Qalan və “yox olan” “Eurovision” təmsilçilərimiz – FOTOLAR

Baxış sayı: 
118

“Eurovision” Mahnı Müsabiqəsi 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Avroviziya dünyanın ən uzun ömürlü mahnı müsabiqəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə “Ginnesin” Rekordlar Kitabına düşüb.
2008-ci ildən başlayaraq Azərbaycan da müsabiqədə iştirak edir. Bu il müsabiqədə Azərbaycanı “X my heart” mahnısı ilə Aysel Məmmədova təmsil edəcək.
İlk illər müsabiqəyə göndəriləcək musiqiçilər televiziyada canlı yayımlanan milli seçim turu ilə müəyyənləşirdi. Son illər isə artıq seçim edildikdən sonra ictimaiyyətə məlumat verilir. Seçimlərdə əsasən gənclərə yer verilir və bir çox istedadlı musiqiçimiz belə böyük bir səhnədə çıxış imkanı tapır. Ancaq yarışmadan sonra bəziləri ya tamamilə səhnədən uzaqlaşır, ya da böyük səs gətirəcək işlərlə məşğul olmur. Bəziləri isə durğunluq yaşasalar belə yenidən efirlərə qayıtmağa cəhd edirlər.
Minval.info “Eurovision” səhnəsində Azərbaycanı təmsil edən musiqiçilərin sonrakı səhnə fəaliyyətləri barədə məlumat verəcək.
İlk təmsilçilərimiz Elnur Hüseynov və Samir Cavadzadə müsabiqədən sonra yollarını ayırıb solo fəaliyyətə başladılar. Yarışmadan sonra Elnur Ukraynaya köçüb bir daha Azərbaycana qayıtmayacağını desə də, bir neçə aydan sonra vətənə geri dönüb.
 
2010-cu ildə Heydər Əliyev Sarayında Viktor Hüqonun «Paris Notr Dam kilsəsi» romanının motivləri əsasında qoyulan müziklda Fev de Şatoper obrazını canlandırmaqla kariyerasında ilkə imza atıb.
Müxtəlif restoranlarda səhnə alsa da, 2014-cü ilə qədər bir çoxları Elnuru unutmuşdu.
Onun geri dönüşü isə “O ses Türkiyə” yarışması ilə baş verdi. Yarışmanın “görmədən dinləmələr” adlı ilk turunda artıq bütün tamaşaçıları və jurini özünə heyran qoymağı bacardı. Bundan sonra Elnur yenidən Azərbaycan xalqının sevimlisinə çevrildi. Müsabiqənin qalibi olduqdan sonra Elnur Hüseynov 2015-ci ildə ikinci dəfə “Eurovision” yarışmasına yola düşdü. Ötən il “Vibration”mahnısına təqdim etdiyi klipdən sonra Elnur Hüeynovun yenidən qeybə çəkildiyini deyə bilərik.
 
Samir Cavadzadə isə yarışmadan sonra səhnələrdən uzaqlaşdı. “Quci, Quci”, “İnsafsızlar”, “Son görüş”, “Bu da Son” adlı mahnılarla toylarda çıxış etsə də, bir çox musiqiçi onu tənbəllikdə günahlandırdı. 2017-ci ildə ifa etdiyi “Şəhər darıxır bizsiz” mahnısı ilə bir müddət radiolarda onun səsini eşitsək də, bu aralar yeni layihələri barədə xəbərlər yayılmır.
2009-cu ildə Araşla birlikdə ölkəmizi təmsil edən Aysel Teymurzadə 2012-ci ildə pianoçu Murad Adıgözəlovla ailə həyatı qurdu. Səhnədən uzaqlaşan Ayselin 2012-ci il təvəllüdlü Səidə adında qız, və 2 oğlan övladı var.
Ailə həyatı qurduqdan sonra səhnələrdən uzaqlaşan digər bir “Eurovision” təmsilçimiz Safura Əlizadədir. Müsabiqədən sonra “It’s My War” adlı albom təqdim etdi, 2013-cü ildə Azərbaycan Respublikasının Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə həyatı qurub, özünü tamamilə ailəsinə həsr edib.
2011-ci ildə ölkəmizə “Eurovision” qalibiyyətini gətirən Eldar Qasımov və Nigar Camal daha sonra ayrılıqda musiqi fəaliyyətlərini davam etdirdilər. Həm ingilis, həm də Azərbaycan dilində mahnılar ifa edən Eldar ən son “İ miss you” mahnısını çıxarsa da, bəlkə də, ingilis dilində olduğu üçün ifa elə də yayılmadı.
Nigar Camalın müsabiqədən sonra Miri Yusiflə birgə səsləndirdiyi “Qal”, ötən il çıxardığı “Çağıran da ürəkdir” mahnıları kifayət qədər populyarlıq qazanıb.
 “Eurovision” 2012 səhnəsində “When the Music Dies” mahnısı ilə çıxış edən Səbinə Babayeva fəal musiqi ilə məşğul olmasa da, dövlət tədbirlərində özünə yer tapa bilir. Avropa Oyunlarında fəxri məşəlin daşıyıcısı olub və bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.
2013-cü ildə “Hold me” mahnısını “Eurovision” üçün səsləndirən Fərid Məmmədovun hazırki fəaliyyəti barədə heç bir məlumat yoxdur. 2016-ci ildə medianın gözündən uzaq, hətta şou-biznes əhlinin belə iştirak etmədiyi toy mərasimi ilə evlənən Fərid musiqi fəaliyyətini sonlandırıb.
2014-cü il təmsilçimiz Dilarə Kazımova da müsabiqədən sonra bir müddət durğunluq yaşadı. “Kəklikotu” filmi üçün səsləndirdiyi “Dəm-dəm” mahnısı çox sevildi və Dilarənin efirlərə geri dönüşü oldu. Çimərlik geyimindəki fotossesiyasından sonra Murad Ariflə duet oxuduğu “Yalnız səni gözlərəm” mahnısı ilə Dilarə özünə yaxşı dinləyici kütləsi toplaya bildi.
2016-ci ildə müsabiqəyə yollanan Səmra Rəhimli də bir müddət böyük səhnələrdən uzaq qaldı. Bu ilin 4 mart tarixində çıxan “Hypnotized” mahnısı ilə Səmra yenidən özünü xatırlatmaq fikrindədir.
 “Eurovision” 2017 təmsilçimiz Diana Hacıyevanın (DiHaj) müsabiqədən dərhal sonra “The end of sunrise” adlı albomu işıq üzü görüb. Hazırda DiHaj bir çox gecə klubu və restoranın səhnəsində çıxış edir.

Загрузка...
Загрузка...