Qarabağ döyüşçüsünün közərən ruhu

Uşaqlıq dostum Qüdrət Qarabağ əlilidir. 90-cı illərin əvvəllərində cəbhəyə könüllü gedib, o vaxt Vətən və torpaq uğrunda vuruşan, gözünü qan örtmüş fanatiklərdən olub. Çox döyüşlərdə iştirak edib, sürdüyü zirehli maşını ilə şücaətlər göstərib. 1993-cü ilin yayında Ağdərə uğrunda gedən döyüşlərdə ağır zədə alıb. Həkimlər onu ayağa qaldırmaq üçün çox çalışıblar, amma taleyin qisməti başqa imiş...
Zirehli döyüş maşınından əlil arabasına keçmək onun həyat eşqini azaltmadı. Tez-tez təmasda olduğumuz bu illərdə lap uşaqlıq dövrümüzdəki kimi onu yenə hərəkətdə gördüm. Yenə nəsə fikirləşir, nəsə icad edir, əlinə keçən texniki detallardan yeni bir qurğu düzəldir, hansısa cihazı səbrlə təkmilləşdirir, dolanışıq üçün özünü oda-közə vururdu. O, həyatını bu ölçüdə də gözəlləşdirə bilir, adamların ona yazığı gəlməsinə imkan vermirdi, sanki işləməyən ayaqların enerjisi boşa getmirdi, onun beynini, ürəyini, niyyətlərini işıqlandırırdı. Həyatın ağrılarına bu enerjinin köməyi ilə müqavimət göstərə bilirdi. Amma dərd batmanla gələndə, xəstəliklər çoxalıb şiddət edəndə qarşısında dayanmaq çətin olurmuş...
İndi Qüdrət İsmayılov neçə gündür ki, həyatla ölüm arasında çarpışır. Halı tez-tez pisləşir, boğazından heç nə keçmir, təcili yardım maşınlarının biri gəlir, biri gedir. Gələn həkimlər də sakitləşdirici iynələr vurmaqla, bir də hamımızın mənasını sözsüz anladığımız sükut içərisində köks ötürməklə kifayətlənirlər. Onun halı mənim də beynimi çox məşğul edir, bu günlər ən çox üz tutduğum ünvanlardan biri olub Qüdrətin çarpayısının yanı. Ötən axşam da baş çəkib gecədən xeyli keçənədək yanında oturdum. Həkimlər təzəcə getmişdilər. İynələrin təsirindən yavaş-yavaş huşa gələn dostum hansısa ipin qırılacağından ehtiyat edən adamlar kimi bərk-bərk əlimdən yapışır və gözüyumulu rabitəsiz suallar verirdi. Arada evdəkilərin həyəcan içində ekranda xəbərlərə baxdığını görüb zəif səslə soruşdu ki, nə baş verib? Dedim bizimkilər Qarabağda bütün cəbhəboyu hücuma keçib, xeyli ərazini azad ediblər, erməni qoşunları geri çəkilir...
Keçmiş döyüşçü qəflətən gözlərini açdı, heç kimin gözləmədiyi halda başını güclə də olsa, yastıqdan azacıq qaldlrdı. Baxdım ki, onun solğun və öləziyən sifəti birdən-birə işıqlandı, halsız vücudu bir anlığa hərəkətə gəldi, çuxura düşmüş gözlərinin lap dərinliyində qığılcımlar oynadı, çoxdan gülüş üzü görməyən simasına qəribə bir təbəssüm qondu. Sevinc, ümid və rahatlıq ifadə edən pıçıltı ilə “Allah, sənə çox şükür!” dedi və var gücü ilə üzündəki xoş ifadəni saxlamağa çalışdı. Mən xəstə, üzülmüş və heydən düşmüş bir bədənin qəfəsində səssizcə uyumaqda olan ruhun necə canlanıb, közərib, dirçəldiyini gördüm...
Və gördüm ki, təkcə bir insanda deyil, bir millətdə, xalqda və ölkədə də ruhun oyanması çox şey deməkdir. Ruh oyanırsa, yaddaş, yaddaş oyanırsa, milli heysiyyət və mənlik hissi oyanır. Bunlar hamısı oyaq olduqda isə millət də, ordu da yenilməz güc qazanır. Ürəkdağlayan itkilərə baxmayaraq, son günlər Qarabağ cəbhəsində ordumuzun döyüş əməliyyatları, qazanılan mövqe üstünlükləri təkcə əsgərlərin yox, bütün xalqın ruhunu qanadlandırdı. Bəlli oldu ki, böyüklü-kiçikli hamı bu oyanışa təşnədir və cəmiyyətin çoxdan gözlənilən qalibiyyətli hücuma, həmin hücumların xoş sədasına ehtiyacı var.
Axı bu hücumlar susqunluğun sonu, tarix qarşısında bir imtahandır. Hər kəs beyninə yazmalıdır ki, bu hücumlar yaralı Vətənimizin, mürgüləyən küskün ruhumuzun, mizrabı qırılmış könlümüzün, əyilmiş qəddimizin məlhəmidir. İndi cəbhədə partlayan hər bir mərmi, hədəfə dəyən hər bir güllə, düşməndən geri alınan hər bir məntəqə sınağa çəkilmiş milli heysiyyətimizi, qürurumuzu, özümüzə inamımızı artırır. Bir də bu hücumlar Birinci Qarabağ müharibəsində canlarını qurban vermiş döyüşçülərin nigaran ruhlarını sakitləşdirir və indi Qüdrət kimi ölümlə çarpışanların isə ömrünü uzadır.