Putin-Tramp münasibətləri necə olacaq? - PARADOKS

 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə köçəndən sonra  Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinin hansı səviyyədə olacağı maraq doğurur. Seçki prosesində ruspərəst mövqe sərgiləyən Trampın prezidentlik dövründə Putinlə yaxından əməkdaşlıq etməsi beynəlxalq siyasi mənzərəni dəyişə bilər. 
 
Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu "The Guardian" nəşrində bununla bağlı maraqlı məqalə dərc olunub:
 
"Səhnəni təsəvvür edin: 2017-ci ilin martında Donald Tramp Vladimir Putinlə bir neçə saatlıq danışıqlardan sonra Ağ Evin qapısından çıxır. Jest və mimikalarında heç bir gərginlik yoxdur - onlar bir-birinə xoş münasibət bəsləyirlər. Tramp brifinqdə jurnalistlərə deyir ki, Rusiya İŞİD ilə mübarizədə strateji tərəfdaşımızdır.
 
Rusiya prezidenti Vladimir Putin üçün problemi birbaşa,  demokratiya, insan haqları və Yaxın Şərq məsələsini danışıqlara qatmadan, həll etmək vacibdir. Moskva bu formada amerikalı həmkarları ilə münasibətləri qurmaq istəyir. Ancaq bu günə kimi belə imkan ələ düşməyib.
 
Donald Trampın seçilməsi Rusiya üçün daha da cəzbedici oldu. Bununla yanaşı skeptiklər düşünür ki, Trampın seçilməsində yaxşı olmayan bəzi cəhətlər var. Hillari Klinton seçiləcəyi halda, iki ölkə arasındakı münasibətlər yaxşılaşmasa da, bunun hansı formada davam edəcəyi məlum idi. Ancaq Trampın oyun qaydalarının formatı heç kəsə məlum deyil.
 
Trampdan rəğbət və ya hədiyyə gözləməyə dəyməz: O, vətənpərvər, praqmatik və biznesmendir, ideoloq deyil. Realist işgüzar dili yaxşı başa düşməlidir. Klinton konfliktdən çıxış üçün ABŞ və Rusiyaya həyəcanlı perspektivləri, Tramp isə bu planlardan çıxmağı  təklif edirdi. Tramp həmçinin "Xaosun namizədi" kimi göstərilirdi və bildirilirdi ki, o, istənilən vaxt Qərb ölkələri arasında birliyi poza bilər".
 
Beynəlxalq ekspert Vladimir Frolovun fikrincə, bu, ABŞ-da qeyri-sabitlik dövrü yaradacaq və onun bütün dünyada təsirini azaldacaq: "Bu dövrdə ABŞ-ın müttəfiqləri ilə münasibətləri gərgin, ancaq Rusiya ilə yaxşı olacağı gözlənilir".
 
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov hesab edir ki, Putin və Tramp xarici siyasətə konseptual yanaşmaya yaxındırlar.
 
Nəşr iddia edir ki, bununla yanaşı, iki liderin münasibətlərində nəsə düzgün getməsə, ola biləcək riskləri hesablamaq çox çətindir: "Nə Trampı, nə də Putini qabığı nazik adlandırmaq olmaz. Onların gözlənilməz böhran vəziyyətində ata biləcəyi addımlar məlum deyil. Bu zaman onların sərəncamında dünyanın iki ən iri nüvə arsenalına sahib silahı olacaq".