Qaraçı uşaqdan milli həmrəylik dərsi - Müəllif yazısı

 
    
 
Avqustun ortalarıydı. "Konflik Jurnalistikası Məktəbi”nin təlimlərindən yenicə dönmüşdüm. Dağlarda keçdiyimiz təlimlərin yorğunluğu ötüb keçmək bilmirdi. Tək qalıb, bir az kənara çəkilmək lap yerinə düşərdi. Pulum az olsa da, Şəkiyə 2 günlük səyahət etmək qərarına gəldim...
 
Səhər açılan kimi çantamı toplayıb Ağdamdan Bərdə avtovağzalına yola düşdüm. Ağdamdan birbaşa Şəkiyə avtobus olmadığına görə bu istiqamətə gedənlər Bərdə avtovağzalına gəlir. Yolçuluq müddəti isə cəmi iki saat yarım sürür... Bəzi xırda gecikmələri nəzərə almasaq, hər şey qaydasında idi. Lakin avtobus hərəkətə başlayanda gələn telefon zəngi əməlli-başlı gərginlik yaratdı. Vaxtın necə keçdiyini, avtobusun harada olduğunu bilmirdim. Pərdəni çəkib yuxulamağa çalışırdım ki, dayandığımızı hiss elədim. Qapı açıldı. Sürücü qarışıq bir neçə sərnişin avtobusdan yerə düşdü. Çölə nəzər saldıqdan sonra Yevlaxın Xaldan qəsəbəsində olduğumuzu anladım. Bura Şəki, Qax, Zaqatala, Balakən istiqamətinə gedən avtobusların 5-10 dəqiqəlik saxladıqların məntəqədir. Burada sərnişinlər yol kənarında olan mağazalardan özləri üçün sərin içkilər və yüngül yol yeməkləri alırdılar. Pul az, iştaham da yox idi deyə aşağı düşmədim. Telefona gələn zəngin dilxorçuluğu isə lap çəkilməz idi...
 
Birdən avtobusa təxminən 12-14 yaşlarında olan bir qaraçı mindi. Salondakı bütün sərnişinlərlə yüngül zarafat edə-edə dilənirdi. Zalım oğlu insanları inandırmaq üçün içdiyi andları elə bil hər kəsin psixologiyasına uyğun seçirdi. Sıra mənə də gəldi. Cəmi 30 qəpik xırda pulum vardı. Amma onu qaraçıya vermək niyyətində deyildim. Yanımdan əliboş lap arxa oturacaqlara keçdi. Geri qayıdanda isə hər kəsin gülüşünə səbəb olacaq istedadlarını nümayiş etdirməyə başladı. Məsəl üçün ilk olaraq Yol Patrul Xidmətinin maşınında olan “Serena” səslərini məharətlə yamsılayıb daha sonra maşının səs gücləndirici cihazı ilə danışan polisin səsini çıxartdı. Bütün diqqətləri özünə cəlb etməyi, insanları təəccübləndirməyi cox qısa zamanda bacaran qaraçı avtobusu tərk edib aşağı düşdü. Sonra onun arxasınca yerə düşdüm. Yanında dayanıb daha nələr edəcəyini görmək üçün sakit dayandım. Başını yuxarı qaldırıb üzümə tamaşa eləməyə başladı. Elə zənn etdim ki, məndən pul istəyəcək. Əlimi cibimə atıb 30 qəpiyimi ona uzatdım. Pulu məndən könülsüz aldığı üzündə ifadə olunurdu. İnsanlar sıx olan yerdən bir az kənara çəkilib bir siqaret yandırdım. Məni kənarda görən kimi yanıma yaxınlaşıb astadan soruşdu:
 
