​“Qara bazar” oyunu partladı: Samir Şərifov necə xilas oldu? - Nazirə son şans

 
Ötən gün Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədov gözlənilmədən işdən çıxarıldı. Onun yerinə isə yenicə "Azər-Türk Bank”a sədr təyin edilmiş Xalid Əhədov gətirildi. Beynəlxalq Bank rəhbərinin vəzifədən kənarlaşdırılmasının ardından bir neçə saytda yayılan məlumatlardan isə aydın oldu ki, E. Məmmədovun "vurulması”nın arxasında onun "qara bazar”a dollar çıxarıb satmaqda günahlandırılması dayanıb.
 
Məlum olub ki, E.Məmmədov bir neçə başqa bankir dostuyla birlikdə "qara bazar”a külli miqdarda xarici valyuta çıxarılmasını təşkil edib. Hətta bu barədə Milli Məclisin iclasında deputat Yevda Bayramov da çıxış etmiş, bildirmişdi ki, müəyyən maşınlarda şəhərin müxtəlif yerlərində külli-miqdarda xarici valyuta satırlar.
 
BakuPost.az bank sektorundakı dünənki şok təyinatlarla bağlı yeni məlumatlar əldə edib. Həmin məlumatlara toxunmadan öncə Elmar Məmmədovun vəzifədən çıxarılmasının niyə gözlənilməz olduğunun səbəbini açıqlayaq. E. Məmmədov Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin "vurulması”ndan sonra bu vəzifəyə gətirilmişdi. Və heç kimə sirr deyil ki, o, bu vəzifəyə maliyyə naziri Samir Şərifovun referansı və dəstəyi ilə gətirilmişdi. C. Hacıyev həbsindən sonra da Beynəlxalq Bankın yeni rəhbərliyini hədəfə alan açıqlamalarında əsasən Samir Şərifovu "vurmuşdu”. Əslində, Cahangir Hacıyev mətbuata göndərdiyi son müraciətində Beynəlxalq Bankın rəhbərliyini tamamilə hədəfə çıxarmış və yeni rəhbərliyin fəaliyyətini incələməyin, təhlil etməyin lazımlılığını bəyan etmişdi.
 
Məlum açıqlamadan: "2015-ci ilin yarım ilində Beynəlxalq Bankın xalis zərəri 197 milyon manat, 2016-ci ilin yarım ilində isə 323 milyon manat, eyni zamanda bankın 125 milyon manat kapital itkisi olub.
 
Məni ittiham edirlər ki, 2 milyard manatı riskli layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam. Halbuki, həmin layihələrin hesabına Beynəlxalq Bank hər ili xalis gəlirlə başa vurub. Həmin layihələri sağlamlaşdırmaq adı ilə Beynəlxalq Banka Mərkəzi Bankdan 7 milyard manat, Neft Fondundan 1 milyard dollar verildi. İndi sual olunur: Hardadır həmin pullar? Biz dövlət büdcəsindən heç bir vəsait götürmədən hər ili xalis gəlirlə başa vururduq. Beynəlxalq Bank hazırda isə göstərdiyim külli miqdarda vəsaiti nağd formada almasına baxmayaraq, ili xalis zərərlə başa vurur”.
 
İndi isə məlum olur ki, Cahangir Hacıyevin dediyi həmin valyuta bankın yeni rəhbərliyi tərəfindən "qara bazar”da satılıb. Məsələnin təfərrüatı ilə bağlı əldə etdiyimiz məlumatlara görə, Beynəlxalq Bank rəhbəri işdən çıxarılmazdan az öncə valyuta bazarının niyə belə çətin vəziyyətə düşdüyü barədə maliyyə naziri Samir Şərifovdan hesabat tələb edilib. Nazir isə valyuta bazarında bu qeyri-müəyyənliyi və hərc-mərcliyi tutarlı arqumentlərlə izah edə bilməyib və məsuliyyəti üzərindən atmaq üçün Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovu hədəfə çıxararaq onu qurban verib. Mənbə iddia edir ki, Samir Şərifovun dəstəyi ilə vəzifəyə gəlmiş Elmar Məmmədov onun diqtəsi və təlimatı olmadan nəinki "qara bazar”a pul çıxarmaq kimi böyük risk daşıyan bir əmələ qol qoymaz, hətta Beynəlxalq Bankın fəaliyyətinə aid olan məsələlərə belə təkbaşına qərar verməz. Şərifov isə görünür, özünü hədəfdən yayındırmaq üçün yenə daha xırda fiquru qurban verməyi seçib.
 
Millət vəkili Vahid Əhmədovun bugünkü açıqlaması da vəziyyətin nə qədər kritik olduğunu və məsələyə dövlət başçısının müdaxilə etdiyini göstərir. Onun sözlərindən məlum olur ki, Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib.
 
Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib.
 
Onu da əlavə edək ki, ölkənin valyuta bazarında vəziyyət o həddə çatmışdı ki, ölkədə fəaliyyət göstərən bankların demək olar, 90 faizi xarici valyuta ilə əməliyyatları tamamilə dayandırmaq məcburiyyətində qalmışdı.
 
Bu iddianın inandırıcılığı ona görə mövcuddur ki, eyni sözləri Cahangir Hacıyev də deyib. Sabiq bank rəhbəri də iddia edirdi ki, ölkədə devalvasiyanın baş verməsində və Beynəlxalq Bankın çətin vəziyyətə salınmasında birbaşa günahkar maliyyə naziri Samir Şərifovdur.
 
Mənbə bildirir ki, bütün bunların ardından nazir Samir Şərifova maliyyə bazarında vəziyyəti nisbətən düzəltməsi və bazarda sabitliyi təmin etməsi üçün ilin sonunadək vaxt verilib. İddia edilir ki, əgər ilin sonuna qədər "qara bazar”da vəziyyət bu formada olsa və banklar xarici valyuta tapmaqda çətinlik çəkməyə davam etsə, bütün maliyyə qeyri-stabilliyinin səbəbkarı kimi məhz Samir Şərifov "çarmıxa çəkiləcək”.
 
Samir Şərifovun bu kritik dönəmi zərərsiz başa vurmaması və vəziyyəti normallaşdırmağı bacarmaması halında, hətta vəzifəsini belə itirəcəyi təhlükəsi gözlədiyi də iddia edilir. Hətta o da bildirilir ki, yuxarı dairələrdə artıq Samir Şərifovun yerinə gətirilə biləcək alternativlər müzakirə edilir.

Загрузка...
Загрузка...