Putinin Qarabağ planı, NATO-nun yeni müharibəsi, MOSSAD-ın 50 illik sirri – GÜNÜN SİYASİ XÜLASƏSİ

 
Bu gün ölkənin və dünyanın siyasi gündəmi xeyli zəngin oldu. Türkiyədə FETÖ əməliyyatları davam edir, Fətullah Gülənin isə növbəti həmləyə hazırlaşdığı deyilir. Qarabağ ətrafında yeni gərginliyin olacağı ehtimalları var. Repressiyalara hazırlaşan Sarkisyan Jirinovskidən həyatının ən sərt cavabını aldı. Müsavat Partiyası isə istefa dalğası ilə qarşı-qarşıya qaldı.
 
***
 
“Siyasət insanlığın, kişiliyin, mərdliyin üstündə bir şeymi, ondan vacibmi? Kiminsə siyasi mövqeyi hansısa periodda sizə uyğun gəlməyəndə, yaşanmışları silib atırsınızmı? Bəs vəfa borcu?”.
 
Bu sözlərin müəllifi olan “Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlunun Müsavat başqanı Arif Hacılının dediklərinə cavabı sərt oldu.
 
O, bir sıra məsələləri açıq şəkildə dilə gətirdi: “Biz iqtidar olduq, siz və başqaları hakimiyyətə gəldiniz, mən qəzetdə qaldım. Sonra biz hakimiyyətdən getdik, siz və başqaları qaçdınız, gizləndiniz (Səhv etmirəmsə, siz Azərbaycanı və həbsdəki başqanı buraxıb, Leninqrada qaçmışdınız), İsa Qəmbər zindanda, biz meydanda və qəzetdə qaldıq. Siz mənə deyirsiniz, iqtidara təslim oldun, amma siz hələ 23 il əvvəl Surət Hüseynov Bakıya gəlmədən, ona təslim olmuşdunuz. Xalqın və prezidentin sizə verdiyi mövqeyi buraxaraq, qaçmışdınız!”.
 
Müsavat başqanı Arif Hacılı Rauf Arifoğlunu iqtidara təslim olmaqda ittiham etmişdi.
 
R. Arifoğlunun cavabından sonra Müsavatın üzvü olan “Yeni Müsavat” qəzetinin bir neçə əməkdaşı – Elşad Paşasoy, Ələsgər Süleymanov və Etibar Seyidağa partiyadan istefa verdiklərini elan etdi. Onlar istefalarına səbəb kimi Arif Hacılını göstərdilər.
 
Ardınca R. Arifoğlunun qardaşı, “Yeni Müsavat”ın redaktoru Azər Ayxan da istefa yolunu tutdu.
 
“Özünü demokrat siyasətçi kimi cəmiyyətə sırımağa çalışan Arif Hacılı bu mövqeyi ilə söz-mətbuat azadlığına qarşı olduğunu sübut etdi. Həmçinin fərqli mövqeyə, baxışa, ifadə azadlığına düşmən mövqedə dayandığını isbatladı. Bir qəzet redaktorunun, jurnalistin partiyadan istefasını şərh edərkən həmin jurnalistə qarşı mənəvi-psixoloji terrora yol verdi”, - deyə o, qarşı tərəfi ittiham etdi.
 
Ardınca da Müsavata qayıtmağın bir şərti olduğunu açıqladı.
 
İsa Qəmbər başqanlığa qayıtmalıdır.
 
2014-cü ildə başqanlığı təhvil verən İsa Qəmbər isə susqunluğunu qoruyur.
 
***
 
Putin Bakıya razılaşdırılmış Qarabağ planını gətirir
 
Avqust ayında Elmar Məmmədyarov və ermənistanlı həmkarı Edvard Nalbandyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşləri keçiriləcək.
 
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta açıqlama verib.
 
O, “Mən bilirəm ki, avqustda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək. Mənə deyiblər ki, Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidentinə razılaşdırılmış prinsipləri təqdim edəcək” deyə o bildirib.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev isə Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü barədə heç bir məlumatlarının  olmadığının bəyan edib.
 
Rusiya prezidenti Vladimir Putinin avqustun 8-də Bakıya səfəri qətiləşib. Kremlin rəhbəri Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə, həmçinin, İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Putinin Bakı səfərinin ana xəttindən birinin də Dağlıq Qarabağ münaqişəsi olması ehtimalları da gündəmdədir.
 
