Qəhrəman şəhidin son mesajı: “Hamınız bizdə qalın...”

3 şəhid ailəsinin tək bir istəyi: “Qanları yerdı qalmasın, işğal altında olan bütün torpaqlarımız azad olunsun”
Füzuli rayonun Əhmədalılar kəndinə alatoranlıqda çatdıq.  İri yas çadırının girişində Azərbaycan bayrağı və  şəhidimizin şəkli asılmışdı.  Axşam saatları olsa da, hələ də şəhidin ailəsinə ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. İçərində aram-aram şəhidin ruhuna oxunan Quran ayələri qaranlıqda əks-səda verirdi: “Ya rəbbim, şəhidimiz Orxan Həmidovun ruhuna oxunan dualarımızı qəbul elə...”.  “Amin!!!”  sədaları toplumdan qopur.
Hamı qəhrəman şəhidimiz Orxan Həmidovun göstərdiyi qəhrəmanlıqlardan, düşmənə verdiyi layiqli cavablardan danışırdılar. Lələtəpədə hərbçi dostlarının şəhidimizlə bağlı, onun qəhrəmanlıqları ilə bağlı  söylədiklərini danışırıq qəhrəman qardaşımızın ailəsinə və ziyarətə gələnlərə. Qadınların olduğu evə doğru addımıayırıq. Şüşəbəndin girəcəyində bizi qəhrəman şəhidimiz Orxan Həmidovun elə qapının yanındaca yatan balaca oğluyla qarşılaşırıq. Aglamaqdan qızarmış gözləri və  yanaqları səyriyir.  Yanıüstə, dizlərini qarnına büküb, yuxuya gedib.  Təəccüblə “Soyuq olar, niyə burada yatır”,- deyə narahatlığımızı bildiririk.  Dərddən büzüşən anası dedi ki, atasının şəhid xəbəri gələndən ailə üzvlərinin heç biriylə danışmır. Göz qapaqları öz-özünə yumulanadək oturduğu yerdən tərpənmir. Onu bu inadından heç kim döndərə bilmir. Deyir ki, bilirəm, atam gələcək , onu gözləyirəm. Atam gələcək yenə məni qucağına alıb yatağıma aparacaq... 
Artıq  10 gündür ki, şəhid oğlu inadla, ölumün açığına atasının yoxluğunu qəbul edə bilmir. Anası deyir ki, hər gün belədir: “Gözləyirik tam yuxuya keçsin, sonra yatağına aparırıq”. Orxanın  anası çox çətinliklərlə böyüdüb qəhrəman oğlunu.  Haqqında danışdıqca, xatirələri çözələnir, gözləri dolur. Amma ağlamır şəhidimizin anası.  Deyir ki,  oğlu ona və ailəsinə layiqli övlad olub. Hələ erkən yaşlarından  çalışaraq anasına, ailəsinə dəstək olub. Anası Orxanın son döyüşündən də danışır. O, Lələtəpə uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Sanki, geri qayıtmayacağını bilirmiş. Aprelin 1- i axşam saat 21.23-də yaxınlarına bir mesaj gəlir:  “Hamınız bizdə qalın...”. Bundan sonra telefonuna zəng çatmır. Bir neçə saat sonra nədən bu mesajı yazdığının səbəbi ailəyə tam aydın olur. Az keçmir ki, ətrafı uzaqvuran top səsləri bürüyür. Kənd sakinləri  döyüş gedən ərazi tərəfə boylanıb nə baş verdiyini anlamağa çalışır. Qarşıdakı saatlarda nəyin baş verəcəyini bilən Orxan isə torpaqlarımızı azad etmək uğrunda vuruşarkən hər an şəhid ola biləcəyinin fərqindəydi. Məhz, buna görə də  ala biləcəkləri ağır xəbərdən ailəsinin sarsılmasını istəmirdi.
Orxan Həmidov işğal altında olan torpaqlarımız uğrunda qəhrəmanlıqla döyüşür, düşmənə layiqli cavab verir və şəhidlik zirvəsinə ucalır. “Vətən sağ olsun!”-,  deyir anası, xanımı və bütün ailəsi... Övladını min bir çətinliklə böyüdən ananın, onun mərdliyi və mətanəti qarşısında baş əyirik. Şəhid ailəsinin yalnız bir  istəyi var.  Şəhidlərimizin qanı yerdə qalmasın...
