​Qarabağ qaziləri bu gün hansı vəziyyətdə yaşayırlar?

 
Rey Kərimoğlu: “Məcbur olub, qapı-qapı düşüb, iş adamlarından, imkanlı insanlardan xahiş edirik ki, köməklik etsinlər”
 
Nurəddin Xoca: “Bu gün qazilərin ancaq bir yolu var, o da dilənçilik etməkdir”
 
Vaqif Əlisoy: “Görün, nə vəziyyətə gətiriblər ki, ölümdən qorxmayan, güllənin qabağına gedən döyüşçülər özlərini yandırmaqla, məşğuldurlar”
 
Son vaxtlar Sumqayıtda və digər bölgələrdə Qarabağ qazilərinin özlərini yandırması, intihar etməsi ilə bağlı məlumatlar yayılır. Üç il bundan əvvəl qazi Zaur Həsənovun faciəvi şəkildə özünü yandırması qazilərin, Qarabağ müharibəsi əlillərinin durumunun heç də ürəkaçan olmadığını bir daha gündəmə gətirsə də, görünəni budur ki, problemlər hələ də öz həllini tapa bilməyib.
 
Bəs bu problemlərin kökü nədədir? Qazilərimiz bu gün hansı vəziyyətdə yaşayır? Bu və digər məsələlərə aydınlıq gətirmək üçün bir neçə qazinin rəyini öyrənməyə  çalışdıq. 
 
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu əlilləri narahat edən bir sıra məsələlərə toxundu: “Ümumiyyətlə, Qarabağ əlillərinin xeyli problemləri var. Yəni, problem çoxdur. Amma bunların içərisində bu gün bizi narahat edən ən mühüm problem münasibət, dövlət orqanlarında Qarabağ əlillərinə qarşı olan sayqısızlıq, hörmətsizlikdir. Əlillər hansısa idarəyə gedəndə saatlarla növbə gözləyir. Halbuki, sovet dövründə də belə idi ki, müharibə əlillərinə növbədənkənar xidmət göstərilməlidir.
 
Sonra başqa bir məsələ, bu gün pensiyaya çıxan polkovnik, mayor və digərləri ayda 1000-1500 manat təqaüd alırlar. Amma sıravi Qarabağ əlilləri, sağlamlığını vətən üçün itirmiş bu insanlar dövlətdən yalnız 200 manat təqaüd ala bilir. Belə olmaz. Əlillərin bərpa mərkəzi var, biz həmişə oradan qayğı görmüşük, ora gözəl təmir olunub. Lakin dərman təminatı çox pis vəziyyətdədir. Məsələn əlillər xəstəxanalara gedəndə sıfır səviyyəsində dərman təminatı ilə qarşılaşırlar. Onların xəsarətləri, xəstəlikləri elədir ki, 1-2 manatlıq dərmanla həll olunmur. Onlar normal olaraq, lazım olan dərmanlarla təmin olunmalıdır. Bəzən hətta lazım olan dərmanların qiyməti 100-200 manat civarında olur. Amma o dərmanlar verilmir.
 
Qarabağ əlilləri əsasən qaraciyər serrozundan və digər ağır xəstəliklərdən əziyyət çəkir. Amma nazirliyin verdiyi dərmanlar buna yetmir. Məcburən qapı-qapı düşüb, iş adamlarından, imkanlı insanlardan xahiş edirik ki, onlara köməkliklər etsinlər. Hər kəs də bunu yaxşı qarşılamır. Hara gedirlər, deyirlər ki, “bura özəl müəssisədir”. Lakin anlamaq istəmirlər ki, Qarabağ əlilləri də özəl insanlardır. Onlara bu cür yanaşanlar müharibənin ağrı-acısını özündə hiss etməyənlər, nəslində-nəcabətində bu problemi yaşamayan insanlardır. Bu ölkədə Qarabağ əlilinin hüququnu qoruyan bir qanun yoxdur. Ümumi olaraq əlillərin və uşaqların reabilitasiyası kimi bir qurum var, onun içərisinə bu məsələlər daxildir. Lakin belə olmaz axı!”
 
