Putin seçki üçün “döyüşür”

Baxış sayı: 
158

 
    
 
Rusiya prezidenti Vladimir Putin Suriyadan qoşunların əsas hissəsinin tezliklə çıxarılmasını tapşırıb.Bu haqda İtaliyanın “La Stampa” qəzeti diplomatik qaynaqlara istinadən yazır.Rusiya prezidentinin tapşırığına əsasən qoşunlar Suriyadan mart ayında keçiriləcək prezident seçkilərinə qədər çıxarılmalıdır. Putin xarici işlər naziri Sergey Lavrova bu məqsədə nail olmağa imkan verən həll yolları tapmağı tapşırıb. Qəzet qeyd edir ki, bu həll variantlarını tapmaq üçün isə Suriyada Rusiyanın sayəsində hakimiyyətdə qalan Bəşər Əsədin rolunu müəyyən etmək lazımdır.
 
Kremlin patronajlığı altında formalaşdırılan Suriya Xalqları Konqresi çərçivəsində aparılan danışıqlarda Bəşər Əsədin sonrakı taleyinə dair hansı qərarın qəbul olunacağından çox şey asılıdır. Qəzet yazır ki, Putinə Dəməşqdə öz “marionetka”sı lazımdır, lakin bunun Bəşər Əsəd, yaxud başqa biri olacağı onun üçün elə də kritik əhəmiyyət daşımır. Ona görə də siyasi nizamlamaya nail olmaq üçün Moskva Bəşər Əsədin müəyyən mərhələdən sonra hakimiyyətdən əl çəkməsi ssenarisinə razılıq verə bilər. İran isə əksinə, Bəşər Əsədi nəyin bahasına olursa olsun, hakimiyyətdə qalmasını istəyir.
 
“İŞİD Suriyada məhv edildi”
 
Rusiya qoşunlarının Suriyadan çıxarılacağına dair iddianın gündəmə gəldiyi vaxt, Rusiya Müdafiə Nazirliyi İŞİD terror təşkilatına dair ilginc məlumat yaydı.Məlumatda bildirilir ki, Rusiya Silahlı Qüvvələri Suriyada İŞİD-in məhv edilməsi tapşırığını yerinə yetirib. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy bununla bağlı keçirilmiş brifinqdə bildirib ki, son ayda Əbu Kamal şəhəri və Yefrat çayının sahilində olan bir sıra yaşayış məntəqələri terrorçulardan azad edilib: “Artıq Suriyada İŞİD-in nəzarətində olan yaşayış məntəqəsi yoxdur. İŞİD-in məhvinin son mərhələsi Rusiya Hərbi Kosmik Qüvvələri aviasiyasının miqyasına və döyüş gərginliyinə görə bənzəri olmayan əməliyyatları ilə müşayiət olunub.Döyüş təyyarələrimiz gündəlik 100 uçuş keçirib və 250 aviazərbə endirib”.
 
Rusiya Suriyadan niyə çıxır?
 
Suriyada müharibənin başladığı 2011-ci ildən Rusiya o iddiasını müdafiə edir ki, Bəşər Əsəd terrorizm bu ölkədə məhv edilənədək və nəzarətdən çıxmış ərazilər Əsəd rejiminin nəzarətinə qaytarılanadək müdafiə olunacaq.Demək olar ki, Rusiya qarşısına məqsəd qoydu.Suriyada terrorizmin əsas dayaq nöqtəsi olan İŞİD neytrallaşdırıldı, ən-Nüsra sıxışdırıldı.Hazırda müharibə lokal şəkildə Əsəd ordusu və silahlı müxaliflər arasında gedir.Suriyaya nəzarətin 80%-dən çoxu Əsəd rejiminə qaytarıldı.Başqa sözlə, Rusiya Suriyada üstünlüyünü təmin edib. Lakin ordunun əsas hissəsini, belə desək, Əsədi dəstəkləyən qismini Suriyadan çıxarsa da Ləzgiyyədəki hərbi bazası, “S 300” və “S 400” raket hücumlarından müdafiə sistemləri burada qalır.
 
Yəni, bu vəziyyətdə qalır Əsədin beynəlxalq səviyyədə legitmliyinin tanınmasına, bunun Cenevrə danışıqlarında müzakirə ediləcəyi gözləniləndir.
 
“Rus ordusu Rusiyaya qalib kimi qayıdır”
 
Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, beynəlxalq təzyiqlərə baxmayaraq, müttəfiqi Bəşər Əsədi dəstəkləyən Rusiya Suriya böhranında uğura imza atıb. O, Rusiyanın proseslərin içində həlledici mövqeyə sahib olduğunu diqqətə çatdırıb:
 
 
 
“Rusiyanın proseslərə müdaxiləsi, onun beynəlxalq siyasi arenada söz sahibi olmasına gətirib çıxardı. Təbii ki, Kremlin bu siyasəti Qərb tərəfindən iqtisadi sanksiyalarla qarşılandı.Buna baxmayaraq, Rusiya Suriyada böyük uğur qazandı.Artıq Suriyada İŞİD xofuna son qoyulub və xilafət xülyası arxivə göndərildi.Demək olar ki, İŞİD-in əlində heç bir şəhər və strateji əhəmiyyət kəsb edən ərazi qalmayıb.İrimiqyaslı müharibə başa çatıb.Digər yandan, rus hərbçilərini Suriyada saxlamaq böyük maliyyə tələb edirdi.Bu da Rusiyada sosial vəziyyəti ağırlaşdırırdı.Beləliklə, Putin seçkilərədək daxili narazlıqlara son qoymaq üçün Suriyadan ordunun əsas hissəsinin çıxarılmasına çalışır.Artıq burada böyük sayda ordunun qalmasına ehtiyac görülmür.Hesab edirəm ki, Putin seçkiyə kimi Suriyadakı rus qüvvələrinin sayını azaltmaqla, öz reputasiyasını qoruyacaq və rus ordusu Rusiyaya qalib kimi qayıdacaq.Bu da Putinin nüfuzunun artırılmasına hesablanıb.Hesab edirəm ki, Rusiya ABŞ-la Cenevrə danışıqları prosesində anlaşma əldə edəcək”.
 
Mənsur
 
Cebhe.info

Загрузка...
Загрузка...