“Qardaşımı vuran adamı uşaqlarına bağışladım...”- Tanınmış meyxanaçının qardaşı-FOTOLAR

Baxış sayı: 
353
0  
0  

 
 
Tanınmış meyxana ustadı Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avqustun 22-də gecə saatlarında yaşadığı Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə vurub. Dərhal 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılan şair xəstəxanada dünyasını dəyişib.
 
Bu gün biz Moderator.az olaraq meyxana ustadının yaşadığı Kürdəxanı qəsəbəsindəki evlərinə yollandıq. Bizi şairin əkiz qardaşı Xəlfə Quliyev və yaxınları qarşıladı.
 
“1962-ci il dekabrın 31-də dünyaya gələn Bayram qardaşı Xəlfə ilə əkiz doğulublar...”
Bayram Kürdəxanılıgil ailədə yeddi uşaq olublar: üç qardaş və dörd bacı. 1971-ci ildə Bayramın bacısı Xuraman 16 yaşında böyrək çatışmazlığından dünyasını dəyişib. 1975-ci ildə isə böyük qardaşı Nəcəfqulu da 23 yaşında böyrək çatışmazlığından dünyasını dəyişib. 1962-ci il dekabrın 31-də dünyaya gələn Bayram qardaşı Xəlfə ilə əkiz doğulublar. Qardaşı deyir ki, Bayramdan qırx dəqiqə sonra dünyaya gəlib. Böyük Bayram sayılsa da o, həmişə böyüklüyü qardaşı Xəlfəyə verib.
 
“İndi Kürdəxanı deyəndə, yada düşən elə Bayram Kürdəxanılı olur...”
 
 
 
Kürdəxanıdakı 113 saylı orta məktəbdə təhsil alan Bayramın elə uşaq yaşlarından şeirə, ədəbiyyata həvəsi olub. Həmin vaxtdan tanınmış meyxanaçılar Nizami Rəmzi, Kəbr Buzovnalı və Ağasəlim Çıldağ Bayramın yaxın dostları olub. Meyxana aləmində isə konkret olaraq ustadı olmayıb. Onun “Kürdəxanılı” təxəllüsünü götürməsi də maraqlı olub. Kürdəxanı kəndi haqda çox adamın məlumatı olmadığını görən Bayram bu təxəllüsü götürməklə yaşadığı kəndi hamıya tanıtmağı qarşısına məqsəd qoyub. İndi Kürdəxanı deyəndə, yada düşən elə Bayram Kürdəxanılı olur.
 
“Oğlunun vəfatından sonra ağlamaqdan gözləri tutulub...”
 
 
 
Özünü şeirə, sənətə, meyxanaya həsr edən şair heç vaxt ailə qurmayıb. Bunun üçün atası Məhəmmədqulu da ölənə qədər onun ailə qurmasını təklif etsə də, Bayram ailə qurmaqdan imtina edib. 2003-cü ildə şairin atası Məhəmmədqulu ürəyindəki problemdən dünyasını dəyişib. Bayramın anası Səkinə xanımın 84 yaşı var. Oğlunun vəfatından sonra ağlamaqdan gözləri tutulub. Yaxınları isə ona Bayramın qəzada yox, ürəyi dayandığı üçün vəfat etdiyini deyiblər. Səhhətindəki problemə görə qardaşı Səkinə anayla söhbət etməyi bizə məsləhət bilmədi.
 
“Elə əkiz qardaşı Xəlfə ilə bir həyətdə yaşayıblar...”
 
 
 
Bayram meyxana aləmində yaxşı hörmət qazana bilib. Onun dəfnində ölkənin hər bir nöqtəsindən insanlar iştirak ediblər. Sadəliyi ilə həmişə insanların hörmətini qazanan tanınmış meyxanaçı kasıba, əlsiz-ayaqsız insanlara da əl tutub. O, heç vaxt mal-mülk sahibi olmaq istəməyib. Ona görə də Bayramın bir çoxlarından fərqli olaraq nə bahalı maşını olub, nə də bir villası. Elə əkiz qardaşı Xəlfə ilə bir həyətdə yaşayıblar.  Bayram heç vaxt bir yerdə qalmayıb. O, həmişə rayonlarda, xaricdə toy mərasimlərində iştirak edib. Ən yaxın dostu isə meyxana ustadı Namiq Məna olub.
 
Qardaşı Xəlfə:“Bayramı vuran adamı uşaqlarına bağışladım...”
 
 
 
“Axşam saatlarında mənə xəbər gəldi ki, Bayramı maşın vurub. Dərhal xəstəxanaya getdik. Gördüm ki, Bayramın vəziyyəti pisdi. Ölüm ayağında oğlum Nəcəflə onun yanında oturduq. Hamımızı ağlamaq tutdu. Az sonra Bayram dünyasını dəyişdi. Bayramı vuran adamı uşaqlarına bağışladım. Çünki, qardaşımdan sonra kiminsə həbs olunmasını istəməzdim. Qəzadı Allahın işidi olub. Bayramsız çətin olsa da, dözməyə çalışıram” (Ağlayır)
 
 
 
Avqustun 22-də gecə saatlarında toydan gələn Bayrama qəfildən zəng gəlib və o, geri qayıdaraq piyada keçidindən yolu keçərək avtomobil gözləyib. Bu zaman Emin Fərhadov idarə etdiyi avtobillə onu vurub. Avqustun 23-də yaşadığı Kürdəxanı qəsəbəsində böyük izdihamla dəfn edilib.
 Allah rəhmət eləsin!
 
Vasif Əlihüseyn

Загрузка...
Загрузка...