Dağlıq Qarabağ münaqişəsi ətrafında müharibə alovlana bilər.
 
Bu barədə isə almaniyalı politoloq Aleksandr Rar deyib.
 
Onun sözlərinə görə, NATO Cənubi Qafqaz regionunda genişlənməyi arzu edir, lakin Rusiya ilə müharibəni də arzu etmir:
 
“NATO Rusiya ilə vuruşmaq istəmir və onunla açıq qapı siyasəti aparır. Çünki Rusiyanın iştirakı olmadan dünyanın sabit arxitekturasının yaratmaq mümkün deyil. Lakin Ukraynada kəskinləşmə baş verir. Orada müharibə alovlana bilər. Həmçinin, Dağlıq Qarabağda müharibə alovu genişlənə bilər. NATO Cənubi Qafqaz regionuna girə bilməyəcək. Hesab edirəm ki, tezliklə Avropa Birliyi ilə Avrasiya İttifaqı arasında dialoq başlanacaq. Avropa Şanxay Əməkdaşlıq Təşkilatından (ŞOS) üz çevirə bilmir. Almaniyada bu ideyanın konsepsiyasının formalaşması üçün ciddi işçi qrupları yaradılır. NATO indi diqqətini ərəb dünyasına və ola bilsin ki, Cənubi Çin dənizində Çinlə mübarizəyə yönəldəcək. Lakin Amerikada hakimiyyətə Donald Tramp gəlsə, onda dünyanın nizami ümumiyyətlə yenilənmiş ola bilər. O, ABŞ prezidentliyinə namizədlər arasında ilk şəxsdir ki, çoxqütblü dünyaya qorxunc çağırışlar kimi yox, Amerika üçün reallıq kimi baxır”.
 
Almaniyalı politoloqun bu açıqlamasından sonra Ermənistan prezidenti Serj Sarkisyanın repressiyalara başlayacağı haqda məlumat yayıldı.
 
“Ermənistanda repressiyalar başlayacaq. Serj Sarkisyan bunun anonsunu verdi”.
 
Bu barədə danışan erməni politoloq Ara Papyan bildirib ki, Serj Sarkisyan qiyam başlayandan, silahlı qrupun üzvlərinin həbs olunmasına qədər iki dəfə danışıb:
 
“Əvvəl o, yalnız bir qrupa ünvanlanan fikirlər səsləndirirdi. İndi isə yalnız polisi təriflədi. Bu onu deməyə əsas verir ki, ölkədə repressiya dalğası başlanır”.
 
“Onlar ayaqlarımıza yıxılıb yalvaracaq”.
 
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ermənistana mesaj yolladı ki, çox da atılıb-düşməyin.
 
“İrəvan heç vaxt Rusiya ilə əməkdaşlıqdan imtina etməyəcək. Ermənistan kiçik ölkədir və heç bir iqtisadi perspektivə malik deyil. Əgər lazım olsa, Rusiya Ermənistandakı hərbi bazasını çıxara bilər. Onlar ayaqlarımıza yıxılıb yalvaracaqlar ki, bazanı qaytarın. Bu baza onların xilasıdır. Buna görə də Ermənistanla bağlı narahat olmağa dəyməz. Onlar heç vaxt bizdən imtina etməyəcək”, - deyə o bildirib.
 
***
 
“Fətullah Gülən peyğəmbərlə danışır”.
 
Bu barədə FETÖ ilə bağlı ifadə verən hakim T. D. (hər ikisi hakim olan ər-arvad. T.D. hər ikisinin adlarının ilk hərfidir, ad və soyadları açıqlanmır) deyib.
 
