​“Qarabağ” qəhrəmanının atası: “Gözləmirdim...” - Video

 
Teleqraf.com dünən “Qarabağ”-“Kopenhagen” görüşü zamanı qol vuraraq, Azərbaycan futbol tarixinə adını yazdıran “Qarabağ” komandasının futbolçusu Mahir Mədətovun atası, tanınmış prodüser Anar Mədətovla müsahibəni təqdim edir.
 
- Anar bəy, oyundan sonrakı təəssüratlarınız necədir? Daha çox bir ata kimi sevinirsiniz, yoxsa bir vətəndaş kimi?
 
- Dünənki oyun tarixi bir oyun idi. Bu oyunda “Qarabağ”ın qələbə qazanmasına ancaq düşmən sevinməyə bilər. Çox sevincli idim. Həm ata kimi, həm “Qarabağ”ı sevən sadə bir vətəndaş kimi.
 
Amma əsas 23 avqustu gözləyirik. Görək nə olur. Ümidlərimiz böyükdür. Amma ayın 23-də keçiriləcək oyunda da qələbə qazansaq, lap möhtəşəm olacaq.
 
- Təbii ki, hamımız “Qarabağ”ın oyunçularının qol vurmasını gözləyirdik. Bəs siz məhz oğlunuzun qol vuracağını gözləyirdinizmi?
 
- Oğlumun qol vurmağını gözləmirdim, mən də sizin kimi ümumilikdə komandanın qol vurmasını gözləyirdim. Fərq etməyəcəkdi, oğlum, ya başqa biri... Əsas “Qarabağ”ın udmasını istəyirdim. Meydançaya məhz ona görə getmişdim. Çünki bu şəxsən mənim oğlumun oyunu deyildi. Bu bizim oyunumuz idi. Bu Azərbaycanın oyunu idi. Futbol komanda oyunudur. Meydanda 11 nəfər oynayırsa, onarın hər birindən nəsə gözləntilər olur. “Qarabağ”ın qol vurması qürurverici idi. Amma təbii ki, o qolu məhz oğlumun vurması məni bir az da fərəhləndirdi.
 
- Belə çıxır ki, siz meydanda bir ata kimi yox, məhz Qarabağın qələbəsini arzulayan bir vətəndaş kimi azarkeşlik edirdiniz?
 
- Mən sadəcə bir azərbaycanlı kimi azarkeşlik edirdim. Bu Azərbaycanın futbol tarixində bir ilk idi. Çempionlar liqasına çıxmağımız, bu cür qələbə qazanmağımız möhtəşəm idi. Mən bu hisləri bizə yaşatdıqlarına görə təkcə Mahirə yox, ümumilikdə komandaya, onların məşqçisi Qurban Qurbanova minnətdaram.
 
“Qarabağ” Azərbaycanın gözüdür, canıdır. Qarabağ bizim döyünən ürəyimizdir. Bundan sonra ancaq dua eləməliyik ki, Kopenhagendə də qələbə qazanaq. Görün o zaman Azərbaycanda nələr baş verəcək. Bu qələbədən sonra çox şey görəcəyik.
 
- Növbəti görüşdə, yəni Kopenhagendə də Mədətovun öndə olacağını düşünürsünüz?
 
- Mən inanıram ki, elə bu yığma komanda olacaq. Yəni komandanın tərkibində dəyişiklik edilməsini istəmirəm. Oğlum daxil olmaqla, bütün oyunçulardan ciddi oyun gözləyirəm.
 
- Oyundan əvvəl biz bir çox futbol mütəxəssisləri ilə müzakirələr apardıq. Əksəriyyət cəmi iki oyunçunun adını xüsusilə vurğuladı. Onlardan biri Dino Ndlov, digəri isə sizin oğlunuz Mahir Mədətov idi. Bunu hardan bilirdilər?
 
- Yəqin ki, onların vəzifəsi məhz qol vurmaq olub. Ona görə də oyundan əvvəl elə onların adı çəkilib. Amma bu oyunu sırf bir-iki nəfərin adı ilə bağlamaq olmaz. Mahir və Dino tək oynamırdı axı. Mahirə qol vurmağa vasitəçi olanlar var idi. Oyun zamanı taktik “pas” ötürüb onun qol vurmasına şərait yaradanlar var idi. Məsələn, Qara Qarayev yaxşı ötürmələr edirdi. Bu oyunda bütün komanda oynayırdı. Yəni demək istədiyim odur ki, qol vurmaq Mahirin və ya başqasının üzərinə düşən vəzifədirsə, bu onun borcudur. Onu eləməlidir.
 
- Oyundan əvvəl son dəfə Mahiri görəndə ona nə dediniz?
 
- Mən Mahiri son dəfə səhər bazada görmüşdüm. Mahirə dedim ki, sənə inanırıq. Tək mən yox, hamı sənə inanır. Sən neçə ildir futboldasan, bu gün özünü göstərməlisən. Oynamalısan! Bu bir şansdır. Qızıldan da dəyərli şans. Dəyərləndirmək lazımdır. Mahir də bu şansını dəyərləndirdi. Qarşıda onun daha böyük şansları var. Mən buna inanıram...

Загрузка...
Загрузка...