 -Sən də bizdənsən? - deyib, bir az daha yaxınlaşdı. Artıq onun mənə niyə diqqətlə baxdığını anlamışdım. Elə pulu könülsüz almağını da... Çünki dərimin rəngi onların təbii rənginə daha çox uyğun gəlirdi. Hələ üstəlik, çöllərdə, günün altında keçdiyimiz 10 günlük təlimdə bir az daha qaralmağım uşağı əməlli başlı yanıltmışdı. Bundan istifadə edib özümü qaraçı kimi təqdim etməyə qərar verdim. Məqsədim isə uşaqdan bəzi şeyləri öyrənmək idi.
- Hə, mən də sizlərdənəm. Qarabağ bölgəsində yaşayan qaraçılardanam, - dedim. Üzündə təbəssüm olan uşağın gözlərindən hiyləgərlik yağırdı. Heç gözləmədən o mənə öz dillərində xatırlaya bilməyəcəyim nəsə dedi. - Səni anlaya bilmirəm, nə deyirsən? -deyə cavab verdim. Sonra yolun kənarındakı daş səkinin üstündə oturdum. Uşaq cəld hərəkət edərək qida qutusunu çıraraq məni ayağa qaldırıb oturduğum yerə qoydu: - Daşın üstündə oturma. - Dedi və astadan danışmağa başladı - Mən səndən öz dilimizdə adını soruşdum. Bəs necə bizdənsən ki, bizim dili bilmirsən? Nənən öyrətməyib sənə? - Sualların qarşısında aciz qalmağımı mümkün qədər gizlətməyə çalışdım. - Yox, dostum. Danışmırlar... Mənim babam Ağdamda məşhur qaraçılardan olub. Adı Dağbəyidir. Mən onun nəvəsiyəm. Müharibə, filan məni öz dilmizi öyrənməyə qoymadı. Sonra da köçüb Bakıda yaşadıq. Beləcə mən sizlərdən fərqli olaraq öz dilimi öyrənə bilmədim. - Deyib, elə zənn etdim ki, uşağın mənim qaraçı olmamağım barədə şübhələrini tam dağıtdım. Amma gözlənilmədən növbəti müraciətini: - Onda belini aç baxım. - Artıq təəccübümü gizlədə bilmirdim. Uşağın öz millətlərinə qarşı bu qədər diqqətli olması və onların özlərinə məxsus müəyyən tanıtma işarələrinin mövcudluğu bərkdən sıxmağa başlamışdı. Daha nə deyəcəyimi bilmirdim. Amma bu dəfə dadıma sürücü çatdı. O avtobusu işə salıb bütün sərnişinləri salona dəvət etdi. Sonuncu minən mən idim. Avtobusda uşağın dediklərindən başqa heç nə düşünə bilmirdim. Şəkidə ilk dəfə görəcəyimi planlaşdırdığım Kiş kəndini, alban məbədini belə unutmuşdum. Olanları yoldaşıma danışdım. Söhbət bizə qulaq müsafiri olan hər kəsin marağına səbəb oldu...
 
Hətta mənim uşaqla söhbətimi telefonla da çəkmişdilər
 
Şəkiyə çatdıq. Orada lazımi yerlərdə olub, maraqlı insanlar tapıb görüşdük, həmsöhbət olduq. Gecələdiyim Kiş kəndində qaraçı uşaqla bağlı məqalə yazacağımı düşündüm. Amma heyifslənirdim ki, əlimdə kifayət qədər çox material yoxdu. Ən böyük şans olardı ki, qayıdan da həmin qaraçı ilə yenidən rastlaşam. Amma olmadı. Düzdü, qaraçı yol yoldaşlarımız oldu. Hətta məni yenə qaraçıya oxşatdılar. Bu dəfə qaraçılar yox sərnişinlər etdi bunu... Belə ki, avtobusda şuluqluq edən uşağın valideyinin mən olduğumu hesab edirdilər.
 
Həmin əhvalatdan 40 gündən çox vaxt keçmişdi. Bakıda metronun “Nizami” stansiyasının qarşısında dayanmışdım. Üç qaraçı uşağı əllərində qazlı su "butulka"sı qarşımdan sürətlə ötüb keçdi. Arxalarınca baxdım. Məndən bir neçə metr aralaşdıqdan sonra dayanıb öz aralarında nəyisə bölməyə çalışırdılar. Ən böyüklərini həmin uşağa oxşatdım. O mənə adının Vüsal olduğunu demişdi. Yaxınlaşıb adını çəkdim. Dərhal başını qaldırıb üzümə baxdı. Sonra mənə tərəf qaçıb ədəb-ərkanla öpüşüb görüşdü. Daha sonra digər uşaqlara qaraçı dilində bir neçə kəlmə dedi. Əlindəki suyu mənə uzatdı. İçməyə bilməzdim. Əgər iyrənsəydim, o mənim qaraçı olmamğımı anlaya bilərdi. "Butulka"nı başıma çəkib bir neçə qudum içdim. Sonra ağzını bağlayıb ona qaytardım. Uşaq söhbətə başladı. - Sənin babanı evdə soruşdum. Bizimkilər tanıdı. Sənin atan Dağbəyinin hansı oğludur?
 