Gözləri qapıda hələ də atasının yolunu gözləyən şəhid oğlu isə hərbiçi olacağını, düşməni mənzilinədək qovacağını, işğal altındakı torpaqlarımızda özünə yurd yeri seçəcəyini deyir... Şəhid oğlu anlayır ki, atası artıq  təkcə onun deyil, millətin də qəhrəmanıdır və o atası ilə qürur duyur,  fəxr edir. Hamımız fəxr edirik. Nur içində yat qəhrəman qardaşımız.
 ... Qəhrəman şəhidimizn ailəsindən ayrılıb digər bir şəhidimizin ailəsini ziyarətə yollanırıq. Çoxlu adamlar var. Tanıyanlar, tanımayanlar. Hamı qəhrəman övladının ailəsinin yanında olmağı özünə borc bilir.  Anasız böyüyüb qəhrəman şəhidimiz  Əlvan Hüseynov... Nənəsinin yanında böyümüşdü. Nə qədər ağır olsa da, “Vətən sağ olsun!” -,  deyən bu yaşlı nənənin mərd, mətamətli duruşu qarşısında baş əyirik. Qabarlı əllərini öpüb “Allah sizi kimi ana-nənələri bol etsin, bu Vətəndə “-, deyirəm.Ailə üzvləri ilə söhbət edirik. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub Əlvanın. Hər zaman bundan danışarmış. Bu ailədə döyüşən çox insan var. Qardaşı, yaxın qorumlarının bir neçəsi də həyatını hərb sahəsinə bağlayıb. Yaşlı nənə Vətən sağ olsun deyir.  Müəllimləri və kənd camaatı  oxuduğu məktəbin onun adını daşımasını istəyir . Əlvanın qəhrəmanlıqlarından danışır hər kəs. Onun Vətən sevgisindən... Biz də doyüş yoldaşlarından Əlvan haqqında, onun necə mərd, qorxmaz, Vətənini dəlicəsinə sevən bir insan olması barədə eşitdiklərimizi danışırıq ailəsinə və ziyarətə gələnlərə. Vətən sağ olsun deyən bu qəhrəman şəhidimizin  ailəsinin də  yalnız bir  istəyi olur.  Şəhidlərimizin qanı yerdə qalmasın...
Bu rayondan olan şəhidlərimiz bir-birinə yaxın kəndlərdə yaşayıblar. Ona görə də  qəhrəman şəhidlərimizdən Səyyar Quliyevin ailəsinə yollanırıq.   Yenicə evləndiyi həyat yoldaşı isə sanki donub, heykəlləşib. Nə dinir, nə danışır, hələ də xəbərin şokunu yaşayır. Bətnində sevdiyi həyat yoldaşının 4 aylıq körpəsini daşıyır. Yaxın zamanlarda doğulacaq ilk övladı atasını görmədən dünyaya gələcək.  Atalı-analı körpələr kimi dünyaya gəlməsə də, şəhid övladı tituluna artıq sahiblənib. O,  bu dünyaya qəhrəman şəhidin övladı olaraq gələcək, bir ömür bundan qürur duyacaq...  Şəhidimiz Səyyar Quliyevin anası artıq nəvəsinin adını yəqinləşdirib.  5 ay sonra dünyaya gələcək körpə şəhid atasının adını daşıyacaq - Səyyar! Bir Səyyarı Vətən üçün şəhid verən ana gənc gəlninə ikinci Səyyarı böyütməyə kömək etmək üçün Allahdan möhlət istəyir.  “Balamın balasını özünə, Vətənə layiq övlad kimi yetişdirəcəm”-, deyir. Ziyarətə gələnlər Səyyarın necə qəhəman  oğul olduğundan danışırlar.  Həmkəndliləri, qohumları, yaxınları onun Vətənə sevgisindən, torpaqlarımızı işğaldan azad etmək istəyindən,  ailəsinə göstərdiyi diqqət və qayğıdan danışırlar....
Şəhid alələrinə baş çəkib onlardan ayrldıqdan sonra aldığım təəssüratı sözlə ifadə edə bilmirəm. Şəhid ailələrinin hamısı “Vətən sağ Olsun!” -, deyirlər və  yalnız bir  istəkləri olur. Şəhidlərimizin qanı yerdə qalmasın. Torpaqlarımızın hamısı düşmən işğalından azad olunsun. O gün balalarımızın ruhu şad olacaq, sakitlik tapacaq deyirlər. Biz isə inşallah o gün uzaqda olmayacaq deyirik. Nur içində yatsın bütün şəhidlərimiz!
Qənirə Paşayeva, Milli Məclisin üzvü