Qarabağla bağlı 5 rayon mesajı – Vyana görüşü

ATƏT-in Minsk Qrupu həmsədrlərinin ortaq bəyanatı münaqişənin həlli ilə bağlı əsas məsələnin mahiyyətindən daha çox detallarla zəngindir.
 Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi görüşün yekunu ilə bağlı bəzi məqamları açıqlayıb:
 “Birincisi, Ermənistan danışıqları əvvəlkitək uzadarsa, Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən başqa alternativ yolu qalmayacaq. İkincisi, vasitəçilər insidentləri araşdırmaq istəyirlər. İnsidentlərin araşdırılması Ermənistanın status-kvonu uzatmaq siyasətinə uyğundur. Biz işğalçı Ermənistan ordusunu Ağdam, Füzuli və digər istiqamətlərdə daim təzyiq altında saxlamasaq, İrəvan öz xoşu ilə işğal altındakı torpaqları boşaldarmı? Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin araşdırılmasına razılaşmaq olmaz. Necə ki, işğal ortadan qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı da geri çəkə bilmərik. ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə məsuliyyət qoymur. Ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz yoxdur”.
 Politoloq Lavrovun açıqlamasına da toxunub:
 “Lavrov deyib ki, çox güman, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, münaqişənin nizanlanmasını mərhələli şəkildə həll etmək lazım olacaq”. Bu cümlə o deməkdirmi ki, vasitəçilər Ermənistanı status məsələsini qabartmadan Dağlıq Qarabağ ətrafındakı ilkin olaraq 5 rayonun azad olunmasına razı sala bilərlər?
 Yaxın iki ayda bu cümlənin arxasındakı məntiqi görməliyik. Əgər əvvəlkitək Ermənistan hakimiyyəti ilkin olaraq 5 rayonun boşaldılmasını (Laçın və Kəlbəcərdən başqa – red.) Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixinə bərabər tutacaqsa, Lavrovun sözlərinin əhəmiyyəti olmayacaq, danışıqlar apreldən əvvəlki vəziyyətinə qayıdacaq”.
 E.Şahinoğlu hesab edir ki, bütün hallarda Vyana görüşü bizə lazım idi:
 “Bütün dünya gördü ki, Azərbaycan nəticəsiz danışıqlardan bezib və işğal altındakı torpaqları azad etmək əzmindədir. Vyana bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Ancaq Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa, növbəti görüşlər bizim əleyhimizə işləyə bilər. Çünki münaqişənin həllində konkret addımlar atılmadan görüşlərin davamı dövlət başçısı İlham Əliyevin dediyi kimi, imitasiya xarakteri daşıyacaq. İmitasiya isə status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçimiz silahı əlində apreldə olduğu kimi möhkəm tutmalıdır”.
 Qeyd edək ki, dünən Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. Görüşdə Minsk Qrupunun həmsədrləri, həmsədr ölkələrin xarici işlər nazirləri, Azərbaycan və Ermənistan XİN başçıları, o cümlədən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.