Qaz və işığı çox istifadə edənlər batdı: Tarif Şurasından xalqa çarpaz zərbə - Detallar

 
Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı xəbərə görə, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Bu isə o deməkdir ki, qazdan və işıqdan çox istifadə edən ailələr batdı.
 
Eyni zamanda iş adamları, obyekt sahibləri, təsərrüfatı olan şəxslərə böyük zərbə endirildi. Bakıda xeyli sayda yeni binalar var ki, qazla təmin olunmayıb və onlar elektrikdən çox istifadə etmək məcburiyyətində qalıb.
 
Bu da həmin ailələr üçün elektrikin bahalaşması deməkdir. İqtisadi böhran əhalinin gününü göy əskiyə bükməkdə davam etdikcə İqtisadiyyat Nazirliyinin Tarif Şurası çarpaz zərbələr vurmaqdadır.
 
Politika.Az xəbər verir ki, minlərlə ailə olduqca ağır bir vəziyyətlə üzləşir. Dövlət rəhbərliyi təxirəsalınmaz antiböhran tədbirləri həyata keçirir. Amma bəzi yarıtmaz məmurların sayəsində ölkəni bahalaşma dalğası bürüyüb.
 
Qeyd edək ki, neftin ucuzlaşması və manatın dəyərdən düşməsi ölkəni iqtisadi fəlakətin kandarına yaxınlaşdırıb. Dövlət idarələrində ixtisarlar aparılır, banklar bağlanır, zavodlar ləğv edilir. Hər gün yüzlərlə insan işini itirir və minlərlə ailə çörəksiz qalır
 
İlin sonu yaxınlaşdıqca gedişat daha da pisləşir. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.
 
Üzən məzənnə əks-effekt verir. Bundan yalnız banklar qazanır, heç iqtisadi faydası da yoxdur, əksinə biznes mühitində qeyri-müəyyənlik yaranıb, maliyyə bazarında isə sabitlik pozulub. Hökumət manatın optimal kursunu indidən rəsmən bəyan etməli, üzən məzənnədən imtina edilməlidir.
 
Politika.Az xəbər verir ki, postneft dövründə qeyri-neft sektorunun inkişafı gücləndirilməlidir. Prezident İlham Əliyev də bu sektora təkan verir və müsbət islahatlar həyata keçirir. Lakin komanda daxilindəki bəzi monopolist qüvvələr antiböhran tədbirlərini tormozlayır.
 
Ölkədə iqtisadi vəziyyətin çətinləşməsi dövlət rəhbərliyinin təxirəsalınmaz addımlar atmağa sövq edib. Azərbaycanın kompleks antiböhran tədbirlər görməsi üçün artıq çiban yetişib. Dolların 2 manata gəlib çatması ondan xəbər verir ki, məzənnə yuxarıya doğru irəliləyir.
 
Manatın dəfn olunması nəticəsində ölkənin bütün strukturları böhran yaşayır. Yaxın aylarda və 2017-ci ildə neftin bahalaşması da gözlənilmir. Ölkədə sürətlə kütləvi işsizlik yaşanır, bank və maliyyə sektoru çökür, ticarət sahələrində durğunluqdur, özəl və dövlət sektorunda ixtisarlar baş alıb gedir.

Загрузка...
Загрузка...