Qarabağda yeni müharibə xəbərdarlığı: "Başlaya bilər"

 
 
 
“Yeni Qarabağ müharibəsinin başlanması mümkündür. Bunu təhlükə də, şans da adlandırmaq olar”
 
Bunu “Yeni Müsavat”a politoloq Eldar Namazov deyib. O, bildirib ki, bu Azərbaycan üçün daha çox şans hesab olunmalıdır: “İkinci Qarabağ savaşı da, üçüncü dünya müharibəsi də ola bilər. Torpaqları ya müharibə yolu ilə qaytaracağıq, ya da ermənilər mərhələli həll planına razılıq verməli olacaqlar. İndi Ermənistanın daxilində çox maraqlı proseslər gedir. Hamı başa düşür ki, bu iki yoldan biri olmalıdır. Ermənilər bilir ki, müharibə yolu seçilsə də işğal etdikləri rayonlardan çıxmalı olacaqlar.
 
Ancaq Ermənistanda maraqlı bir situasiyadır. Dünənə qədər mərhələli həll planına üstünlük verən siyasi qüvvələr, bütün müxalifət birləşib Serj Sərkisyanı sıxır ki, bir qarış da olsun torpaq qaytarmaq olmaz. Onların bir qismini Sərkisyan özü təşkil edir ki, Moskvaya göstərsin...
 
Amma bir qismi Sərkisyanı həqiqətən küncə sıxır ki, torpaq qaytarmaq olmaz. Ermənistan müxalifətinin bu davranışının arxasında əslində Sərkisyanı devirmək planı dayanır. Onlar bilirlər ki, Sərkisyan mərhələli plana imza atsa, bu addım onun hakimiyyətini möhkəmləndirəcək. Çünki mərhələli plan real kompromisdir və Ermənistanı da, Azərbaycanı da qane edir. Müxalifət başa düşür ki, mərhələli həll planına imza atılsa, Azərbaycanla da, Türkiyə ilə də sərhədlər açılacaq, Dağlıq Qarabağda yaşayan ermənilərə də təminatlar veriləcək, Ermənistanın iqtisadi vəziyyəti güclənəcək və hakimiyyət möhkəmlənəcək. Ermənistan müxalifəti bilir ki, onsuz da 7 rayon Azərbaycana qaytarılmalıdır. Sadəcə olaraq, düşünürlər ki, bu, müharibə yolu ilə olanda Serj Sərkisyanı hakimiyyətdən asanlıqla yıxa biləcəklər. Ona görə də mərhələli həll planına qarşı çıxırlar ki, yeganə yol müharibə yolu qalsın. Onu da bilirlər ki, mərhələli həll planına imza atmaqdan qəti imtina etsə Moskva da Sərkisyandan üz döndərə bilər və Azərbaycana “Sərkisyan başa düşmür, onu siz başa salın”, mesajı verər və nəticədə Azərbaycan ordusu Qarabağda hərbi əməliyyatlara başlayar, sürətlə torpaqları azad edər. Bunun nəticəsində isə Serj Sərkisyan hakimiyyətdə duruş gətirə bilməz”.