Qalib Putin Suriyadan niyə çıxdı? – Mühüm səbəblər

Baxış sayı: 
189

Rusiya Suriyada diplomatik, geosiyasi, hərbi qələbələr qazandı və bunu bütün dünya etiraf edir. Bu baxımdan Rusiyanın hazırki vəziyyəti artıq qalibiyyətin kuliminasiya nöqtəsidir və bundan sonra onun üçün bölgədə problemlər yarana bilərdi. Buna görə də Putinin ordunun buradan çıxarılması ilə bağlı verdiyi qərar çox yerinə düşdü.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, Putinin ordunu Suriyadan çıxarması ilə bağlı verdiyi qərarın bir neçə səbəbi var:
 
“Burada həm daxili amillər, həm də xarici faktorlar müəyyən rol oynayıb. Bu qərarın verilməsinə ən çox təsir edən səbəb isə Rusiyada 2018-ci ilin mart ayında keçiriləcək seçkilərdir. Putinin reytinqinə Suriya məsələsinin birbaşa təsir edəcəyi də məlumdur. Çünki ölkədə keçirilən rəy sorğusuna görə, əhalinin 49%-dən çoxu Rusiya qoşunlarının oradan çıxarılmasının tərəfdarıdır, yalnız 30% qoşunların orada qalmasını istəyir. Bütün bunları nəzərə alaraq, Putin dünyada terrorçuluqla mübarizə aparan lider obrazını qoruyub saxlayaraq, seçkilərə getmək niyyətindədir. Bu qərar Putin üçün seçkiqabağı əhalinin etimadını qazanması, reytinqini yülsəltməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.
 
Politoloq qeyd edib ki, eyni zamanda, xarici ölkədə hərbi baza saxlamaq, hərbi əməliyyatlar keçirmək milyardlar hesabına başa gələn bir prosesdir:
 
“Bu da Rusiyanın büdcəsində böyük itkilər deməkdir. Rusiyaya qarşı sanksiyalar tətbiq olunması amilinin də bu qərarın qəbulunda müəyyən rolu var. Həm də Putini tez-tez anti-demokratik olmaqda və Krımı işğal etməkdə günahlandırırdılar. O, bu qərarı ilə sübut etmək istəyir ki, dünyada terrora qarşı mübarizə aparan ölkənin lideridir. Qeyd edək ki, Suriyadan bütün qoşunlar çıxarılmır. Bu bölgədə Rusiyanın iki bazası var - hərbi dəniz qüvvələri və aviasiyası. Türkiyə ilə razılaşdırılmış 4 deeskalasiya zonası da var ki, həmin bölgələrdə Rusiya qoşunlarının müəyyən hissəsi qalmaqda davam edəcək. Rusiyanın ancaq əməliyyatlarda iştirak edən qoşunları Suriyadan çıxarılacaq”.
 
Politoloq Putinin Suriyadan sonra Misirə səfər etməsinə də münasibət bildirib:
 
“Misir səfərinin məqsədi bir müddət əvvəl burada baş verən terror aktı ilə əlaqəlidir. Rusiya görünür Misirlə razılaşıb, İŞİD-in burada da məhvini istəyir. Misirlə danışıqlarda da ilk məsələ terrorun qarşısının birgə alınması olub. Rusiya Suriyadan sonra İŞİD-in Yaxın Şərq ölkələrinə yayılmasını istəmir. Suriyadakı hazırkı status-kvo Rusiya üçün çox sərfəlidir. Rusiya burada məqsədinə çatdı. Hələ ki, o, Əsədin hakimiyyətdə qalmasına da nail olur. Suriya ərazisinin 98%-i terrorçulardan təmizləndi. Rusiya Suriya müxalifəti ilə iqtidarını bir araya gətirəcək ölkədir və Suriya xalqlarının konqresini keçirəcəyi də gözlənilir”.
 
Politoloq vurğulayıb ki, Rusiyanın qalib obrazına təhdidlər yaranmaması üçün Putin qoşunların buradan çıxarılması barədə qərarını qəbul edib:
 
“Vaxtilə Corc Buş əvvəl İraqa daxil oldu və Amerika üçün hər şey yaxşı idi. Ancaq sonradan Amerika bir növ o bataqlığın içərisində qaldı və ABŞ qoşunlarına böyük problemlər yarandı. Vyetnamda da ABŞ üçün belə vəziyyət yaranmışdı. Yəni bu tip müharibələrin tarixi oxşardır. Qalib olandan sonra status-kvonu saxlayıb, bölgədən çıxmaq lazımdır. Bunu etmədikdə əks proseslər baş verə bilər. Bundan sonra Suriyada hansı proseslərin gedəcəyini dəqiq müəyyən etmək olmaz. Çünki bölgədə vəziyyət mürəkkəbdir. Suriya xalqlarının konqresi keçirildikdən sonra biz hansı proseslərin olacağını dəqiq deyə biləcəyik. Suriyanın bütövlüyünün saxlanılması isə əsas məqsəddir”.
 
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin rus ordusunun Suriyadan çıxarılmasına qərar verib.

Загрузка...
Загрузка...