“Putinin zəhləsi gedən iki adam varsa, biri odur...”- Süleymanov

Baxış sayı: 
205

 
 
Teleqraf.com Gürcüstan parlamentinin azərbaycanlı deputatı, Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının funksioneri Azər Süleymanovla müsahibəni təqdim edir.
 
- Azər müəllim, Mixail Saakaşvili ilə təmaslarınız varmı?
 
- Ancaq telefonla danışırıq. Görüşə bilmirik. Çünki bir neçə deputatın Ukraynaya girişinə qadağa qoyulub. Düzdür, mən Ukraynaya son zamanlar getməmişəm, ancaq ehtimal edirəm ki, bu ölkəyə daxil olmağıma qadağa qoyulub.
 
- Saakaşvilinin Ukraynadakı fəaliyyətini necə qiymətləndirirsiniz?
 
- Ukraynada yeni bir şey yoxdur. Bildiyimiz qədər Prezident Poroşenko Mişanın Gürcüstana ekstradisiyası haqda göstəriş verib. Ancaq Gürcüstan hökuməti Saakaşvilinin buraya gəlməsini arzu etmir. Çünki Gürcüstanda Saakaşvilinin 100 minlərlə tərəfdarı var. O, buraya ekstradisiya edilərsə, Gürcüstanda balans pozular. Bunu da Gürcüstan hökuməti arzu etmir.
 
İkincisi, Ukraynadan Saakaşvilinin Gürcüstana ekstradisiya edilməsi sadə iş deyil. Çünki Saakaşvilin sonuncu dəfə Ukrayna vətəndaşı olub. Həm də sonuncu dəfə Ukraynada keçirilən məhkəmə prosesi zamanı Saakaşviliyə heç bir cəza kəsilməyib. Çünki ortada hər hansı bir fakt yoxdur. Məhkəmə onu ev dustaqlığına belə məhkum etmədi. Bu gün artıq Almaniya və digər Avropa ölkələrinin mediası Ukrayna prezidentini tənqid edən məqalələr yazır. İnanmıram ki, bu gedişlə Poroşenko postunu 2-ci dəfə saxlaya bilər. Saakaşvilinin aktivliyi Ukrayna xalqına verdiyi sözə görədir. Onu Ukraynaya islahatçı kimi aparmışdılar. Əgər Saakaşvili pul qazanmaq niyyətində olsaydı, bunu Gürcüstanda edərdi. Gürcüstan hökuməti 5 ildir Saakaşvilinin pulunu axtarır, amma heç nə tapa bilmir. Saakaşvili pul adamı deyil, qurucu insandır. Saakaşvili Ukraynada yeganə şəxsdir ki, korrupsiyanın kökünü kəsə, sistemi dəyişə bilər. Saakaşvili poroşenkoların, avakovların xeyrinə deyil, onlara qarşı işləyir. Bu səbəbdən də onlar Saakaşvilini nəyin bahasına olursa-olsun, Ukraynadan rədd etmək istəyirlər. Ancaq iş ondadır ki, artıq Saakaşvilinin Ukraynada milyonlarala tərəfdarı var. Mən Saakaşvilini tanıyan biri kimi deyirəm ki, o, heç vaxt təslim olmayacaq. Zaman hər şeyi göstərəcək.
 
- Saakaşvilinin Ukraynada hakimiyyətə gəlmək ehtimalı varmı?
 
- Biz Gürcüstan vətəndaşıyıq. Ukraynanın növbəti prezidentinin kim olacağı haqda qərarı Ukrayna xalqı verməlidir. Əgər ukraynalılar indiki kimi yaşamaq istəyirsə, Poroşenko ilə davam etməlidir.
 
