“Qanun” nəşriyyatında bomba həyəcanı

Yoxlama zamanı binadan bəzi çap məhsulları, qəliblər götürülüb; nəşriyyatın direktoru Şahbaz Xuduoğlu: “Bu, bizə qarşı planlaşdırılan qərəzli bir addımdır”
"Qanun" Nəşriyyat Evinin binası iyunun 11-də axşam saatlarından etibarən polislər tərəfindən nəzarətə götürülüb. Binanın ətrafında polis əməkdaşları tərəfindən post qurulub. Səbəb olaraq isə binada bomba olması ilə bağlı məlumatın daxil olması göstərilib.
 
Bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu öncə öz facebook səhifəsində paylaşdığı məlumatda bildirib ki, polis mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüb. O, qeyd edib ki, polislər binaya bomba qoyulması barədə məlumat daxil olduğunu və buna görə gəldiklərini deyiblər. Lakin axtarış aparmaq üçün hər hansı sənəd təqdim edilmədiyindən onlar binaya buraxılmayıblar.
 
İyunun 12-də səhər saatlarından etibarən də nəşriyyatın binası nəzarətdə saxlanılıb. Şahbaz Xuduoğlunun hüquqi nümayəndəsi, vəkil Yalçın İmanovun sözlərinə görə, axtarış aparmaq istəyən hüquq-mühafizə orqanlarının əməkdaşları heç bir hüquqi əsaslar göstərməyiblər: “Biz xahiş etdik ki, Daxili İşlər Nazirliyinin qaynar xəttinə binada bomba olması barədə daxil olan məlumatın mətnini bizə təqdim etsinlər. Lakin təqdim edilmədi. Binada axtarış keçirilməsinin heç bir hüquqi əsası yoxdur”.
 
İyunun 12-də saat 15 radələrində polis əməkdaşları binaya daxil olublar. Binaya işçilərdən bir neçə nəfər də buraxılıb. Axtarışların nəticəsi barədə heç bir məlumat verilmir. Polis binada bomba olması barədə məlumatın olduğunu desə də axtarışlar nəticəsində heç bir partlayıcı maddə tapılmayıb.
 
Polis əməkdaşları bu barədə məlumatın Daxili İşlər Nazirliyin 102 “qaynar xətt”inə daxil olduğunu bildiriblər.
 
Musavat.com-un məlumatına görə, axtarışda polis əməkdaşları ilə yanaşı nəşriyyatın bir neçə işçisi də iştirak edib. Yoxlama zamanı jurnalistlər binaya buraxılmayıblar. Yoxlama başa çatandan sonra Şahbaz Xuduoğlu deyib ki, polis əməkdaşları təhqiqat aparmaq adı ilə bəzi çap məhsullarını, qəlibləri aparıblar.
 
Onun sözlərinə görə, polis axtarışla bağlı əlavə izahat verməyib: “Mətbəəyə də baxdılar. Dediklərinə görə, təhqiqat üçün predmet ola biləcək çap qəlibləri və çap məhsulları götürüblər. Sonra götürülən qəliblər bizə qaytarıla biləcəyini də dedilər”.
 
Nəşriyyatın direktoru qəfil yoxlamanın arxasında başqa hər hansı siyasi motivin olub-olmayacağı ilə bağlı suala cavabında bunu istisna eləməyib. “Bu, bizə qarşı planlaşdırılan qərəzli bir addımdır” deyib.