T. D. F.Gülənin Məhkəmə-Hüquq Şurasına (HSYK) seçkiləri ərəfəsində yuxunda Məhəmməd Peyğəmbərlə görüşdüyünü deyib.
 
“2014-cü ilin oktyabr ayında keçirilən HSYK seçkilərindən öncə Ankaradan bir adam gəldi. Adını bilmirdim. Dedi ki, Fətullah Gülən yuxusunda Kəbəyə gedib, orada Peyğəmbərimizlə görüşüb. Peyğəmbərimiz ona “səni incidirlər?” deyib, o da “bəli” mənasında başını yelləyərək, ağlamağa başlayıb. Peyğəmbərimiz də ona “narahat olma, az qaldı” deyə cavab verib. Ankaradan gələn adam bunu danışaraq, seçkilərdə mütləq tərəfsiz şəxslərin qazanacağını, onlara səs verməyimizi dedi”, - deyə T. D. qeyd edib.
 
Türkiyə amerikalı casusun həbs olunması üçün hərəkətə keçib
 
FETÖ-ya qarşı mübarizə çərçivəsində Türkiyədə 15 iyul dövlət çevrilişi planını idarə etdiyi deyilən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş casusu Henri Barkey haqqında cinayət işi açılıb. Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyə üzrə keçmiş mütəxəssisi Henri Barkey çevrilişə cəhd edilən günün axşamı İstanbul “Büyükada Splendid Palace” otelində olub. Dövlət çevrilişi planı baş tutmayandan sonra H. Barkey iyulun 18-dən 19-na keçən gecə səhər saat 04:05-də Atatürk Hava Limanından Türkiyəni tərk edib.
 
FETÖ lideri Fətullah Gülən isə ikinci həmləyə hazırlaşır.
 
Avqustun 14-də AKP-nin yaranmasının ildönümündə Ərdoğanı devirəcəklər.
 
Məlumata görə, 15 iyul dövlət çevrilişinə öncədən işarələr verən FETÖ üzvləri indi də 14 avqust tarixini xüsusi vurğulayırlar. Belə ki, FETÖ lideri Fətullah Gülənin son söhbətində “səbir edin” deməsi də burada diqqət çəkir.
 
Türkiyə mediası yazır ki, Gülən “səbir edin” deməklə yeni təlimat verir.
 
“Nə qədər ağır olsa da, dişini sıx, səbir et. Yumurtaların yuvada 20 gün çevrildiyi kimi səbir et”, - deyə Gülən bildirib.
 
Onun işarə verdiyi tarixin 14 avqust olduğu ehtimal olunur. Hansı ki, 14 avqust AKP-nin yaradıldığı gündür.
 
FETÖ-ya məlumat ötürdüyünə görə həbs olunan Nazirlər Kabinetinin keçmiş məmuru Akif Mustafa Koçyiğitin adına açılan “Twitter” hesabda yazılanlar da diqqət çəkir: “14 avqust AKP-nin yaradıldığı gündür. Bu tarixdə məğlub olacaqlar”.
 
 
50 illik gizli əlaqəyə malik olan Gülən-Mossad araşdırmaçını necə öldürdü?
 
Bu haqda türkiyəli yazar Ömer Lekesiz deyib.
 
Onun sözlərinə görə, araşdırmaçı Yaşar Kutluay 1969-cu il 12 dekabr tarixində Silifkə çıxdığı balıq ovundan geri qayıtmadı.
 
“Bu gizli ittifaqın ilk qurbanı Yaşar Kutluay oldu. Kutluay 1965-ci ildə İslam və yəhudilik məzhəblərinin qarşılaşdırılması ilə bağlı araşdırma apardı. 1967-ci ildə isə sionizm və İsrailin yaradılması üzərində tədqiqat apardı. Kutluay sionizmlə yanaşı, Səid Nursi haqda da araşdırmalar aparırdı. Bundan narahat olan İsrail kəşfiyyatı onu qaçırdı. Kutluay 1969-cu il 12 dekabr tarixində Silifkə çıxdığı balıq ovundan geri qayıtmadı. Onun bu araşdırmalardan sonra yoxa çıxması Fətullah Gülənin İsrail gizli xidmət orqanları ilə əlaqəsinin tarixinin 50-60 il olduğunu deməyə əsas verir”, - deyə o bildirib.
 
Türkiyədə Telekommunikasiya Birliyi (TİB) ləğv olunacaq.
 
Bu barədə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
 
Onun sözlərinə görə, bütün problemlərin olduğu yerlərdən biri də TİB-dir.
 
Ərdoğan TİB-in səlahiyyətlərinin BTK-ya (Bilik Texnologiyaları və Əlaqə Quurumu) veriləcək.