Keçmiş döyüşçü, “Boz Qurd” batalyonunun rəhbəri Nurəddin Xoca isə əlillərə ayrılan təqaüdün azlığından şikayətləndi: “Qarabağ qazilərinin əksəriyyəti könüllü surətdə müharibəyə gedib, vuruşub, qazi, əlil olublar. Onların aldığı təqaüd ayrıdır, ordunun daxilində xidmət göstərən zabitlərin təqaüdü ayrı... Bu gün Qarabağa könüllü olaraq gedib, vuruşan qazilərin ancaq bir yolu var, o da gedib, dilənçilik etməkdir. Adi bir şeydir. Onların aldığı təqaüd 170 manatdır, prezident təqaüdü olarsa, o da 130 manatdır. Amma ümumilikdə 170 manat təqaüd alırlar. Sizcə, onların durumu bu vəziyyətdə necə ola bilər?
 
Qazi evinə gedir, uşaqlarına, ailəsinə heç nə edə bilmir. Uşaqların ac üzünə, arvadın tənəli gözünə baxıb, nə etməlidir? Harasa gedəndə də haqsızlıqla rastlaşır. Bir gün bir qazi ilə idarəyə, müəssisəyə gedin, hər şeyi öz gözünüzlə görün. Onların vurduqları tənə dursun bir yana, gedin görün, Qarabağ qazisinə kim hörmət edir? Ən yaxı halda deyirlər ki, “Səni kim göndəribsə, get onun yanına”... Həqiqət budur. Bu gün məmurların evlərində saxladıqları heyvanlar Qarabağ qazisindən yaxşı yaşayır. Qarabağ qaziləri ilə bağlı 100-dən çox təşkilat və qurumlar var. Bu təşkilatların 99 faizinin ancaq adı var. Bəlkə də hansısa nələrisə edir, amma ümumilikdə heç bir köməklikləri yoxdur.
 
İlk növbədə dövlət proqramı olmalıdır. 23 ildir ki, müharibə qurtarıb, bu illər ərzində qazilər öz sığorta pulunu ala bilmirlər. Bunlar öz qan pullarını ala bilmirlər. Dövlət bunu etmək istəmirsə, nə deyək? Doğrudur, tribunalardan gözəl sözlər eşidirlər. Bəli, hərdən insaflı icra başçısı nəsə edir və ya DYP əməkdaşları qaziləri yolda saxlayanda güzəştə gedirlər. Qalan heç nə yoxdur”.
 
Qarabağ qazisi Vaqif Əlisoy isə təəssüflə qazilərin intihar məsələsinə toxundu: “Görün, insanları artıq nə vəziyyətə gətiriblər ki, ölümdən qorxmayan, güllənin qabağına gedən döyüşçülər bu gün özlərini yandırmaqla, intihar etməklə məşğuldurlar. Halbuki, bu insanlar əlində silah düşmənin, ölümün qabağına gediblər. Ölkə prezidenti də dəfələrlə çıxışlarında məmurlara səslənib ki, birinci növbədə Qarabağ qazilərini diqqət mərkəzində saxlamaq lazımdır. Bu gün biz həssas məqam yaşayırıq. Biz araşdırma aparmışıq, ölkədə Qarabağ əlillərinin demək olar ki, hamısı kredit borclarının içində itib-batırlar. Bəs, gənclik belə şeylərdən nə nümunə götürəcək?
 
Onsuz da müharibə qaçılmazdır. Prezidentin çıxışını yəqin ki, izləmisiz. Bildirir ki, təzyiqlər edilir ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyaq. Bunu Azərbaycan xalqı, başda da Qarabağ qaziləri qəbul etməyəcək. Bu, birmənalıdır. Yəni, ölkənin müharibə şəraitində olduğu bir vaxtda Qarabağ veteranlarına bu cür münasibət, onların şəraitləri ilə maraqlanmamaq doğru yanaşma deyil. Bir qrup əlilə maşın, ev verilir, bəs yerdə qalanları..? Problemin kökünü axtarmaq lazımdır. Çox təəssüf edirəm ki, qazilər bir yerə yığışıb, Milli Məclisə təkliflər hazırlamırlar”.