​“Qara bazar”ın qara günü-dollar alverçilərinin həbsi başlandı

 
Qanunsuz valyuta satanlar saxlanıldı, amma ekspertlərin fikrincə, hətta vaxtilə SSRİ belə «qara bazar”ın qarşısını ala bilməyib
 
Son günlər dolların yenidən banklardakı satışında ciddi problemlər yaşanmaqdadır. Dərs ilinin yaxınlaşması və Bakıya tələbə axını dollara tələbatı daha da artırıb. Bazarda dollar qıtlığının yaranmasının başqa bir səbəbi isə hökumətin  bazara dollar buraxmamasıdır. Mərkəzi Bankın keçirdiyi hərraclarda bankların dollara tələbi 500-600 milyon dollar olduğu halda hərraca 50-60 milyon dollar çıxarılır. Banklarda belə dollar almaq müşkül işə çevrilib. Bu da dolların “qara bazar”da qiymətinin daha da artmasına səbəb olur.
Deputat Vahid Əhmədov “Yeni Müsavat”a son müsahibəsində bu mövzuya diqqət çəkərək  olduqca maraqlı məqama toxunub. Deputat deyib ki, dollar qıtlığının yaranması “qara bazarı” dirçəldir ki, bu da kimlərinsə maraqlarına xidmət edir. “Mənim aldığım məlumata görə, Azərbaycanda qara bazar çox ciddi problemə çevrilib. Möhtəkirlər də bundan istifadə edir. Onlar banklar tərəfindən dollar satışının məhdudlaşmasından istifadə edərək qara bazarda dolları baha satırlar. Əlbəttə, bu yolverilməzdir, qarşısı alınmalıdır, çalışmaq lazımdır ki, banklar əhalini dollarla təmin edə bilsin” deyə, deputat bildirib.
Yada salaq ki,  Azərbaycanda “qara bazar” ötən ili manatın ilk devalvasiyasından(fevralda) sonra  formalaşmağa başlayıb. Buna əsas səbəb, əlbəttə ki, Mərkəzi Bankın və digər kommersiya banklarının fəaliyyətinin zəif olması, eyni zamanda bazardakı mövcud dollar tələbinə operativ reaksiya verilməməsi, dollar satışını sürətlə həyata keçirə bilməməsidir. Amma deputatında dediyi kimi, bəziləri bu durumdan divident götürmək istəyirlər.
“Valyuta alqı-satqısında sui-istifadə halları və möhtəkirliyin, habelə ”qara bazar»ın formalaşmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq qabaqlayıcı və inzibati tədbirlər görülməkdədir».
Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydıqları məlumatda  belə deyilir. Məlumatda deyilir ki, son günlər bir sıra subyektlər tərəfindən valyuta qanunvericiliyinin tələblərinin pozulması və qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılması barədə daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının yalnız banklar və onların filial və şöbələri tərəfindən həyata keçirildiyi halda, Bakı şəhəri, 28 May küçəsi, 34 saylı ünvanda Bakı şəhər sakini İlyas Əkbərov tərəfindən qanunsuz fəaliyyət göstərən məntəqəyə baxış keçirilərkən 93.665 manat, 80.359 ABŞ dolları, 13.680 avro, 212.000 rus rublu olmaqla ümumilikdə 51 ölkəyə məxsus təqribən 320 min Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkar edilərək götürülüb.
 
İ.Əkbərovun valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərini pozaraq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıv və şübhəli şəxs qismində saxlanılıb.
 

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 8C, Nərimanov rayonu, Təbriz küçəsi, ev 95 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətullayev küçəsi, 35 saylı ünvanlarda qanunsuz valyuta mübadiləsi əməliyyatları həyata keçirən məntəqələr aşkar edilməklə barələrində qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
Azərbaycan Baş Prokurorluğu tərəfindən bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyatı qurumlarla əlaqəli şəkildə valyuta qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı qanunamüvafiq tədbilərin görülməsi təmin ediləcək. Ekspertlərin iddialarına görə,  “qara bazar” mahiyyət etibarilə elə bir alətdir ki, bunun qarşısını inzibati üsullarla almaq mümkünsüzdür. Hətta vaxtilə dünyanın ən güclü ölkələrindən olan SSRİ belə “qara bazar”ın qarşısnı ala bilməmişdi.