Qarabağ danışıqları: SONRA NƏ OLACAQ?

Azərbaycan prezidentlərin görüşündən sonra əldə olunacaq nəticəyə uyğun hərəkət edəcək, müharibə risqi var
Azərbaycan tərəfi Qarabağ münaqişəsinin hər nə qədər sülh yolu ilə həllinə nail olmağa çalışırsa, mövcud vəziyyət heç bir şəkildə buna imkan vermir. Xüsusən də Ermənistanın işğalçılıq siyasətin həyasızcasına davam etdirməsi, hətta aprel döyüşlərindən sonra Azərbaycanla ultimativ dildə danışması da onu deməyə əsas verir ki, durumun bu şəkildə davam etməsi qeyri-mümkündür.
Politika.Az xəbər verir ki, hadisələrin gedişatı Qarabağ danışıqlarında ciddi uğurun əldə ediləcəyindən xəbər vermir. Ermənistanın təklifləri Azərbaycanı nəinki qane edir, torpaqlarının itirilməsi deməkdir. Rəsmi Bakı isə birmənalı olaraq torpaqlarımızın işğaldan azad olunmasını tələb edir. Ermənistanın ordusunun Qarabağdan çıxmasını istəyir. Amma Ermənistanın buna gedəcəyi də inandırıcı görünmür.
Hadisələrin gedişatı, proseslərin təhlili belə deməyə əsas verir ki, Azərbaycan işğal altındakı Qarabağ torpaqlarını müharibə yolu ilə geri almaqdan başqa seçim görmür. Bunun üçün aprel müharibəsi ilk addımlar idi. Həmçinin Azərbaycan Ordusunun gücünü yoxlamaq məqsədi güdürdü. Bəzi məlumatlara görə, bu ayın sonuna kimi prezidentlər arasında keçiriləcək görüşdən alınacaq nəticə sonrakı addımları atmağı planlaşdıracaq. Yəni, həmin görüşdən nəticə çıxmayacaqsa, Azərbaycan Ordusu yenidən hərəkətə keçib, bu dəfə ermənilərin göz yaşlarına baxmayaraq, işğal altındakı torpaqlarımızı azad edəcək.
Ermənistan təbii ki, bu zaman təxribatlara əl atacaq. Onlar Rusiya, Amerika, Fransa kimi dövlətlərin qapısında dayanıb, yalvaracaq, onlardan kömək istəyəcək, habelə atəşkəsin elan edilməsiyçün vasitəçilik etmələrini xahiş edəcək. Necə ki, eyni şeyi aprel müharibəsi zamanı etdi. Bunun nəticələrinin Azərbaycan üçün hər hansı bir əhəmiyyət kəsb edəcəyi də real görünmür. Çünki rəsmi Bakı münaqişənin tezliklə həll edilməsini istəyir və bu zaman hər hansı bir güzəştə getmək fikrində deyil.