Putin varisini açıqladı

 
Rusiyanın növbəti prezidenti gənc, eyni zamanda yetişkən olmalıdır.
 
Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
 
Kremlin mətbuat xidmətinin məlumatına görə, Putinin özü 2018-ci ildə seçkilərdə iştirak edib-etməyəcəyinə hələ qərar verməyib.
 
“Mən hələ bu barədə qərar verməmişəm. Qarşıdan parlament seçkiləri gəlir. Bu seçkiləri keçirmək və nəticəyə baxmaq lazımdır. Hətta bundan sonra bizim qarşımızda demək olar ki, iki il var. Qarşıya qoyulan planlar və məsələlərin reallaşdırılması üçün işləmək lazımdır. İnsanların yaşayış səviyyəsini artırmaq, iqtisadiyyatı inkişaf etdirmək, ölkənin müdafiə qabiliyyətini artırmaq lazımdır. Bu məsələlərin həllindən asılı olaraq 2018-ci ildə qərar verəcəyik. Buna görə də bu haqda danışmaq hələ tezdir”, - prezident əlavə edib.
 
Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin (VSİOM) bu ilin martında keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 74 faizi ən yaxın seçkilərdə Putini dəstəkləməyə hazırdır. Respondentlərinin 15 faizi onun namizədliyini dəstəkləmədiyini bildirib, 11 faizi isə bu suala cavab verməyib.
 
Bir neçə gün əvvəl “Daily Mirror” nəşri yazıb ki, Krımın baş prokuroru Natalya Poklonskaya “Vahid Rusiya” Partiyasının dəstəyi ilə Dövlət Dumasına seçkilərə öz namizədliyini irəli sürmək niyyətindədir. Nəşr qeyd edir ki, Krımın baş prokuroru 2018-ci ildə keçiriləcək prezident seçkilərində potensial namizəddir. 36 yaşlı Poklonskaya artıq “Forbes” jurnalı tərəfindən dərc edilmiş ən perspektivli siyasətçilərin siyahısına girib.
 
O, Ukrayna baş prokurorluğunda tutduğu vəzifədən istefa verdikdən sonra Krımın baş prokuroru vəzifəsinə təyin edilib. “Mənə Ukraynada yaşamaq və işləmək ayıbdır. Burada küçələrdə faşistlər gəzir və hakimiyyətə öz qaydalarını diktə edə bilirlər”, - o, bildirib.
 
Nəşrin yazdığına görə, Natalya Poklonskaya xarici görünüşü və gəncliyi sayəsində internetdə yüksək reytinq qazanıb. Ona mahnılar, şeirlər və animasiya filmləri həsr edilib.