“Putin sözünü deyib, top Türkiyə tərəfdədir” - MÜSAHİBƏ

Politoloq Rasim Ağayev Rusiya-Türkiyə münasibətlərinin hazırkı durumu və gələcək inkişaf perspektivləri ilə bağlı Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:
– Rasim müəllim, Rusiya-Türkiyə münasibətlərinin çağdaş durumunu necə qiymətləndirmək mümkündür?
– Bir gün əvvəl Vladimir Putin çıxışında açıq-aşkar Türkiyə ilə əlaqələri tənzimləməyə çalışdıqlarını bildirdi. Bundan əvvəl Türkiyənin iqtidar yetkililərindən bir neçəsini çıxmaqla əksəriyyətindən belə fikirlər gəlirdi ki, təyyarə olayı çox xoşagəlməz hal oldu və Türkiyənin iqtisadi əlaqələrinə ciddi ziyan vurdu. Yəni, hər iki tərəfdə belə fikirlər var ki, məsələ həllini tapmalıdır. Moskva bu fikirdədir ki, Türkiyə həmin hadisədə günahkar tərəfdir. Yəni, təyyarəni vurmamaq da olardı. Rusiya istəyərdi ki, məsələ tənzimlənsin. Çünki Qərbin sanksiyaları Rusiyada çox ciddi çətinliklər yaradıb. Ancaq indi dilimizə dəb düşən bir söz var; top Türkiyə tərəfdədir. Putin sözünü deyib. Türkiyə də əgər həqiqi mənada istəyirsə ki, keçmiş həcmdə də olmasa, əməkdaşlıq əlaqələri bərpa olunsun, gərək Ərdoğan hansısa addım atsın və münasibətləri bu çətin vəziyyətdən çıxara bilsin. Çünki bu hadisə hər iki tərəfə ziyan gətirib. İndi kimə çox, kimə az ziyan gətirib, bu, başqa məsələdir. Ancaq iki ölkənin əlaqələrin normallaşmasına ehtiyac var.
 Bu vəziyyətdən türkiyəli iş adamları çox narazıdırlar. Mənə elə gəlir ki, bu işin arxasında başqa qüvvələr var. Onlar Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını istəmirlər. O cümlədən erməni, Qərb, Amerika qüvvələri bunda maraqlıdırlar. Çünki Rusiya Türkiyə üçün geniş, tükənməz bir bazardır. Sən nə üçün bundan imtina edirsən, başa düşmürəm. Bu məsələnin bir tərəfidir. İkinci məsələ isə ondan ibarətdir ki, Rusiya Türkiyədəki hökumətin islam meyilli olduğunu nəzərə almalıydı. Müsəlmanlar Rusiyada ikinci ən böyük dini icma mənsublarıdır. Ümumiyyətlə, Rusiyada ruslardan sonra sayına görə ikinci yerdə dayananlar türkdilli xalqlardır. Bunu da unutmaq lazım deyil. Bu amilin münasibətlərin inkişafında rolu böyük idi. Nəyə görə belə oldu? Bəlkə də, Rusiya-Türkiyə əlaqələrinin pozulmasında maraqlı olan qüvvələr elə bunu nəzərə alaraq belə bir vəziyyət yaratdılar. Hər halda bu vəziyyətdən çıxmaq lazımdır və hiss edirəm ki, nə isə bu istiqamətdə işlər görülür. Təbii ki, bu məsələni aradan qaldırmaq zaman tələb edir.
 – Yəni, gərginlik hələ bitməyib…
– Əgər Türkiyə geri addım atarsa, gərginlik bitər. Söhbət bundan gedir. Götürüb qırıcını xəbərdarlıqsız vurmusan. 17 saniyə sənin ərazinin üstündən keçib. Müharibə gedir, orda faktiki olaraq o boyda iş görülür. İndi xırdalasaq, burda çoxlu məsələlər ortaya çıxır. Ancaq mənə elə gəlir ki, gərək ilk növbədə bugünki deyil, perspektiv məsələləri də nəzərə alasan. Hamı Rusiyanın üstünə düşüb, sən də qoşulmusan bunlara. Bunun axırı necə olacaq? Hər halda mənə elə gəlir ki, bu o qədər də düşünülmüş addım deyildi.
 – Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin normallaşması işinə töhfə verə bilərmi?
– Şübhə etmirəm ki, Azərbaycanın bu məsələdə rolu ola bilər. Diplomatik yollarla lazımı addımlar atır. Ola bilsin ki, hətta müəyyən vasitəçilik də edir. Çünki Rusiya-Türkiyə əlaqələrinin pozulması Azərbaycanın maraqlarına cavab vermir. Ancaq yenə də mənə elə gəlir ki, Azərbaycanın bununla bağlı imkanları məhduddur. Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələri yaxşıdır. Hansısa şərait yaransa, hansısa dönüş baş versə, Azərbaycanın rolu burda çox güclü olacaq.
 – Türkiyədə yeni hökumət formalaşdı. Yeni baş nazir Rusiya ilə münasibətlərin normallaşması işinə töhfə verə bilərmi?
– Burda əsas məsələ bilavasitə Ərdoğanla bağlıdır. Ərdoğanla Putin arasında şəxsi münasibətlər yaranmışdı. Putin bunu açıq etiraf edirdi. Hökumət o zaman hərəkət edə biləcək ki, prezident bu istiqamətdə iradə ortaya qoysun. Siz bilirsiniz ki, Ərdoğan adi deyil, çox geniş səlahiyyətlərə malik prezidentdir. Onun bu məsələdə rolu olmasa, məsələ yerindən tərpənə bilməz.
 – Hökumətin özünün tərkibi ilə bağlı dəyərləndirməniz nədən ibarətdir?
– Hökumət  peşəkardır. Onun addımlarına qiymət vermək üçün gərək bir qədər gözləyək. Ancaq baş naziri peşəkar bir xadim kimi təqdim edirlər. Təcrübəli və Ərdoğanın istədiyi insandır. Burda fikir ayrılığı ola bilməyəcək. Bu da Türkiyə üçün vacib məsələdir. Çünki hamıya bəllidir ki, Ərdoğanla işləməyi hər adam bacarmır. Onun siyasi xəttində elə məqamlar var ki, onu hər adam qəbul edə bilmir. Onunla baş-başa gəlib, Türkiyəni idarə etmək istəyən adam gərək bunu nəzərə alsın. Bundan sonra nəsə bir söz demək olar.
 – Yəni, Ərdoğan xaraktercə çətin adamdır?
– Təbii…
 – Nədən bu qənaətə gəlmisiniz?
– Onun bəzi hərəkətlərindən. Məsələn, İsraillə, Rusiya ilə münasibətləri pozmasından. Bunlar vacib ölkələrdir. Yəhudilərlə Türkiyənin yüz illərlə yaxşı əlaqələri olub. İsrail blokadada olanda Türkiyə hər zaman onunla əlaqə saxlayıb. İsraillə münasibətləri pozmaq nəyə lazım idi? Amma Ərdoğan özü çox güclü siyasi xadimdir və şəxsiyyət kimi də güclüdür. Güclü olanda da Türkiyə kimi ölkədə istər-istəməz çətinliklər, konfliktlər yaranır və hər adam da bunu qəbul etmir.
- See more at: http://teleqraf.com/news/99112#sthash.H1eiRpBP.dpuf