanı müəyyən edilib ki, əvvəlki illərdə əkin yerləri olan bir çox torpaq sahələrində təkrar şoranlaşma baş verdiyi üçün hazırda istifadə olunmur. Buna səbəb keçid dövründəki iqtisadi çətinliklərlə əlaqədar keçən əsrin 50-80-cı illərində dövlət tərəfindən ayrılmış külli miqdarda vəsait hesabına tikilmiş kollektor-drenaj və suvarma şəbəkələrinin xeyli hissəsinin baxımsızlıq üzündən yararsız hala düşməsi və əsaslı təmirə ehtiyacı olmasıdır. Bu sahədə qısa müddət ərzində dövlət miqyasında konkret tədbirlər kompleksinin həyata keçirilməsi təmin olunmasa geniş ərazi torpaqlarının təkrar şoranlaşması baş verə bilər və şoranlaşmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması üçün külli miqdarda vəsait və uzun müddət lazım gələr.
 
- Siz açıqlamalarınızın birində lildən üzvi gübrə kimi istifadə olunmasının mümkünlüyündən danışmısınız. Bu necə ola bilər və həmin istiqamətdə konkret tədqiqat işləriniz varmı?
 
- Salyan düzünün və xüsusilə Neftçala rayonunun torpaqlarının Azərbaycanın Kür-Araz ovalığında olan digər torpaqlar kimi, münbitlik göstəriciləri çox aşağıdır. İnstitun elmi işçiləri müəyyən ediblər ki, Neftçala rayonu ərazisində olan Kür çayının deltasında toplanmış milyon tonlarla lilin zəngin mineraloji tərkibi var. Üzvi gübrələrin, bakteriyaların və Kür lilinin qarışığından alınan zəngin qida maddələri rayonların qüvvədən düşmüş torpaqlarının münbitliyinin artırılmasında geniş istifadə oluna bilər. Bu üzvi gübrələrin hazırlanması üçün rayon rəhbərliyinin təşəbbüsü ilə xeyli iş görülüb. 
  Lakin son mərhələdə bakteriyaların əldə olunmasında çətinliklər yaranıb. Bunun üçün vəsait olarsa, qısa müddət ərzində milyon tonlarla üzvi gübrələrin istehsal edilib sahələrə verilməsi və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınması mümkündür. Kimyəvi mineral gübrələrin torpaqlara geniş həcmdə verilməsi torpaqların münbitliyini aşağı salmaqla yanaşı, orada olan canlı orqanizmləri məhv edir, torpaqların strukturunu pozur və min illərlə təmizlənə bilməyən qrunt sularını zəhərləyir. Qeyd olunanlar nəzərə alınaraq Neftçala rayonunda üzvi gübrələr istehsal edən zavodun inşası artıq zamanın tələbidir.
 
- İnstitut xarici elm adamları ilə əməkdaşlıq edirmi?
 
- İnstitutun xarici ölkə alim və mütəxəssisləri ilə əməkdaşlığı səmərəli şəkildə davam etdirilir. Rusiyanın Ryazan vilayətinin və Meşerski Elmi-Texniki Mərkəzinin baş direktoru, professor Yuriy  Majayskiy, Türkiyənin Ankara şəhərində yerləşən “Atomika Texnik” şirkətinin baş direktoru  Sinan Sekülü və direktor müavini  Naci Saracoğlu,  Koreya Respublikasının Seul  Universitetinin alimləri Hee-Myong Ro və doktor Junho Han, İsrailin  “İRRİGATOR” suvarma texnologiyaları şirkətinin   inkişaf direktoru Sergey Alba, Almaniyanın analitik cihaz istehsalçısı Analitik Yena şirkətinin nümayəndəsi  İoan Marko, Polşanın “İntermag” şirkətinin  nümayəndələri Artur Jachymczak və Qalina Kulakovskaya birgə elmi tədqiqat işlərinin aparılması üçün institutumuzda olub və əməkdaşlıq barədə müqavilə imzalanıb.
 
- Əkinçiliyin inkişafı və məhsuldarlığın artırılması üçün aqrar sahə alimlərinin fermerlər, torpaq mülkiyyətçiləri ilə sahələrdə görüşünün təşkilinə necə baxırsınız?  İnstitutunuz bu istiqamətdə hansısa bir iş görə bilərmi?
 
- Ayrı-ayrı regionlarda əkinçiliyin elmi qaydada inkişaf etdirilməsi və yüksək nəticələr əldə edilməsi üçün fermerlərlə ölkənin aqrar sahə alimlərinin ixtisaslaşma üzrə heç olmasa üç günlük problem-seminar dərslərinin təşkil olunması yaxşı səmərə verər. Buraya regionlara aid olan suvarma sistemlərinin və meliorasiya idarələrinin rəhbər işçilərinin də dəvət olunması yaxşı olar.
Hər rayonda alimlərin fermerlərlə ayda 2 dəfə məsləhət görüş günü adlı tədbirin keçirilməsi və burada müxtəlif aqrar sahə alimlərinin dəvət edilməsi də səmərəli olar. Məsləhət yerinin ünvanı məlum olduqda, fermerlərə metodik və praktiki köməyin göstərilməsi üçün şərait yaranar. Əlbəttə ki, AMEA-nın rəhbərliyi ilə razılaşdırılmaqla institutumuz belə tədbirlər keçirə bilər.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu bundan sonra da uğurlu nailiyyətlər əldə edərək, elmə sanballı töhfələr verəcəkdir.
 
Tural Səfərov

Загрузка...
Загрузка...