Putin Dövlət Dumasının və Federasiya Şurasının qəbul etmədiyi qanunu təsdiqləyib

 
Rusiya prezidenti Vladimir Putin  Dövlət Duması tərəfindən qəbul edilməmiş və Federasiya Şurası tərəfindən bəyənilməmiş qanunu imzalayıb. Prezident Aparatı hazırda bu anlaşılmaz halı araşdırır.  
 
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, Vladimir Putinin Milli Qvardiyanın yaradılması ilə bağlı imzaladığı qanunlardan birinin mətni Dövlət Duması tərəfindən qəbul edilmiş və Federasiya Şurası tərəfindən bəyənilmiş qanunun mətnindən fərqlidir. 
 
Məlumata görə, fərq özünümüdafiə odlu, habelə ov, idman və pnevmatik silahın saxlanılması üçün verilən icazənin müddəti ilə bağlıdır. Belə ki, parlamentin qəbul etdiyi sənəddə bu müddət 10 il, prezidentin imzaladığı sənəddə isə 5 il göstərilib.  
 
“Kremldə bu araşdırılır”, - deyə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O, aparılan araşdırmadan sonra qanundakı ziddiyyətlə bağlı açıqlama veriləcəyini vəd edib.