“Qarabağ danışıqlarında ortaya yeni situasiya çıxıb”

Zahid Oruc: “Rusiya Amerikasız münaqişəni həll edə bilməyəcəyinin fərqindədir”
“4 günlük müharibədən sonra Minsk Qrupunu münaqişənin çözümü prosesinə qoşmaq həddindən artıq çətin olacaq. Onsuz da Bern görüşü yetərincə kritik keçmişdi və prezident İ.Əliyev düz bir illik fasilə ilə az qala tam iflasa uğramış və statusunu itirmiş bir qurumun İsveçrəyə toplaşmasının səbəbini ağır silahların təmas xəttindən çıxarılmasında gördüklərini yəqin edərək, danışıqlarından əslində imtina etmişdi”.
Deputat Zahid Oruc bunu musavat.com-a açıqlamasında bildirdi. Həmsədrlərin uzun fasilədən sonra regiona səfərini şərh edən deputat qeyd etdi ki, artıq Qarabağ danışıqlarında ortaya yeni situasiya çıxıb: “Anjiy Kasprşik təkbaşına müşahidə missiya düzənləyə bilməyəcək. Düzdür, ermənilərin sülhməramlı qüvvələr məsələsinə rəsmi baxışı onların dövlət siyasəti kimi həddindən artıq amorf və dağınıqdır. Lakin indiki halda Amerika və Fransa Suriyadan sonra Qafqazlarda böyük müharibənin qarşısını alan Putinin təkbaşına vasitəçilik missiyasının nə qədər uğurlu olduğunu görürlər və prosesə hər hansı formada müdaxilə imkanı axtarmaqdadılar”.
Z.Oruc hesab edir ki, prezident İlham Əliyevin uğurlu Amerika səfəri fonunda rəsmi Bakının antirusiya cəbhəsinə keçməsi ehtimallarını tam inkar etmək üçün Moskvanın son dərəcə təsirli mexanizmi var: “Qarabağ Azərbaycanın xarici siyasət kursunu istənilən bucaq üzrə döndərməyə imkan verən ən yaxşı alətdir və heç bir kənar dövlət bundan imtina etməzdi. Qərbin Qafqazda qoşunu yoxdur və onların hərbi bazası yalnız ən yaxşı halda Türkiyədə yerləşir. Əfqanıstan missiyası isə uğursuz olub və koalisiya qüvvələri oranı tərk ediblər. Belə olan halda Qarabağdakı vəziyyətə Avropa paytaxtlarından bəyanat verməklə təsir etmək mümkün deyil. Çünki Amerika, yaxud Sarkisyanın bu gün görüş keçirdiyi Almaniyanın Ermənistan-Azərbaycan müharibəsinin qarşısını alması üçün real hərbi qüvvəsi bu ərazilərdə mövcud deyil”.
Z.Oruc Vaşinqtonun son addımlarını da təsirli saymır: “Doğrudur, Cozef Bayden atəşkəsə nail olunmasını Birləşmiş Ştatların siyasi məqsədləri sırasında mühüm yerə qoyaraq 3 apreldə prezidentlərə telefon etmişdi və bununla diplomatik kanalların hələ də işlək mexanizm oldugunu göstərməyə çalışmışdı. Lakin
Kreml bir daha son 25 ildə malik olduğu hərbi-siyasi üstünlüyü Bakı və İrəvanın gələcək münasiblətləri üçün yeganə və hələ ki, alternativsiz mexanizm olaraq nümayiş elətdirməkdədir”.
Deputat hesab edir ki, Moskva öz siyasəti ilə proseslərdə önə keçib: “Ona görə də yarandığı gündən ilk dəfə toplaşan ATƏT Daimi Şurası da, Minsk üçlüyü də diplomatik bir trafik quraraq regiona nə qədər intensiv gəlməyə çalışsalar da, onların çoxu hazırkı oyundan kənarda qalıblar. Lavrovun ardınca Medvedyevin səfəri indi bölgədə daha çox gözlənilir və “yeni Qarabağ planı” ətrafında yayılan informasiyaların da səbəbi budur. Hər halda Rusiya Amerikasız Qarabağ münaqişəsini həll edə bilməyəcəyinin fərqindədir. Necə də olsa İrəvanın hərbi-siyasi varlığı Moskvaya, maliyyə və təşkilati potensialı Vaşinqtona bağlıdır”.
 Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıdakı görüşlərini başa vuraraq Dağlıq Qarabağdakı separatçı qurumla görüşə gediblər. Rusiya XİN başçısı S.Lavrovun ardınca Rusiyanın baş naziri D.Medvedevin Bakıya səfəri gözlənilir. Hazırda İrəvanda səfərdə olan baş nazir aprelin 8-də Azərbaycana gələcək.