Saakaşvili hazırda Gürcüstanda olmasa da, onun qoyduğu xətt hazırda davam edir. Baxmayaraq ki, hazırda Gürcüstanda başqa qüvvə hakimiyyətdədir. Lakin Saakaşvili elə siyasi sistem qurdu ki, bu sistem reysə oturdu və davam edir. Saakaşvili Gürcüstan vətəndaşlarını rüşvətin işləmədiyi bir dövlətdə yaşamağa alışdırdı. Əgər ukraynalılar rüşvətin olduğu ölkədə yaşamağı arzulayırsa, Poroşenkonu seçəcəklər. Yox, əgər həyatlarında rifah, yenilik, düzgünlük, demokratiya istəyəcəklərsə, bu zaman Saakaşvili bu prosesi həyata keçirə bilər. Saakaşvili bu fəaliyyətini əməlləri ilə ortaya qoymuş siyasətçidir. Ukraynanın növbəti prezidentinin kim olacağı isə Ukrayna vətəndaşlarının ixtiyarındadır. Amma proqnozlar onu göstərir ki, Poroşenkonun nüfuzu durmadan azalır, xalq onu sevmir. Sonuncu etirazlarda yüz minlərlə insan iştirak edib. Belə məsələlər isə çox da uzun çəkmir.
 
- Doğurdanmı Saakaşvili Qərbin layihəsidir və məhz buna görə də Ukraynaya asanlıqla daxil oldu, onun həbsinə imkan vermirlər. Bu iddiaları nə dərəcədə əsaslı hesab edirsiniz?
 
- Gürcüstan 30 il əvvəl 70 il SSRİ-yə baş əyib, amma ondan xeyir görməyib. Gürcüstanın Avropaya qapısı açıldıqdan sonra güclü islahatlar həyata keçirildi. Ancaq bu o demək deyil ki, Gürcüstan Avropa və ya Amerikanın koloniyasıdır. Gürcüstana demokratik layihələr və islahatlar gətirdilər. Biz işimizi silahla deyil, demokratiya ilə davam etdirmək qərarını verdik. Saakaşvili Qərb təhsillidir, yeddi universitet bitirib. Onun haqqında “Qərbin projesi, Avropanın qulu” demək də haqsızlıqdır. Saakaşvilinin gördüyü işlər göz önündədir. 2003-cü ildə dağılmış dövlətdən sivil, rüşvətdən uzaq dövlət düzəltdi. İndi bunu hansı tərəfə yozsanız da, bu insan öz işinin peşəkarıdır. Əlbəttə, indi Saakaşvilinin dünyagörüşü ilə Poroşenkonun dünyagörüşü bir deyil. Saakaşvili insanların hamısını xoşbəxt görmək istəyir, Poroşenko isə ancaq ətrafını xoşbəxt görmək istəyir. Məhz bu səbəbdəndir ki, dünyanın ən varlı dövləti olan Ukrayna indi az qala Afrikanın kasıb dövləti günündədir.
 
Ukraynada olanda adamın yadına 2002-cü ilin Gürcüstanı, bu ölkənin polisi və əsgəri düşür. Onların geyiləcək bir şeyi belə yox idi, ümidlərini yoldan keçən avtomobillərə tikirdilər ki, bəlkə kimisə saxlasalar onlara 5-10 manat pul verər. İndisə Gürcüstanda sivil polis var və insanlar ona inanır, bilir ki, polis onun arxasıdır, ümid yeridir. Ukraynaya münasibətdə isə bunu demək çətindir.
 
- Saakaşvilinin Rusiya agenti olması haqda iddialara münasibətiniz necədir?
 
- Bu lap gülməlidir. Əvvəl dedilər Amerika agentidir, sonra oldu Avropanın agenti, indi də deyirlər ki, Rusiyanın agentidir. Kimin ağlına nə gəlirsə, ora da yozur. Ancaq iş ondadır ki, bunun sübutu olmalıdır. Məsələn, Ukrayna prokurorluğu Saakaşvilini Rusiyanın agenti olmaqda ittiham etdi. Sonra bəlli oldu ki, açıqlanan səs yazısı montaj və quramadır. Saakaşviliyə hər şey demək olardı, amma onun Kremlin agenti olmasını demək böhtandır. Putinin zəhləsi gedən iki nəfərdən biri Saakaşvilidir. Bəlkə də yatanda yuxuda Saakaşvilini görür. Bu mənada Saakaşvilinin Rusiya agenti olması haqda iddia heç bir əndazəyə sığımır və qeyri-ciddi iddiadır.
 
