​“Qarabağda faktiki olaraq müharibə gedir” - Millət vəklindən ilginc açıqlama

 
"Atəşkəsin pozulması Azərbaycanı qətiyyən narahat etmir”
 
Bu sözləri bakipost.az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bu gücə Qarabağda vəziyyətin yenidən gərginləşməsini şərh verərkən deyib. Onun sözlərinə görə, lokal toqquşmalar ermənilərin itki vermələrinə, Sarkisyan hökumətinin günahlarının sayının artmasına səbəb olur: "Əvvəla onlar öz resurslarını tükədirirlər. O şəxslər ki, Qarabağda yaralanır, yaxud ölürlər, onun günahı Azərbaycanda deyil. Qarabağ erməniləri Sarkisyan rejiminin girovluğundadırlar. Atəşkəsin pozulması növbəti dəfə sübut edir ki, Sarkisyan rejimi siyasi nüfuz qazanmaq üçün erməni balalarından qurbanlıq seçib. Dünən 3 əsgərin ölümü, bir neçə şəxsin yaralanmasının da günahı və məsuliyyəti o rejimin rəhbərlərinin çiynindədir.
 
Ötən dəfə parlament iclasında da bu məsələ ilə bağlı çıxışımda dedim ki, erməni parlamentində qanun müzakirə edirlər. İşləyən vətəndaşlar 1000 dram məbləğində Qarabağ vergisi ödəyəcəklər ki, bu vəsaitlər sonra fonda yığılacaq və döyüşlərdə həyatını itirən şəxslərin ailələrinə 20 min dolar vəsait ödəniləcək. Bu o deməkdir ki, adamlara "oğlunu mənə sat, bu, onun başının qiymətidir, onun can haqqını belə ödəyəcəyik” mesajı verilir. Vətəndaşın öz pulundan toplayıb sanki onun övladını satın alırlar.
 
Azərbaycan isə onun əvəzində Qarabağ ermənilərinə müraciət edə bilər. Deyə bilər ki, silahı yerə qoyduğunuz təqdirdə biz sizin azadlığınız, Sarkisyan girovluğundan qurtulmağınız yönündə addımlar atmağa hazırıq. Biz sizin can varlığınıza zəmanət veririk”.
 
Z. Oruc "Ermənistan Rusiyadan aldığı"İsgəndər” raketləri və yeni silahlarla yenidən aprel döyüşlərində itirdikləri mövqeyi geri almağa cəhd edə bilərmi” sualına isə belə cavab verib: "Əvvəla, bir məsələyə diqqət çəkmək istəyirəm. O raketlərlə bağlı aparılan təbliğatda həddindən artıq qərəz, qəsd, manipulyasiya var. Məncə bu, daha artıq dərəcədə erməni ictimaiyyətini anti-Rusiya mövqeyindən çıxarmaq, onları müəyyən qədər sakitləşdirmək, o bölgədə müxtəlif maraqlarını güdən qərb dairələrinə mesaj vermək üçündür. Mən Rusiyanın Azərbaycanla yüksək münasibətlərinin olduğu bir dönəmdə İrəvanda "İsgəndər” raketlərinin əleyhimizə nümayişinə qətiyyən inanmıram. Həmçinin bu məsələ üzərindən Azərbaycandan Rusiya əleyhinə çıxışların edilməsinin ermənilərin xeyrinə olduğunu düşünürəm. Onların da istəyi budur. Çünki Azərbaycanın Rusiyadan silah alması onları çox narahat edir.
 
İkinci məsələ isə odur ki, Azərbaycan həmin döyüşlərdən sonra öz mövqelərini ən azı ikiqat möhkəmləndirib. Azərbaycan cəbhə xətti boyunca öz mövqelərinin ən müasir silahlarla möhkəmləndirilməsini təmin edib. Eləcə də Ermənistanın Mingəçevir SES-i, Bakı, neft mənbələri, digər strateji nöqtələrə zərbə adı altında ölkə əleyhinə apardığı təbliğatın, yəni müharibəni Qarabağ cəbhəsindən daha böyük müstəviyə çıxarmaq iddialarının qarşısında tədbirlər görməkdədir”.
 
Millət vəkili hesab edir ki, müharibə başlasa miqyas genişlənə bilər: "Bu gün ölkəmizin Pakistandan aldığı silahlar hava hücumundan müdafiə sistemlərinin ən müasiridir. O cümlədən bunu İsrail dövlətindən aldığımız silahlara da aid etmək olar. Ölkəmiz bu hava məkanının təhlükəsizliyini qoruyacağı anda müharibənin miqyası mütləq genişlənəcək. Çünki hazırda beynəlxalq münasibətlər sisteminin durumu elədir ki, bu şəraitdə Qarabağ probleminin siyasi çözümü yoxdur. Amma hər gün vurulan zərbələr özü nəticə verir.
 
Birinci ona görə ki, erməni xalqının sayı artmır, azalır.
 
İkincisi isə resurs məhduddur və köhnələn texnologiyanı əvəz eləmək mümkün deyil.
 
Hesab edirəm ki, aprel döyüşləri səviyyəsində olmasa da, müharibə faktiki olaraq davam edir. Dünənki total toqquşmanı da müharibənin tərkib hissəsi hesab etmək olar. Bu isə mənəvi, siyasi, iqtisadi, psixoloji nəticələr doğurur. Bu, bizim xeyrimizədir”.

Загрузка...
Загрузка...