"Putinin qələbələri qulpsuz çamadan kimidir - atıb gedə bilmir, daşımaq da ağırdır" - Qərb mediası

 
Vladimir Putin ən azı 2024-cü ilə qədər dünyanın ərazicə ən böyük dövlətinin başçısı olacaq.
 
“Bu sizin üçün Səddam Hüseynin İraqdakı seçkilərinə bənzəməsin. Müasir Rusiya dövlətində demokratiyanın hər nə qədər zədələnməsindən asılı olmayaraq Putini rus xalqı həqiqətən dəstəkləyir. Qərb isə bu durumu heç xoş qarşılamır”, -“The Washington Examiner” qəzeti yazır.
 
“Lakin o zaman belə bir sual yaranır. Bu adam belə bir dəstəyə rəğmən demokratik normalara niyə bu qədər antipatiya ilə yanaşır. Əgər ölkənin həqiqətən 80%-i Putinin fəaliyyətini bəyənirsə, nə üçün o, tənqidçilərini müxtəlif yollarla susdurur”, - qəzet sual edir.
 
Yazıda bunun bir cavabı olduğu bildirilir - əmin olmamaq.
 
“Putini özünün kleptokrat (hakimiyyətdən sui-istifadə edib dövləti talayan və varlanan) kimi qələmə verilməsindən çox qorxur. Xüsusilə jurnalistlərin və ictimai xadimlərin onun əməllərini ortaya çıxarmasından olduqca çəkinir. Bunun ən böyük örnəyi Aleksey Navalnıdır. Rusiyalı müxalifətçinin rejimin korrupsiya əməllərini ifşa edən materialları prezidenti qətiyyən əyləndirmir. Bu səbəbdən o, daima hüquq-mühafizə orqanları tərəfindən təqiblərə məruz qalır.
 
Rusiyalı politoloq Konstantin Eggert Fransanın “Liberation” qəzetinə veridiy müsahibədə məsələyə bir qədər fərqli rakursdan yanaşır.
 
Onun fikrincə, Putin özü ikinci mandatının ömrünü uzadıb.
 
“Putin bu seçkilərdən Qərblə kontakt qurmaq üçün istifadə edir. “Hər halda 76%-lik səsimi nəzərə almaya bilməzsiniz. Mən sizin hər birinizdən daha populyaram...deyə”...Rusiya ilə kompromiss tərəfdarları bu mesajı göydə tutacaqlar. Bundan başqa, kommunist Qrudininin zəif nəticələri Qərbdə Putinin Rusiyada kommunizmə qalib gəldiyi təəssüratını yarada bilər”.
 
Eggert Rusiya müxalifətinin acınacaqlı durumda olduğunu söyləyib:
“Yalnız Navalnının hərəkatı az-maz təşkilatlana bilir. Lakin Kreml olduqca hiyləgər taktika seçib. Rejim Navalnını bir növ getto, ya da dalan kimi bir yerə sıxışdırıb. Oradan Navalnı Rusiyadakı rüşvətxorluğun ifşaedicisi kimi car çəkir. Lakin bu ifşaların heç bir xeyri yoxdur. Çünki situasiyanın düzəlməsi üçün mexanizmlər mövcud deyil. Navalnın özü isə leqal olaraq siyasi həyatda iştirak edə bilmir”.
 
Politoloq bütün bunlara rəğmən Ruisya prezidentinin vəziyyətinin sadə olmadığını bildirir:
“Taktiki olaraq Putin son dövrlərdə ard-arda qələbələri sıralayıb. Lakin strateji cəhətdən o, məğlubiyyətlərin astanasındadır. Geriyə baxdığımız zaman Krım və Donbasda nə görürük? Bu regionlar Rusiyanın əlində qulpsuz çamadana bənzəyir. Tullayıb getmək olmur, amma daşımaq da ağırdır.
 
ABŞ seçkilərinə müdaxilə... böyük səhv buraxıldı. Bu səhv Kremlin Qərbin siyasi sistemlərinin necə işlədiyini anlamadığını göstərdi. Nəticə: Tramp Rusiya ilə bağlı hər hansı addım ata bilmir. Bütün qərarları ya Konqres, ya da generallar verir. Onları isə heç cür rusofil (Rusiyanı sevən) adlandırmaq olmaz”.
 
Eggert Vladimir Putinin 6 illik müddəti gözləmədən gedəcəyini istisna etmədiyini söyləyir.
 
“Onun varisi ya özü kimi, inandığı və etibar etdiyi KQB agenti olacaq, ya da risk edib tamamilə başqa adam gətirəcək. Lakin Putin heç vaxt öz şəxsi və yaxın ətrafı üçün təminat almadan və siyasi proseslərə nəzarət etməyə imkan edən mövqe tutmadan hakimiyyətini verməz”, - Eggert yekunda bildirib.
 
Musavat.com

Загрузка...
Загрузка...