- Demək olarmı ki, Saakaşvilinin Gürcüstanla bağlı planları yoxdur və bütün planları Ukrayna ilə əlaqəlidir?
 
- Saakaşvili Ukraynada olsa da, ürəyi hər zaman Gürcüstandadır. Əlbəttə, Gürcüstanın xoş gələcəyini istəyir. Lakin bu gün onun mübarizəsi Gürcüstanda deyil, Ukraynadadır. Saakaşvilinin Gürcüstanda güclü partiyası, tərəfdarları var. Onun lideri olduğu partiya hazırda Gürcüstanın ana müxalifətidir. Mişa isə Gürcüstanın qurucu lideri kimi tarixdə qalacaq. Biz ümid edirik ki, geci-tezi Saakaşvili Gürcüstana qayıdacaq. Sözsüz ki, onun enerjisi və bilikləri Ukraynaya da lazımdır. O, da bu xalqa söz verib ki, ölkəni böhrandan çıxara bilər. Əgər Ukrayna xalqı onu dəstəkləsə, deməli imkanlarından yüksək səviyyədə istifadə edəcək. Bir daha qeyd edirəm ki, Ukraynanı siyasi və iqtisadi böhrandan çıxara biləcək yeganə insan Saakaşvilidir. Amma Saakaşvili yalnız Gürcüstana aiddir və biz onun tezliklə Gürcüstana qayıtmasını istərdik.
 
- Ukrayna qanunvericiliyi Saakaşvilinin bu ölkənin prezidenti olmasına imkan verirmi?
 
- Yox. Buna Ukrayna konstitusiyası imkan vermir. Saakaşvili özü də bəyan edib ki, bu ölkənin prezidenti ukraynalı, Ukraynanı sevən biri olmaldır. Amma Saakaşvilinin baş nazir kimi iddiası var. Baş nazir olarsa, Ukraynanı krizisdən çıxara bilər. Bundan sonra da ölkənin iqtisadi baxımdan ən ağır və çətin bölgəsinə gedərək orada qubernator kimi işləyə bilər. Onun özü də bunu bəyan edib. Qəti onu deyə bilərik ki, Ukrayna qanunları Saakaşviliyə bu ölkənin prezidenti olmağa imkan vermir. Bu mənada Saakaşvili heç vaxt Poroşenkonun rəqibi olmayıb. Mən Poroşenkonun yerinə olsaydım, əvvəldən Saakaşvilini baş nazir təyin edərdim və nəticədə də indiki böhran baş verməzdi. Açıq görünən odur ki, Avakovlar və digər Ukraynanı parçalamaq, pullarını mənimsəmək istəyən şəxslərin heç biri bu gözəl ölkəyə xeyir gətirmədi. Əvəzində Ukrayna Yanukoviç dövründən də pis duruma düşdü.
 
- Demək istəyirsiniz ki, Saakaşvilinin Ukraynadakı mübarizəsi həm də onun baş nazir olmaq ambisiyası ilə bağlıdır?
 
- Yox, mən belə təqdim etməzdim. Saakaşvili heç vaxt vəzifə üçün mübarizə aparmayıb. O, tarix üçün, tarixə islahatçı dövlət adamı kimi düşmək üçün mübarizə aparır. Bu gün açıq-aydın deyir ki, ölkəni düşdüyü böhrandan çıxarmaq üçün baş nazir olmaq istəyir. Ancaq onun heç bir vəzifə istəyi yoxdur. Nəzərə alın ki, dünyanın müxtəlif ölkələrində ona vəzifə və vətəndaşlıq təklifi edilib. Sadəcə bu onun xarakterinə ziddir. Saakaşvili hər zaman mübarizə, çətin yaşam tərzini seçir. Məqsəd isə xalqlara imkanı qədər dəstək göstərmək, insanların yaxşı yaşamasını təmin etməkdir.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...