Putin erməni jurnalistlərə söz vermədi… – Şərh

Rusiya Prezidenti Vladimir Putin ildə bir dəfə geniş mətbuat konfransı keçirməklə mətbuata və ictimaiyyətə açıq olduğunu sübut etməyə çalışır.
 
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin şərhində əksini tapıb.
 
Qeyd edilib ki, budəfəki mətbuat konfransı maraqsız olub:
 
“Bunu qeyri-rəsmi söhbətlərdə zalı tərk edən jurnalistlərin əksəriyyəti etiraf edib. Putin bu mətbuat konfransında yeni heç nə demədi. Rusiya prezidenti faktiki olaraq ötən il eyni mətbuat konfransında dediklərini təkrarladı. Doğrudur, müxalif fikirli bir neçə jurnalistin sualına şərait yaradıldı, ancaq ya prezidentin cavabları tam olmadı, ya da onların səsini yaltaq suallar hesabına boğdu. Məsələn, Putin ukraynalı jurnalistin Rusiyanın Donbas separatçılarına verdiyi dəstəklə bağlı sərt sualına cavab vermədən əvvəl hakimiyyətin nəzarəti altında olan RİA-Novosti agentliyinin sualını eşitmək istədi. Putin ikisinə eyni zamanda verdiyi cavabda yenə bütün günahı Ukrayna hakimiyyətinin üzərinə yıxdı və yenidən keçmişdə Ukrayna adlı dövlətin olmadığına eyham vurdu. Onun bu fikirlərində də yeni heç nə yox idi.
 
Mətbuat konfransında iştirak edən jurnalistərdən birinin “Atlas” Araşdırmalar Mərkəzinə verdiyi məlumata görə, bir xeyli jurnalist Putinə Qüds ətrafında yaranmış vəziyyətlə bağlı sual vermək istəyirdi. Ancaq Putin bu mövzuda heç bir suala cavab vermədi. Putin Qüds məsələsində ehtiyatlı mövqeyini qoruyur”.
 
Bildirilir ki, mətbuat konfransında diqqət çəkən digər məqamlardan biri erməni jurnalistlərin çoxluğu idi:
 
“Ancaq onlar da Rusiya Prezidentinə sual verə bilmədilər. Görünür, Ermənistanın Avropa İttifaqı ilə imzaladığı saziş Rusiyanın hakimiyyət dairələrində birmənalı qarşılanmayıb. Halbuki, Moskva İrəvanın Brüssellə saziş imzalamasına etiraz etməmişdi. Buna baxmayaraq, saziş imzalandıqdan sonra Rusiya hakimiyyətinin nəzarətində olan televiziya kanalları Ermənistan sərt tənqid etdilər, bu ölkənin Avrasiya İqtisadi Birliyinin üzvü olmasına rəğmən, Avropa İttifaqı ilə saziş imzalamasının yanlış olduğunu bildirdilər”.
 
“Atlas” V.Putin mətbuat konfransında söylədiyi fikirləri qısaca olaraq aşağıdakı şəkildə qruplaşdırıb:
 
“Birincisi, Putinin sözlərindən anlaşıldı ki, Donbas separatçılarına dəstək davam edəcək. Putinin bu fikri diqqət çəkdi:
 
“Ukrayna hakimiyyəti Donbasın liderləri ilə dialoq qurmalıdır. Dünyanın heç bir münaqişəsi qarşıduran tərəflərin dialoqu olmadan həll olunmur”. Bu cavabla Putinin Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını da müəyyənləşdirmək olar. Belə çıxır ki, Putin Qarabağ münaqişəsinin həllində də rəsmi Bakının məhz Qarabağdakı separatçılarla dialoqunu vacib sayır. Əgər Donbas separatçılarının arxasında Rusiya dayanırsa, Qarabağ separatçılarının da arxasında Ermənistan dayanır. Necə ki, Ukrayna hakimiyyəti bu faktora görə Donbas separatçıları ilə dialoq aparmır, eləcə də Azərbaycan hakimiyyəti Qarabağ separatçılarının kənardan idarə olduğunu bildirir və bu səbəbdən onlarla müzakirələr aparmır.
 
İkincisi, Putin dedi ki, Rusiya müxtəlif mövzularda ABŞ-la dialoqu genişləndirməyə hazırdır, ancaq Vaşinqton vəziyyəti daha da gərginləşdirməkdə davam edir. Vaşinqtonun mövqeyi bəllidir: Rusiya Krımdan imtina edəcəyi halda Rusiya ilə genişmiqyaslı dialoq bərpa olunacaq. Putun Krımdan imtina etməyəcək. Bu isə o deməkdir ki, Putinin Vaşinqtonla arzuladığı dialoq baş tutmayacaq.
 
Üçüncüsü, Putin yenə də Rusiya iqtisadiyyatının inkişaf etdiyini, sosial durumun yaxşılaşdığını bildirdi. Halbuki, jurnalistlərin suallarından da aydın idi ki, Rusiya iqtisadiyyatında, bank sistemində və sosial həyatında hələ xeyli problem var”.
 
Yazıda V.Putinin mətbuat konfransında cəmi bir dəfə aqressivlik nümayiş etdirdiyi vurğulanır:
 
“Ona Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili haqqında sual verildikdə Putin onun ünvanına sərt ifadələr işlətdi. Putin Saakaşvilini şəxsi düşməni hesab edir. Ancaq Putinin bu fikirlərində də yeni heç nə yox idi. Rusiya Prezidenti əvvəlki mətbuat konfranslarında da Mixail Saakaşvili haqqında ən sərt ifadələr işlətmişdi”.
 
Müəllif: Səxavət Həmid

Загрузка...
Загрузка...