'Qara Qarayev: ''Qarabağ” “Zirə”yə qalib gəlməyə borcludur''

“Qarabağ”ın futbolçusu Qara Qarayevin Qol.az saytına müsahibəsi
- Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “İnter”ə 4 cavabsız qolla qalib gəldiniz. Bu cür nəticəni gözləyirdiniz?
- Futbolda hər cür nəticə qeydə alına bilər. Hesabın 4:0 olması “İnter”in səviyyəsi ilə bağlı deyil. “İnter” həqiqətən də çox çətin rəqibdir. Meydanda onlara qarşı mübarizə aparmaq düşünmək və böyük güc tələb edir. Bizə qol buraxmamaq və imkan düşdükcə qol vurmaq tapşırığı verilmişdi. Sözsüz ki, kubok oyununda vurulan hər qol növbəti mərhələyə adlamaq üçün şansı artırır. Buna görə də hesabın 4:0 olması yerinə düşdü.
- Finala çox yaxınsınız. Həlledici oyunda “Neftçi” ilə qarşılaşmaq istərdiniz, yoxsa “Qəbələ” ilə?
- Rəqibimiz kim olsa, çalışacağıq ki, adımıza layiq oyun göstərək. Ancaq biz  ilk növbədə finala çıxmalıyıq ki, bu barədə rahat danışaq. “İnter”lə cavab oyunundan sonra hər iki cütün taleyi həll olunacaq və onda rəqib haqda danışmaq olar.
- Topaz Premyer Liqanın növbəti turunda səfərdə “Zirə”yə qalib gəlsəniz, çempionluğunuz rəsmiləşəcək.
- “Zirə” son vaxtlar çempionatda yaxşı çıxış edir. Məncə, bizim üçün çox ciddi sınaq olacaq. Qalib gəlməyə borcluyuq. İndi ən vacibi odur ki, oyuna düzgün motivasiya olaq. Oyundan əvvəl çempion olub-olmayacağımız haqda fikirləşmək bizi uçuruma apara bilər. İnşallah, bu oyun həlledici olar, qalib gələrik və daha bir uğur qazanarıq.
- “Zirə”nin bu mövsüm öz meydanında uduzmadığını bilirsən?
- Bəli, süni ot örtüklü meydançada çıxış edirlər. Onlar orada məşq edirlər. Bundan başqa, öz meydanları olduğu üçün daha rahat oynayırlar. Biz də son oyunu süni örtüklü meydançada oynadıq. Düşünürəm ki, bizim üçün də problem olmayacaq. ”Zirə”nin öz meydanında məğlubiyyətsizlik seriyasını da qırmaq olar.
- “İnter”lə oyundan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl müsahibəsində bildirdi ki, komanda istədiyi kimi oynamır.
- Tahir bəyin fikrinə hörmətlə yanaşmaq lazımdır. O, futbolçularla daha çox vaxt keçirən klub prezidentlərindəndir.  Onun hansısa istəkləri ola bilər. Ancaq biz baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Sözsüz ki, çatışmazlıqlar ola bilər. Tahir bəy həmişə bizim yanımızda olub. Dediyi bu fikirlər bizim məsuliyyətimizi daha da artıracaq.
- Bəlkə, klub prezidenti arxayınlaşmamağınız üçün belə fikir səsləndirib?
- Sözsüz. O, bununla bağlı bizimlə iclas keçirmişdi.Onun bizə ən böyük tövsiyəsi arxayınlığın olmaması ilə bağlı idi. Yəqin ki, bu cür danışmaqla da futbolçuları gizli şəkildə motivasiya edir.
- Rəşad Sadıqov müsahibəsində bildirib ki, cəbhədəki əsgərlərimizə baş çəkəcəyik. Bu yaxınlarda belə bir səfər planlaşdırırsınız?
- Yəqin ki, Qurban müəllimlə məsləhətləşəndən sonra Rəşad bizə də bir söz deyəcək. Biz həmişə ordumuza dəstək olmuşuq. Gedib, daha da yaxından dəstək olmağa hazırıq. Bu gün Qarabağı qorumaq üçün əsgərlər canından keçir. Təbii ki, onlar həm də “Qarabağ” komandasını qoruyur. Biz də Azərbaycan vətəndaşı olaraq hər birimiz onların xidmətində durmağa hazırıq. Bu, bizim borcumuzdur. Borcumuzu yerinə yetirməyə hər an hazırıq.