Qarabağ məsələsində Ankara-Moskva ittifaqı: siyasi zərurət

Rusiya istəsə də, istəməsə də, Qarabağ problematikasını Suriya məsələsi kimi Türkiyəsiz irəli aparmaq mümkün olmayacaq
Təmas xəttindəki 4 günlük savaşdan sonra dərhal özünü göstərən Rusiyanın sülh təşəbbüskarlığı həssas mərhələyə gəlib çatıb. Məlum Moskva görüşündən sonra Xarici işlər naziri Sergey Lavrovun bu günlərdə İrəvanda olması rəsmi Kremlin Qarabağ diplomatiyasının məhz həlledici fazaya girməsi kimi qiymətləndirilir. Şimal qonşumuzun Qarabağ məsələsində tələskənliyini isə azı, iki amil şərtləndirir:
1. Bölgədə Qərbin - ABŞ və NATO-nun güclənməsi və regiona nəzarətin əldən çıxmaq üzrə olması. Məsələ ondadır ki, Gürcüstan NATO-ya üzvlüyün bir addımlığındadır, Azərbaycan isə ABŞ və Avropa Birliyi ilə xüsusən də son vaxtlar dərin siyasi, iqtisadi- energetik işbirliyi içindədir. Azərbaycanla Gürcüstanı Türkiyə vasitəsilə Avropaya, Qərbə birləşdirən neft-qaz xətlərinin, nəqliyyat dəhlizlərinin sayı artmaqdadır (bu il Bakı-Tiflis-Qars dəmir yolu da istifadəyə veriləcək, Cənub Qaz Dəhlizinin inşası sürətləndirilib) və s. Rusiyanın regiona yeganə təsir vasitəsi isə hərbi amillədir. Bütün bunlar üstəlik, Türkiyə ilə gərgin münasibətlər fonunda Kremli narahat edir.
2. Qarabağ konfliktinin hər an genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı da Rusiyanı əndişələndirir. Hər necə olmasa, Moskvaya bölgədə yeni, nəticələri bəlli olmayan, Türkiyə ilə toqquşmaya aparan müharibə gərək deyil. Sanksiyalar altında olan Rusiyanın iqtisadi, siyasi durumu buna tab gətirməz. Odur ki, Rusiya böyük ehtimalla, Qarabağ ixtilafının həllini özünə sərfəli bir mərhələyə kimi irəli aparıb dondurmağa çalışır.
Hələ ki rəsmən açılmasa da, Rusiyanın Qarabağ planının bəzi detalları bəllidir: ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 5 və yaxud 6 rayon (+ Laçının 13 kəndi) geri qaytarılır, bölgəyə sülhməramlı qüvvələr (yəqin ki, Rusiya qüvvələri) yeridilir, köçkünlər yurd yerlərinə, o cümlədən Dağlıq Qarabağa qayıdır, kommunikasiyalar açılır və emosiyalar yatdıqdan sonra Dağlıq Qarabağın yekun statusu müəyyən edilir.
Məsələdə ən həssas məqamdan biri də elə Dağlıq Qarabağın statusu ilə bağlıdırsa, ikincisi Rusiyanın sülhməramlı adı ilə öz hərbi qüvvəsini Qarabağa gətirməsi, faktiki, Azərbaycanda Rusiya hərbi mövcudluğunun bərpasıdır. Bu da əlbəttə ki, Azərbaycanla yanaşı, qardaş Türkiyənin də həyati maraqlarına toxunur. Ankara buna razı olacaqmı?
Xatırladaq ki, ATƏT-in 1994-cü il Budapeşt sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edəcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınıb. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqda razılıq da eldə edib. Həmin razılığa əsasən, sülhməramlı kontingentin tərkibində hər hansı dövlətin hərbçilərin sayı ümumi kontingentin 13-dən çox ola bilməz - ki, heç bir dövlət dominant status əldə eləməsin.
Aydındır ki, bu anlaşma Ankaraya imkan verir ki, məsələyə müdaxilə eləsin, həyati maraqları olan bir bölgədə Rusiyanın birtərəfli qaydada hərbi cəhətdən, bu yolla möhkəmlənməsinə maneə yaratsın - təbii ki, Bakının etirazından sonra. Hər necə olmasa, 1 nömrəli təbii müttəfiqimiz olan Türkiyənin Azərbaycana sözü keçərlidir və Azərbaycan qardaş dövlətin maraqlarını gözardı edə bilməz.
Sülhməramlı kontingent məsələsində 13 norması əsas münaqişə tərəfləri olan Bakı və İrəvan üçün əlbəttə ki, məcburi deyil. Onların qarşılıqlı razılığından, iradəsindən asılı olaraq nisbət dəyişə, münaqişə zonasına yalnız Rusiya, yaxud başqa dövlətin sülhməramlıları da yeridilə bilər. Bu, ilk növbədə Azərbaycanın suveren hüququdur və ATƏT-in məlum qərarına, beynəlxalq hüquqa əsla zidd olmayacaq. Tərəflər özləri razıdırsa, beynəlxalq birlik də bunu məmnuniyyətlə qəbul edəcək.
Azərbaycan isə əlbəttə ki, öncəliklə həm özünün, həm də Türkiyənin regiondakı maraq və mənafeyini nəzərə almalı olacaq. Variantlardan biri Rusiya və Türkiyə qüvvələrinin bərabər (paritet) əsasda təmsilçiliyindən də ibarət ola bilər.
Bir məqamı da qeyd eləmək olar ki, Rusiya istəsə də, istəməsə də, Qarabağ problematikasını Suriya məsələsi kimi Türkiyəsiz irəli aparmaq mümkün olmayacaq. Bunu yəqin ki, Kremldə yaxşı anlayırlar. Deməli, öncə Ankara-Moskva münasibətlərində son günlər baş verən bir ilıqlaşma, barışıq və ya yumşalma meylləri prosesə müsbət təsir edə bilər. Əslində ABŞ və NATO-nun Güney Qafqazda güclənməsi Moskvanı köhnə strateji tərəfdaşı Ankara ilə daha tez dil tapmaq zorunda qoymuşdu. Çünki Rusiya təkbaşına, Türkiyəsiz bölgədə Qərbə qarşı geosiyasi tarazlıq yarada bilməyəcək. İkinci yandan, Ankaranın Qarabağ məsələsinin həllinə aktiv qoşulması Qərbin də maraqlarına uyğundur...
Öncələrdə vurğuladığımız kimi, Rusiya-Türkiyə münasibətlərində buzların əriməsi bu iki dövlətlə yanaşı, Azərbaycanın da, regionun digər ölkələrinin də köklü maraqlarına uyğundur. Konkret olaraq Qarabağ məsələsinin həllində bu, əlavə pozitiv fon və qiymətli etimad ab-havası, lüzumsuz regional gərginliyin xeyli dərəcədə aradan qalxması demək olardı.