-Elxan...
-Hə, onun Elxan adlı oğlu var.
-Bəs qoca nənənin adı nə olub?
-Göyərçin. - Həqiqətən belə insanlar var. Onlar çadır şəhərciyində bizim qonşularımız idi.
-Hə, bu da düzdür. Bəlkə bir yerdə çay içək. - Deyib, məndən razılıq almadan yaxınlıqda yerləşən çay evinin birinə tərəf yön aldı. Bunu görən ofisiant qəzəbli-qəzəbli uşağa tərəf hərəkət etməyə başladı. Lakin ona birtəhər işarə edib, bizi yola verməsini xahiş elədim. Ofisianta yaxınlaşıb cibindən pul çıxararaq çay sifariş elədi.
Çayımız süfrədəydi. "Müsahibim" stəkana 5-6 qənd atıb qarışdırdı. Sonra söhbətə başladı. - Şəkidə bir şey işləyə bildinmi?
-Yox, yaxşı demək olmaz. İki günə cəmi 100 manat yığdım - deyib, onu aldatdım. Pulu bütöv rəqəm şəklində deməyim də təsadüfi deyildi. Çünki qaraçılar gedəcəkləri ərazidə qazanacaqları pulu əvvəlcədən düşünürlər. Elə bunu da Xaldanda həmin uşaqdan öyrənmişdim.
-Yaxşı yığmısan. Biz o qədər yığa bilmirik. İndi əvvələ baxma, bizə pul vermirlər. Ümid qalır turistlərə. Onlar da bizə yaxın durmurlar. Ərəblərin yaxşı pulları var. Ancaq onların da ətrafındakı azərbaycanlılar imkan vermir…
-Niyə?
-Heç kimin pulu yoxdu. Pulu olmayan adam qaraçıya hardan versin?
“Əsas pul”la, kirayə pulunu zorla çıxardıram - deyib çayını hörtlədir. “Əsas pul” dedikdə nəyi nəzərdə tutduğunu anlamadım. Amma maraqlı gəldi. Özümü bilmişliyə vurub sual verdim - Uşaqlar gündə nə qədər ödəyir?
Hərəmiz 5 manat ödəyirik. Beş manat da “kirayə haqqı”. Hər ikisini atama verirəm, özü həll edir. Amma böyüklər başqana 10 manat ödəməlidir. Əlbəttə ki, bu ödənişi iki gündən bir edirik. Əgər başqanla kirayə pulunu çıxara bilməsək, atam bizi evə qoymur.
- Bəs başqanın pulunu kim çatdırır?
-Onu bizdə böyüklər edir. Pul yığılıb həftədə bir dəfə bir nəfərə çatdırılır. Bizim elə şeylərdən xəbərimiz olmur.
-O biri uşaqlar kimdi?
-Qohumlarımdı. Bacım bir az aşağıda nəm “salfetka” satır. Pulumuz düzələn kimi tapışırıq. Onun da işləri qaydasında deyil. Hərdən məcbur qalıb ona kömək edirəm.
-Bəs Yevlaxa haçan qayıdacaqsınız?
-Onu bilmirəm. Elə şeylərə biz qərar verə bilmərik.
-Yevlaxa gedəndə sizə qonaq gələ bilərəmmi?
-Hə, gəl. Amma bizdən bir məhəllə yuxarıda Obolar qalır. Birdən azıb onlara tərəf gedərsən. Onlar bizim düşmənlərimizdir. Səni bıçaqlayarlar.
-Obalar kimdi?
-Onlar kürdlərdi. Bizim düşmənlərimiz. Biz azərbaycanlıları sevirik. Amma Allaha and olsun ki, onlar azərbaycanlıların düşmənidir. Bizimlə də tez-tez davaları olur. O günü onlardan biri əmimi bıçaqlamışdı. - Deyib, dəhşət saçan ifadələrlə həmin əhvalatı danışdı...
 
Qısa müddətdə qurduğumuz dialoq, uşağın dedikləri məni mat qoymuşdu. Daha çox informasiya almağa çalışsam da hər dəfə sözümü kəsib bəzən lüzumsuz mövzulara üz tuturdu. Sanki daxili sirlərini vermədiyinin fərqinə varıb özünü sıxırdı. Ətrafa boylanıb getməli olduğunu bildirdi. Və dərhal da ayağa qalxıb mənimlə vidalaşdı. Əvvəlcə pulumun olub-olmadığını soruşdu. İstədim buna pul verəm. Gördüm o da çibində irili-xırdalı bir xısma pul çıxarıb mənə uzatdı ki, nə qədər lazımdı götürüm. İmtina etdim. Sonra əgər qalmağa yerim yoxdursa, məni öz qaldıqları yerə dəvət etdi. Oranı necə tapa biləcəyimi soruşdum. Mənə cəmi iki saatdan sonra metronun qarşısında olacağını bildirib onu gözləyən uşaqlara qoşularaq oradan yox oldu.
 
Bu əhvalatı necə yazım? Ümumilikdə yazımmı, yazmayımmı - suallarının ətrafında xeyli düşündüm. Amma burada mən özüm üçün bir nəticə çıxarmışdım. Qaraçılar yaşlarından asılı olmayaraq özlərindən olan hər kəsə hörmət edirlər. Bu sadəcə, bizim içimizdə yaşayan azsaylılardan biridir. Ancaq mən bir qaraçı uşağında milli həmrəylik dərsi gördüm. Və həmin həmrəyliyin o uşağa evlərində böyükləri tərəfindən aşılandığını müəyyən elədim.
Maraqlıdır deyilmi?..
 
P.S. Yazıdakı müsahibin adı şərtidir.
 
Elgün Gəncimsoy
 
Cebhe.info
 

Загрузка...
Загрузка...