“Qara bazar”ın dollar kralları: KİMDİR ONLAR?

 
    
 
Natiq Cəfərli: “Bundan külli iqdarda gəlir əldə edirlər”
 
Ölkədə “qara bazar”ın formalaşması valyuta çatışmamazlığının göstəricisidir. Banklar dollar satışı həyata keçirmədiyi bir dövrdə vətəndaşlar dollar əldə etmək üçün “qara bazar”a üz tuturlar. Ancaq “qara bazar” iştirakçıları bu qədər xarici valyutanı hardan əldə etdikləri sual yaradan məqamlardandır. Hökumət bu yöndə son günlər müəyyən addımlar atdı və Beynəlxalq Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov “qara bazar”a dollar ötürməkdə ittiham olunaraq təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Ancaq bu da “qara bazar”ın fəaliyyətini dayandırmağa kifayət etmədi.
 
Bu isə onu göstərir ki, “qara bazar”ın fəaliyyətində bir nəfər maraqlı deyil. Bankların bir çoxu “qara bazar”a valyuta ödəməklə yüksək gəlir əldə etməyə çalışır.
 
 
 
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əgər bir ölkədə “qara bazar” fəaliyyət göstərirsə bu hökumətin ayıbıdır. Onun sözlərinə görə, normal fəaliyyət göstərən bank-maliyyə sistemində “qara bazar” olmamalıdır və ola da bilməz:
 
“Əgər banklar dollar ehtiyacını tam ödəyə bilsəydilər və valyutadəyişmə məntəqələri bağlanmasaydı, “qara bazar” bu qədər tez formalaşmazdı. Hər zaman demişəm ki, valyutadəyişmə məntəqələrinin bağlanması çox sərt qərar idi. Banklar da dollar tələbinin tamamını qarşılaya bilmir. Hal-hazırda bankların özündə valyuta çatışmazlığı var. Son zamanlar valyuta hərracına çıxarılan dolların həcmi kifayət qədər azalıb. Dollar tələbinin ödənilməsində də kifayət qədər problemlər yaşanır. “Qara bazar”ın da formalaşması bu tələb-təklif məsələsindən asılı olan məqamdır.
 
Əgər tələb varsa, təklif mütləq yaranacaq. Hətta SSRİ kimi bir qapalı sistemi olan bir imperiya belə inzibati yollarla “qara bazar”ın qarşısını ala bilmədi. Bunun qarşısını ancaq iqtisadi yollarla almaq mümkündür. Amma yaranmış vəziyyət hələ də davam edirsə, bu o deməkdir ki, burada hansısa qrupların marağı var. Rəsmi məzənnə ilə “qara bazar” arasında 10 qəpik fərq var. Hər dollarda 10 qəpik isə kifayət qədər böyük bir məbləğdir. “Qara bazar”da dollar satışının rəsmi məzənnədən 10 qəpik baha satılması isə külli miqdarda gəlir əldə olunmasına səbəb olur. “Qara bazar”ın bu gündə fəaliyyət göstərməsi hansısa şəxslərin, qrupların maddi marağının olmasına görədir. Maddi maraq olmasaydı “qara bazar” da belə surətlə formalaşmazdı”.
 
Ekspert əlavə edib ki, ölkədə valyutanı bazara çıxaran yalnız bir mənbə var, o, da banklardır. N.Cəfərli deyir ki, əhalinin əlində o qədər böyük valyuta yoxdur ki, onu “qara bazar” vasitəsilə realizə etsin:
 
“Əsas tələb dollar alışınadır ki, bunu da banklar rəsmi şəkildə qarşılaya bilmir. Bunu qeyri-rəsmi şəkildə “qara bazar” vasitəsilə həyata keçirirlər və bundan da külli miqdarda gəlir əldə edirlər. Bu əslində Mərkəzi Bankın və hökumətin bir ayıbıdır ki, ölkədə “qara bazar” formalaşıb. Bunun həm biznesə, həm idxal-ixrac əməliyyatlarına, həm də xarici investorlara mənfi ismarıcı var. Hansı ölkədə “qara bazar” varsa, bunun özü investorlara artıq neqativ siqnaldır ki, bu ölkədə bank-maliyyə sistemi normal fəaliyyət göstərmir. Bunun qarşısını almağın yeganə yolu iqtisadi addımların atılmasıdır. İnzibati yollarla bunun qarşısını müvəqqəti olaraq almaq mümkün olsa da tələb yarandıqca “qara bazar” yenə də fəaliyyət göstərəcək. “Qara bazar” problemi həll etmək üçün, tələbi qarışlamaq və valyutadəyişmə məntəqlərinin fəaliyyəti bərpa etmək lazımdır. “Qara bazar”da gedən əməliyyatlardan heç bir vergi tutulmur. Bu da banklarda əlavə maraq yaradır ki, “qara bazar” vasitəsilə əllərində olan valyutanı realizə etsinlər”.

Загрузка...
Загрузка...