Putinin bu “resepti” bizimçün tamamilə qeyri-məqbuldur – Şərh

 
Vladimir Putinin irəli sürdüyü bu təklif həm Donbas, həm də dolayısıyla Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ probleminə aiddir.
 
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
 
O qeyd edib ki, bu bölgələr içərisində təkcə Moldova separatçılarla danışıqlara meyillənir:
 
“Bu da Moldova prezidentinin timsalında baş tutur. Digər bölgələrdə, xüsusən Dağlıq Qarabağ bölgəsində separatçılarla danışıqlara getmək Azərbaycan üçün tamamilə qeyri-məqbuldur. Çünki Azərbaycanda müharibə gedib, separatçı bölgənin hüdudlarından kənarda böyük ərazilər işğal edilib və 1 milyondan çox azərbaycanlı həmin ərazilərdən çıxarılaraq onların var-dövləti qarət olunub. Putinin Donbas məsələsində etdiyi təklif, məncə, Ukrayna tərəfindən qəbul edilməyəcək. Əgər Rusiya qoşunlarını Donbasdan çıxarsaydı və Donbas separatçıları kənardan dəstək görməsəydilər, bəlkə də danışıqlara gedib həmin ərazinin statusu barədə razılığa gəlmək mümkün olardı. Mən Ukraynanın platformasını dəqiq bilməsəm də, hər halda buna gedilərdi. Bunu Dağlıq Qarabağ məsələsinə də aid etmək olar. Tutaq ki, erməni qoşunları həm Dağlıq Qarabağ, həm də digər işğal edilmiş ərazilərdən geri çəkilsə, qondarma DQR tamamilə Azərbaycanın tərkib hissəsi kimi qalsa, onunla danışıb vəd etdiyimiz yüksək özünü idarəetmə statusunu verə bilərik. Amma yaranmış şərait elədir ki, erməni qoşunları Azərbaycanın bu ərazilərini zəbt edib, müəyyən məskunlaşma siyasəti aparıb”.
 
Q.Hüseynli bildirib ki, erməni qoşunları Azərbaycan əarzilərində qaldıqca qondarma separatçılarla danışıqlara getmək Azərbaycan tərəfindən çətin mümkün olar:
 
“Ümumiyyətlə, Putin bu “resepti”ni irəli sürməklə təsdiq edir ki, postsovet məkanındakı aqressiv separatizmin müəllifi bilavasitə Kremldir. Bu həll variantları da Kreml tərəfindən irəli sürülüb və onların himayəsində olan tərəf üçün əlverişlidirsə, ərazisi işğala məruz qalmış ölkələr üçün tamamilə qeyri-məqbuldur”.
 
Qeyd edək ki, Rusiya Prezidenti dekabrın 14-də keçirdiyi geniş mətbuat konfransında Ukrayna hakimiyyətinin Donbasın liderləri ilə dialoq qurmalı olduğunu bildirib. O qeyd edib ki, dünyanın heç bir münaqişəsi qarşıduran tərəflərin dialoqu olmadan həll olunmur. Bu cavabla V.Putinin Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını da müəyyənləşdirmək olar. Belə çıxır ki, Rusiya Prezidenti Qarabağ münaqişəsinin həllində də rəsmi Bakının məhz Qarabağdakı separatçılarla dialoqunu vacib sayır.
 
Müəllif: Səxavət Həmid

Загрузка...
Загрузка...