Qəbələdə qar görən ərəb turistlərin macəraları

 
 
 
Qəbələ sakinləri və rayona gələn yerli və xarici turistlər hazırda burada iki fəslin vəhdətini yaşayırlar. İki gündür ki, rayonun cənub hissəsində payız, şimalında isə qış fəslidir.
 
APA TV-nin yerli bürosunun xəbərinə görə Qəbələ şəhərinin şimalındakı kanat yolu ilə dağlara qalxan zaman hər kəs bu gözəl təbiət mənzərəsini seyr edə bilir. Qəbələ rayonuna ilk qarın yağması “Tufandağ” Qış-Yay Turizm Kompleksində istirahət edənlər üçün əsl sürpriz olub. Xüsusən də isti ölkələrdən Qəbələyə istirahət etmək üçün gələn ərəb turistlər bu anı yaşamaqdan xüsusi zövq alırlar. Qarın yağması ilə Qəbələdə qış turizminə erkən start verilib. Rayonun dağlıq əraziləri ağ örpəyə bürünüb. Hazırda yerli və xarici turistlərin kanat yolu ilə dağlarda gəzintisi təşkil edilir, “Tufandağ” otelində istirahəti təmin olunur.
 
Səudiyyə Ərəbistanından olan turist Muhəmməd İsmayıl bildirib ki, Qəbələdə havanın qəflətən dəyişməsi və qarın yağması çox maraqlıdır.
 
“Tufandağ” otelində dincələn əcnəbi turistlər Qəbələyə yağan ilk qarın yaratdığı gözəl mənzərədə yüksək səviyyədə istirahət etməyə çalışırlar. Onlar bu gözəl anları videokameranın yaddaşına köçürür, xatirə şəkilləri çəkdirir, qartopu oynayır, xizəklə sürüşür, qarlı havada dağlarda meşə gəzintisinə çıxırlar. Rayon mərkəzindən 4 kilometr şimalda və dəniz səviyyəsindən 1680 metr hündürlükdə olan kanatla 4 istiqamətə dağ gəzintisinə çıxmaq və qarın yaratdığı əsrarəngiz mənzərəni seyr etmək fürsətini heç kim əldə buraxmaq istəmir. Qış turizmindən həzz almaq üçün son iki gündə Qəbələyə gələn turistlərin sayı xeyli artıb.
 
Səudiyyə Ərəbistanından gələn turist Hacı Əli Amar burada dincəlməyin ona xüsusi zövq verdiyini deyib. O, Azərbaycana ilk dəfə səfər etdiyini, Bakıdan sonra istirahət üçün Qəbələyə gəldiyinə görə çox sevindiyini bildirib. Birləşmiş Ərəb Əmirliklərindən gələn Muhəmməd Yasif Qəbələnin təbiətinin çox gözəl olduğunu, burada qış fəslində istirahət üçün hər cür şəraitin yaradıldığını, qar yağandan sonra arzuladığı gözəl qış mənzərəsinin məhz burada şahidi olduğunu deyib.
 
Kanatla dağlardan aşağı, yəni Qəbələ şəhərinə doğru qayıtdıqca qış fəsli yenidən payıza, qar isə yağışa çevrilir. Sinoptiklər isə Qəbələdə qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırır.